Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla çoxsaylı itkilər verən kəşfiyyat-təxribat qrupu geri çəkilməyə məcbur edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.

“Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.

Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir”-deyə Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

Qeyd edək ki, ötən gün Ermənistan ordusu itki verdiyi Ermənistan KİV-i də təsdiqləyib. Erməni mətbuatı saat 19:55-də 24 yaşlı Tiqran Simonyanın işğal olunmuş Qarabağ ərazisində xidmətdə olarkən ölümcül yara aldığını bildirib. Bir qədər sonra hərbçi ölüb. Ermənistan Müdafiə Nazirliyi insidentlə bağlı təhqiqata başladığı da qeyd olunub.

Qeyd edək ki, son vaxtlar Ermənistan ordusu cəbhədə xeyli sayda itki verir. Təkcə yanvar ayında düşmən ordu 20-dən çox hərbi qulluqçusunu itirib. Onlarla yaralısı var.

Onu da qeyd edək ki, son aylar cəbhədə ermənilərin təxribatlar ara vermir. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub. Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Şıxlar, Qaraqaşlı, Novruzlu, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.Düşmən cavab atəşi ilə susdurulub.

Rasim Əliyev

AzPolitika.info