“Synergy Group”un törəmələrindən biri də vergisiz zonaya dislokasiya olunub
“Azerbaijan Fibro Cement” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu alıb. Maraqlıdır ki, fibrosement istehsal edən zavod 2014-cü ildən Salyan şossesinin 47-ci kilometrliyində tikilir. Orda 7 ha sahədə tikintinin ikinci mərhələsi idi. İlk məhsul bu ilin II yarısında buraxılmalı idi.


Artıq Sumqayıtda tikiləcək zavodda düz fobrosement panellər, dalğalı panellər, dam örtüyü panelləri buraxılacaq. Onlardan binaların fasad və interyerində istifadə edilir. Material sement, qum və sellüloz lifindən ibarətdir.
Müəssisənin layihə gücü 6 mln m2-dir. Burda 150-200 nəfər çalışacaq.
Qanunvericiliyə əsasən, sənaye parklarının rezidentləri əsas vergilərdəna zad edilir.

Qeyd edək ki, “Synergy Group” ASC-nin hansı oliqarxa məxsus olduğu açıqlanmasa da, səhmlərinin 99%-nin Əşrəf Kamilov adlı birinə məxsus olduğu məlumdur. Bəzi məlumatlara görə isə, şirkət vergilər naziri Fazil Məmmədovun nəzarətindədir. Başqa faktlar da bunu təsdiqləyir.
Belə ki, Əşrəf Kamilovun həm də “AtaBank” ASC-nin 8%, “Bank VTB-nin (Azerbaijan)” 0,1% səhminə sahib olduğuna dair məlumatlar var. Daha maraqlı məqam isə odur ki, “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 2012-ci il üçün auditor hesabatında qeyd olunub ki, faktiki olaraq bu şirkəti Əşrəf Kamilov idarə edir.
“Synergy Group” ASC-nin tərkibinə isə Azərbaycan Universiteti kimi böyük ali təhsil müəssisəsindən tutmuş, “Excelsior Hotel Shamkir”ə qədər, çoxlu sayda müxtəlif təyinatlı müəssisələr, şirkətlər daxildir.
Qeyd olunanlara əsasən ehtimal etmək olar ki, “Synergy Group” ASC ilə “AtaBank”ın, “Akkord”un sahibi eyni şəxs və ya eyni çevrədir. Nəzərə alsaq ki, mətbuatda “AtaBank”ın, “Akkord”un sahibi kimi Bakı klanının təmsilçilərinin adları çəkilir, onda “Synergy Group” ASC-nin eyni klana aid olduğu şübhə doğurmaz.


“Synergy Group” ASC-nin tərkibindəki “Excelsior Hotel Shamkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlərin Fazil Məmmədovun kurasiyasında olan Şəmkirdə yerləşməsi isə təsadüfdən daha çox bu Səhmdar Cəmiyyətin vergilər nazirinə bağlılığı ehtimalını yaradır.
Yəni, şirkət şəxsən Fazil Məmmədovun adına olmasa da, onun nəzarətində olduğu şübhə doğurmur. Holdinqin müəssisələrinin bir hissəsinin onun doğma rayonunda yerləməsi də bununla bağlanılır.
Murad Məmmədov
AzPolitika.info.
QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Şərhlər