Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin saat 11-də başlaması nəzərdə tutulsa da proses saat 15:00-da başladı.

Zərərçəkmiş tərəf ötən məhkəmə prosesində bu iş üzrə müstəntiqlər İbrahim Ləmbəranski, Vüqar Nəsibov və Ramin Qurbanovun dindirilməsi ilə bağlı vəsatət qaldırmışdı. Hakim vəsatəti təmin etsə də adıçəkilən müstəntiqlər bugünkü prosesdə ifadə verməyə gəlmədilər. Zərərçəkmiş tərəf buna etiraz etdi. Hakim isə cavabında bildirdi ki, hər üç müstəntiq nöbvəti məhkəmə prosesinə mütləq gəlməli və ifadə verməlidir.
Məhkəmədə daha sonra Eldar Rəhimov və Elxan Abbasov əlavə şahidlər kimi ifadə verdilər.E.Rəhimov ifadəsində zərərçəkmiş Ramazan Səlimovu çoxdan tanıdığını və şərikli bizneslərinin olduğunu dedi. Şahidlər hakimin və tərəflərin suallarını cavablandırdılar.
Məhkəmə fevralın 17-nə təxirə salındı.
Qeyd edək ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.
Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.


Şərhlər