Dünən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun manatın kursunun düşəcəyi barədəki xəbərdarlığı dərhal nəticəsini verdi. Mərkəzi Bankın 17 Fevrala olan rəsmi AZN məzənnələrinə görə, 1 ABŞ dolları 0,7853 manata bərabər oldu. Bir gün əvvəl isə məzənnə 0.7848 idi. Bu da, 1000 dollarda 50 qəpik bahalaşmaya bərabər gəlir. Avro isə Manat qarşısında ucuzlaşaraq 0,8962-dən 0.8920-yə düşüb. Bu səbəbdən də paytaxtda dollar alanların sayı artdı. Bakı sakinləri kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə axışaraq milli pulu ABŞ dollarına dəyişməyə çalışırdı. Nəticədə Bakıda bir müddət dollar qıtlığı yaşandı. Dünən 28 may küçəsində yerləşən valyutadəyişmə məntəqələrinin bir çoxunda dolların satışı dayandırılmışdı. Bir çox valyutadəyişmə məntəqələrinin qarşısında isə növbələr yaranmışdı. Dollar tapmayan Bakı sakinləri məcburiyyətdən avro aldığına dair də məlumatlar yayılırdı. "Adamlar səhər tezdən gəlib dollar və ya avro almağa, əllərindəki manatdan xilas olmağa çalışırlar. Hazırda bizim məntəqədə bircə dollar da qalmayıb. Hamısını satmışıq. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyini bilmirik" - deyə D.Əliyeva küçəsindəki valyutadəyişmə məntəqələrindən birinin sahibi virtualaz.org saytına bildirmişdi.

Düzdür qısa müddətdən sonra bu problem arada qaldırılıdı. Amma bu qiymətə tıəsirsiz ötüşmədi. Belə ki, banklarda 1 ABŞ dolları 0,7880-0,79 manata satıldı. Bakının mərkəzi küçələrində olan valyutadəyişmə məntəqələrində isə 1 ABŞ dolları 80 qəpikdəın təklif olunrdu.
Manatın ucuzlaşması xarici mətbuatlıın da diqqətini çəkib. Londonda nəşr olunan “Financial Times” qəzeti Azərbaycan Mərkəzi Bankının (AMB) manatını dollara bağlamaqdan imtina etməsinə həsr etdiyi məqaləsində bildirib. Qəzetin fikrincə, ölkənin inflyasiya orientiri ildə 5-7% olacaq. Qəzet 2014-cü ildə Azərbaycanda qiymət artımının cəmi 1,4% təşkil etdiyini bildirib.
Rusiyanın “Kommersant” qəzeti də məsələyə toxunub və AMB-nin bu addımının məcburi olduğunu vurğulayıb. “Neftin qiymətinin $50-dan aşağı düşməsi fonunda AMB yanvar ayında manatın məzənnəsinin dəstəklənməsinə $1 mlrd.-dan çox vəsait yönəldib. Bu da valyuta rezervlərini $12,68 mlrd.-a qədər azaldıb”,- deyə rus qəzeti vurğulayır.
“Kommersant”ın yazdığına görə, Azərbaycan neftin qiymətinin ucuzlaşması üzündən milli valyutanı “üzən məzənnə” rejiminə keçirmiş üçüncü MDB ölkəsidir. Rusiya mərkəzi bankı hələ keçən ilin noyabr ayında “üzən məzənnə”yə keçdiyini bəyan edib. Keçən həftə isə Qazaxıstan mərkəzi bankının başçısı Kayrat Kelimbetov da "üzən məzənnə"yə keçiddən danışıb.

Bununla belə V.Əhmədov əlavə edib ki, manatın kursunun süni şəkildə sabit saxlanması ölkənin büdcəsinə doğrudan da mənfi təsir göstərirdi: “Təsəvvür edin ki, Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün təkcə bu ilin əvvəlində 1,5-2 milyard dollar xərcləyib. Daha belə davam edə bilməzdi. Çünki Mərkəzi Bankın da ehtiyatları sonsuz deyil”.
V.Əhmədov bununla belə əmindir ki, manatın kursunun düşəcəyi barədə açıqlama verərkən daha ehtiyatlı olmaq lazım idi: “Bu siyasəti daha yumşaq aparmaq lazım idi ki, əhali arasında ajiotaj yaranmasın”.
Qeyd edək ki, dünən Azərbaycan Mərkəzi Bankı Manatın Dollardan asılılığının azaldılmasının planlaşdırıldığını açıqlamışdı.
Hökumətin bununla bağlı planlarını Azərbaycan prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı səsləndirib. Dövlət başçısı Azərbaycan manatının səviyyəsinin güclənməsinə yenidən baxmaq lazım olduğunu bildirib: «Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq».

Ancaq deputat Vahid Əhmədovun qeyd etdiyi kimi, bu prosesi səssiz-küysüz də həyata keçirmək olardı. Onsuz da manatın dollara nisbətdə ciddi ucuzlaşdırılmasından söhbət getmir. Bu ucuzlaşma ilin sonuna qədər maksimum 10-15 faiz ola bilər. Yəni, 1 ABŞ dollarının ilin sonunda maksimum 85-86 qəpiyə qədər bahalaşması proqnozlaşdırılır. Bu proses mərhələ-mərhələ həyata keçiriləcəyindən sakit şəkildə də reallaşdırmaq olardı. Yəni, Mərkəzi Bankın sədri Elman Rüstəmovun əvvəlcədən bu barədə bəyanat verib, sonra da dərhal manatı ucuzlaşdırması doğru addım hesab oluna bilməz.
Bu gözlənildiyi kimi ajiotaja səbəb oldu. İşbazlar isə bundan istifadə etdi. Nəticədə dollar Mərkəzi Bankın 17 Fevrala olan rəsmi məzənnəsindən xeyli baha satıldı. Bunun bir müddətdə belə davam edəcəyini gözləmək olar.
Ən pisi isə odur ki, bu süni bahalaşma istehlak bazarına da təsirsiz ötüşməyəcək. Ərzaq bazarınınb bir qrup oliqarxın inhisarında olduğunu nəzərə alsaq, onların dolların bahalaşmasını əsas gətirərək, qiymətləri artıracağı şübhə doğurmur. Bu isə ciddi sosial gərginlik yarada bilər. Ona görə də hökumət bu ajiotajı dayandırmaq üçün təsirli addımlar atmalıdır.


Bununla yanaşı, E. Rüstəmov qeyd edib ki, Azərbaycanda artıq iki aydır ki, dollarlaşma prosesi gedir və bu proses davam edəcək: “Burada qəribə heç bir şey görmürəm. Bu, psixoloji və xarici amillərlə, qonşu ölkələrdə gedən proseslərlə bağlı olan məsələdir. Məsələn, Qazaxıstanda dollarlaşma 70%-i üstələyib. Bunun əsas səbəbi kəskin devalvasiyadır və əhali tərəfindən öz milli valyutalarına olan marağın itirilməsidir”.
Elman Rüstəmov eyni zamanda manatın dəyərinin dollara nisbətən bir qədər aşağı salınmasının ərzaq bazarında bahalaşma üçün heç bir iqtisadi əsas yaratmadığını bildirib. Rüstəmov bildirib ki, çevik məzənnə siyasəti idxalı bahalaşdıra bilər. Lakin bu gün Azərbaycanın ərzaq məhsulları üzrə idxaldan asılılığı çox aşağıdır. “Məhz buna görə, biz Azərbaycana inflyasiya idxalını gözləmirik. Ərzaq məhsullarında bahalaşmanın iqtisadi əsası yoxdur”, - deyə baş bankir izah edib. Bununla əslində o, belə bir təhlükənin gözlənildiyini də etiraf edib.
Ötən il Azərbaycanda inflyasiyanın 1,4% səviyyəsində olduğunu xatırladan AMB rəhbəri deyib ki, cari ildə də ölkədə inflyasiya birrəqəmli olacaq: “Sərəncamımızda olan bütün vasitələrdən istifadə etməklə, buna nail olmağa çalışacağıq”.
Baş bankirin son açıqlamaları valyuta bazarındakı ajiotajı azalsa da, tam aradan qaldıracağı şübhə doğurur. İşbazların isə bundan istifadə edib, qiymətləri qaldıracağına şübh yoxdur.
MURAD Məmmədov
AzPolitika.info
[gallery columns="4" ids="95483,95484,95485,95486"]

Şərhlər