Menu

Fərəc Kərimli dövlət vəkilindən imtina etdi, məhkəmə təxirə salındı

19.02.2015, 16:21
Fərəc Kərimli dövlət vəkilindən imtina etdi, məhkəmə təxirə salındı

Başqan müavininin məhkəməsi barədə vəkilinə məlumat verilməyib

Raqif Kərimli: “Oğluma qarşı növbəti qanunsuzluqdur”

Bu gün saat 15:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat başqanının həbsdəki müavini Fərəc Kərimlinin ilkin məhkəmə hazırlıq iclası keçirilib.

Məhkəmə barədə başqan müavininə dünən axşam saatlarında bildiriş verilib. Vəkili isə, ümumiyyətlə, məlumatlandırılmayıb.

Bu barədə musavat.com-a gənc fəalın atası Raqif Kərimli məlumat verib: “Bu gün səhər saatlarında Fərəc zəng etmişdi. Məhkəməsinin olacağını dedi. Bildirdi ki, dünən axşam ona bildiriş verilib. Bu barədə vəkillə əlaqə saxladıq. O, xəbərsiz olduğunu söylədi. Bu birbaşa oğluma qarşı növbəti qanunsuzluqdur”.

Məhkəmə prosesində iştirak edən əməkdaşımızın verdiyi məlumata görə, Fərəc Kərimlinin məhkəməsi təxirə salınıb. Səbəb başqan müavinin dövlət tərəfindən ona təyin olunmuş vəkildən imtina etməsi olub.

Vəkil Nemət Kərimli orderi olmadığına və məhkəmə prosesi barədə ona məlumat verilmədiyinə görə məhkəməyə qatılmayıb.

Fərəc Kərimlinin məhkəmə prosesi ilə bağlı ilkin hazırlıq iclası fevralın 25-də davam edəcək

Qeyd edək ki, Fərəc Kərimli 2014-cü il iyulun 23-də həbs edilib. Bundan bir neçə gün qabaq – iyulun 17-də isə, onun qardaşı Sirac Kərimli tutulub.

Hər iki qardaş Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsinə əsasən ittiham edilir. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol