"Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi qəbul cədvəllərini təhlili edərkən aydın olur ki, bəzi iş günlərində qəbul nəzərdə tutulmur, qəbul saatları ya göstərilmir, ya da son dərəcə qısa vaxtla məhdudlaşdırılır, əlaqə nömrələri qeyd edilmir və digər qüsurlara yol verilir."
Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.
PA rəsmisi deyib ki, Müdafiə Sənayesi, Maliyyə, Kənd Təsərrüfatı nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Hesablama Palatası, Ticarət və Sənaye Palatası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Bakı Ağır Cinayətlər Məhkəməsi, “Azərenerji” ASC, Qaradağ, Sabunçu, Füzuli, Göyçay, Kəpəz, Qəbələ, Neftçala, Tərtər və digər rayonların icra hakimiyyətlərinin qəbul cədvəllərində belə qüsurlar nəzərə çarpır.
Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər nazirliklərində, Baş Prokurorluqda, Bakı şəhərinin Nərimanov, Nəsimi, Səbail rayonlarında, Şəki, Ağdaş, Ağstafa, Cəlilabad, Daşkəsən, Xocavənd, Qobustan, Laçın, Oğuz, Sabirabad, Samux, Şəmkir şəhər və rayonlarında qəbul cədvəlləri daha yaxşı tərtib edilib.
Bəzi yerli icra hakimiyyəti orqanlarının internet saytlarında qəbul cədvəlləri yenilənmir və lazımi informasiyalarla təchiz olunmur.
Məsələn, Xızı və Neftçala rayon icra hakimiyyətlərinin saytlarında cədvəllər əvvəlki illərə aiddir. İmişli RİH-in saytında isə qəbul cədvəli ümumiyyətlə yerləşdirilməmişdir. Qəbul cədvəllərinin ictimaiyyətə çatdırılması məsələsi də vacib olduğuna görə yerli kütləvi informasiya vasitələrində elan edilməsi təmin olunmalıdır.


Şərhlər