Deputat nazirləri sərt ittiham etdi:«Niyə bunlar bizimlə oynayırlar?»
Milli Məclisin Iqtisadi Siyasət Komitəsinin iclasında yanacağın qiymətinin artırılması ilə bağlı məsələ müzakirə olunub. “Qafqazinfo” xəbər verir ki, komitənin üzvü, millət vəkili Vahid Əhmədov bildirib ki, büdcəni cəmi 1 aydır ki, müzakirə etmişik: “Əgər qiymət artımı var idisə, bunu açıq deyərdilər. Biz Iqtisadi Siyasət Komitəsinin üzvləriyik. Bunu bilməliydik. Büdcə müzakirələrində Maliyyə naziri dedi ki, qiymət artımı nəzərdə tutulmayıb. Birdən-birə benzinin qiymətinin 30-33 faiz qalxması nə deməkdir? Artıq bazarlarda 20-30 faiz qiymət qalxıb. Biz ən azından birinci yarım ili gözləməliydik ki, dünya bazarında neftin qiyməti necə dəyişir. Əhali ilə görüşən bizik, onlar narazılıqlarını bizə bildirirlər. Niyə bunlar bizimlə oynayırlar? Belə çıxır ki, millət vəkillərinin dedikləri qəbul etdiyi qərarlar heç kimə lazım deyil. Insanlar çox narazıdır. Bu ölkədə hər şeyə gətirib çıxara bilər”.
Daha sonra millət vəkili qeyd edib ki, o, Iqtisadiyyat və Sənayə nazirinin müavinindən də bu barədə soruşub:
“Sevinc xanımdan dəfələrlə soruşdum ki, artım gözlənilirmi? ”Yox" cavabını verdi. Axırı nə oldu? Qiymətlər qalxdı, bu da xalqın narazılığına səbəb olub. Bununla hökumət deputatları pis vəziyyətdə qoydu".


Şərhlər