Menu

“ABŞ-la münasibətləri kəskinləşdirməyə çalışırlar” - Əli Həsənov

12.02.2015, 14:21

“Biz Azərbaycanla ABŞ arasında gərgin münasibət müşahidə etmirik”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, ayrı ayrı-ayrı ekspertlər, hüquq müdafiə təşkilatları nələrsə müşahidə edə bilər, amma Azərbaycanla ABŞ arasında beynəlxalq sülhyaratma proseslərində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər dənizi və Cənubi Qafqazın transmilli nəqliyyat kommunikasiya xətlərinin birgə formalaşması, texniki istismarında və digər məsələlərlə bağlı əməkdaşlıq davam edir: “O cümlədən Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə də əlaqələr davam edir. Bəzi dairələr var ki, bu münasibətləri kəskinləşdirməyə çalışır, ABŞ mətbuatında ara-sıra neqativ yazılar dərc etdirir. Həmin yazılar bir qayda olaraq real gerçəklikləri əks etdirmir, münasibətləri korlamaq istəyən ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında hazırlanır. Biz bunların qarşını almağa çalışırıq və düşünürük ki, ABŞ hökuməti də buna çalışır”.

ABŞ-da Azərbaycanla bağlı müxtəlif dinləmələrin keçirilməsinə münasibət bildirən Ə. Həsənov bunun normal olduğunu deyib: “Bizim parlament də, QHT-lər də ABŞ-dakı proseslər barədə dinləmələr keçirir. Lazım olsa, biz də hökumət olaraq keçirə bilərik. Müasir, demokratik, siyasi, plüralist normaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. Qoy, ABŞ-da Azərbaycanın həyatını olduğu kimi təhlil etsinlər. Biz də orda olan prosesləri olduğu kimi təhlil edib, münasibət bildiririk.

Sadəcə olaraq, belə müzakirələr keçirməyin prinsipial məqamları var. Müzakirələrə təkcə anti-Azərbaycan qüvvələri deyil, Azərbaycandakı mövcud vəziyyəti doğrudan bilən insanları da dəvət etmək lazımdır. Müzakirələr birtərəfli yox, neytral qaydada təşkil olunmalıdır”.

Əli Həsənov daha sonra deyib:“Biz QHT-ləri qərbyönümlü, şərqyönümlü olmalarına görə təsnif etmirik. Azərbaycanda qeydiyyatdan keçmiş, qeydiyyatdan keçməmiş, eyni zamanda şəffaf və qeyri-şəffaf fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var. Bununla yanaşı, fəaliyyətlərində QHT haqqında qanunvericiliyi rəhbər tutan QHT, eyni zamanda sifarişlə işləyən QHT mövcuddur. Bizim təsnifat bu şkala üzrə aparılır və onların hər birinə yanaşma da buna uyğun formalaşır”. .

Ə. Həsənovun sözlərinə görə, Azərbaycan hökuməti istəyir ki, ölkədə hər bir təşkilatın fəaliyyəti şəffaf olsun, hər bir təşkilatın fəaliyyətində qanunlara sayğı, hörmət göstərilsin.

Şöbə müdiri əfv prosesinə də münasibət bildirərək, bunun davamlı olacağını qeyd edib: “Əfv mütəmadi davam edən prosesdir, Əfv Komissiyası da mütəmadi fəaliyyət göstərən bir qurumdur. Əfv prosesi bundan sonra da davam edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol