Mənzil bazarında dələduzluq edən şirkətlər hansıdır?
Azərbaycan hakimiyyəti tikinti bazarını ayaqda saxlamaq üçün müxtəlif üsullara əl atır. Bir neçə gün mənzil alqı-satqısı prosesinə bəzi dəyişikliklər edildi və bəlli oldu ki, aldığı mənzili 3 ildən tez satanlardan vergi tutalacaq.
Bu günlərdə isə Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərtac”a yazdığı məqalədə mənzil bazarındakı dələduz şirkətlərin adını açıqladı. Onların sırasında “Inşaatçı-GM”, “Qolden”, “Azərtikinti ATF”, “Ideal-Inşaat”, “Şahbulaq”, “Abşeron-1", ”A.E.K", “Xəmsə Inşaat”, “Qaraçay”, “Bios”, “Bəyaz”, “Dərəçiçək”, “Meqa-siti Holdinq”, “Elita-R”, “Gənc”, “R+R”, “Birlik inşaat”, “Ulduz” firmalarının adları qeyd olunub. Bundan başqa İctimai Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərovun qardaşı oğluna məxsus “FOLKLOR”, müğənni Aygün Kazımovanın qardaşı Ələsgər Kazımovun rəhbəri olduğu “Ələsgəroğlu” firmasının adı da PA rəsmisinin məqaləsində hallanıb.
Süleyman İsmayılov daha sonra yazıb ki, “ABC”, “Fuad LTD”, “Kamran”, “Safari-N”, “Yeni Yasamal”, “Effekt Inşaat”, “AENT-E”, “HAYAN-E”, “Klass Azko”, “Badu Kubə”, “Olimpus-AZ”, “Cənnət”, “Xəmsə” və digər tikinti şirkətlərinin fəaliyyətindən də daha çox narazılıq var. Onun sözlərinə görə, bu firmalarla bağlı PA-ya daxil olan müraciətlərdə mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bildiklərindən bəhs edilir.
Süleyman İsmayılov ilk dəfədir ki, bu mövzuya toxunub. Bu da vəziyyətin olduqca kritik olduğunu göstərir. Məsələ burasındadır ki, adıkeçən şirkətlərin əhəmiyyətli hissəsinin arxasında hakimiyyətdəki oliqarx-məmurlar dayanır. Bu baxımdan da vətəndaşların problemi həll olunmamış qalır. Məsələn, azadlıq.infonun məlumatına görə, “Safari-N”, “Olimpius-AZ” şirkətləri “Şərurlu Isfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.Bundan əlavə təkcə “Olimpius-AZ” şirkəti ilə bağlı 12 məhkəmə qətnaməsi olduğu bildirilir. Lakin icra olunmamış qalıb.
Bəs nədən Süleyman Ismayılov sonuncu məqaləsində bu məsələyə toxunub, dələduz şirkətlərin adları açıqlanıb?
Yuxarıda qeyd etdiyimiz kimi bu mənzil bazarını ayaqda saxlamaq atılan addımlardan biridir. Vətəndaşlar mənzil bazarında dələduzluğun olduğunu görüb, yeni tikilən binalardan mənzil almağa ehtiyat edirlər. Deməli, vətəndaşlarda bazara etimadı qaytarmaq lazımdır. Əks təqdirdə mənzil bazarında böhran yarana bilər ki, bu da bank sisteminin çöküşünə və 100 minlərlə insanın işsiz qalmasına səbəb ola bilər.

Şərhlər