Bilirəm, ağzıgöyçəklər yenə ağızlarını arpa çuvalı kimi açacaqlar ki, ay aman, qiymətlər qalxdı, qoymayın qırıldıq, bu iqtidar bizə sitəm eləyir və s. və i.a. bu kimi moizələr, şikayətlər ...
Gör heç bir kimsə çıxıb deyəcəkmi ki, həzərat, bə bu qiymət başıbatmış qalxmasın, neynəsin?! Bu məmləkətdə dünyanın bizə sarı bərəli gözlərinin paxıllıq cilvələri oynaşan bəbəyinə soxmağa bircə dənə “qalxan” nəsnə olmalıdır, ya yox?!
Bu benzin şoqərib ki, var, onu neftdən zad eləyirlər, yəni alırlar. Neft də nədir? Hə, düzdür, Azərbaycanın xarici bazarda “Jalə”dən, “insan hüquqlarından”, analoqu olmayan inkişaf nağıllarından sonra xırıd edilən əsas və yeganə mətahıdır. Ölkənin bütün inkişafı, quruculuğu, bulvarı, yolu, üzlənən evləri, göyü daraldan binaları narkoman kimi həmin neft iynəsinin üstündə oturub. Belə çıxır ki, “nöyütün” sahibləri seçkilərdən sonra xaricdən “kababtirovkaya” gətirdikləri bir elə camaatın otelpulun, Qəbələturun, ikrasının, xalı-xalçasının dəyərini ödəmək üçün benzinin qiymətini qaldırırlar.
İndi bu qiymət qalxmasa, dövlətin daxılına “neft dollarları” axmasa, bəs bu müəllimin, alimin, həkimin, bir sözlə, hər seçkidə havayı muzdurluq eliyənlərin maaşını 10 faiz necə artırmaq olardı?
O qiymət qalxmasa, ildə beş dəfə eyni yola asfalt çəkməkmi olardı?
İçindən çökən binaların sifətinə beş dəfə ərə getmiş arvad kimi bəzək-düzək vurub pul silməkmi olardı?
Nəinki Xəzərin, Adriatik, Aralıq, Egey, Mərmərə dənizlərinin sahillərində, İsveçrədə, Çexiyada, Monteneqroda, İtaliyada, Moskvada, Parisdə, Londonda, Dubayda daha nə bilim dünyanın coğrafi gözəlliyi ilə inzibati-maliyyə türfəliyinin qucaqlaşdığı neçə-neçə bölgəsində tikilən, alınan malikanələri, müəssisələri, qurulan şirkətləri əldə etməkmi olardı?
Yox! No! Нет!
Nə isə, ricətlər bu qədər yetər. Onsuz da qəzetlər gündə bir bahalaşma anonsu verib millətin sorulmuş qanını Yeni il qabağı horraya döndərib.

Bu adamlara müqayisənin ziyanlı olduğunu sübut etmək üçün bir az internetdə eşələnməli olduq.
Beləliklə, benzini xalqına “qanı qiymətinə” sırıyan “səviyyəsiz” Norveçdə 2012-ci ildə ÜDM 500.9 mlrd. dollar, adambaşına düşən ÜDM isə Avropa məkanında Lüksemburqdan sonra ən yüksək, yəni 60 min dollar olub. Bəxtəvər norveçlinin aylıq əmək haqqı minimum 8 min dollar civarındadır. Əhalisi də ki, bizdən də azdır – 5 milyon nəfər.
Di bax, “YAP”çı qardaş, hesabıvı götür.
“Mafiya qurbanı” olan İtaliyada vəziyyət lap “qullabı”dır. Ötən il ÜDM-i 1trilyon 566 milyard avro olan ölkənin büdcəsi 972.5 mlrd. avro, adambaşına düşən ÜDM 30 min dollar olub.
Göründüyü kimi, bu ölkə lap səfalət içində boğulur.
17 milyon nəfər əhalisi olan Hollandiyada isə bu ilin büdcə “portfel”i 484.3 milyard avro müəyyən edilib. Ötən il bu “qızılgül ölkəsi”ndə ÜDM 600 mlrd. avro təşkil edib.
Çürüməkdə və ölməkdə olan kapitalizmin nəsibi budur.
İndi bu faktların qabağına Azərbaycanın “dünyada analoqu olmayan” göstəricilərini qoyun, üzərinə də “bizimkilərin” doymaq bilməyən nəfsini, korrupsiya eşqini əlavə edin. “Şotkaya” vurun görək, hər bir vətəndaşının norveçli, italyan, holland doğulduğu ilə fəxr etməyə həqiqi haqqı çatan bu ölkələrdə benzinin qiymətinin bir azacıq bizdən baha olması sağlam, ağıllı, arqumentli müqayisə və müzakirə predmeti olmağa yetir, ya yox?!
Amma düz deyiblər ki, hər bir xalq öz hakimiyyətinə layiqdir.
Biri addım qabağa qoyub soruşmadı ki, ay hökumət, başıva dönüm, bu bir gecənin içində hansı duanı oxudun ki, “zapravka”lardakı benzini çevirib “Avro 3” standartı elədin?
Biri soruşmadı ki, seçkilərdə əcnəbi müşahidəçilərə yedirtdiklərivizin pulunu bizim balalarımızın boğazından niyə tutursan?
Yenə də YDM-lərdə sıxlıq, yollarda tünlük.
Yenə də difiramb söyləyən yaltaqların Saraya tuşlanmış “dalğalarda” keçilməz tıxacı.
Yenə də seçki adlı “poker” oyununda həmişə “iki tuz sıxan” hakimiyyətin bu məzlum xalqa daha hansı sürprizlər edəcəyi ilə bağlı əndişələr...
Yaşı çatanlar eşitməmiş olmazlar; benzinin qiymətinin orta aylıq məvacibdən 1500-2000 dəfə ucuz olduğu sovetlər dönəmində məşhur bir şüar vardı: - çatmalı və ötməli! İndi baxıb görürəm ki, bizdə benzinin qiyməti dünyanın ən məzlum, kasıb, “dünya standartları”, “analoqu olmayan inkişaf” barədə təsəvvürü belə olmayan, benzini min kilometrlərlə uzaqdan daşıyıb gətirən ölkələri sırasında yer alan Zimbabve və Namibiyaya çatıb.
Həqiqətən ağırdır. Bulvarı, olimpiya kompleksləri, buludlara “kəllə atan” göydələnləri, kosmosda peyki olmayan ölkələrlə eyni sıranı bölüşmək lap adamın “çestinə” toxunur.
Gör neyniyirsən, Tarif Şurası!
Maqsud Səmədzadə
P.S. Bu arada Türkiyədə olan Azərbaycanın “neft kralı” Rövnəq Abdullayev deyibmiş ki, yüksək oktanlı benzinin qiymətinin dünya bazarı qiymətlərinə uyğunlaşdırılmasını təklif edibmiş. Ancaq Tarif Şurasının millətə yazığı gəldiyindən eləcə bir “abbası” qaldırıb.
Bax, xalqın neftinə yiyələnənlər ona beləcə minnət qoyurlar.
Əhsənül-xaliqün və əhsənül-bərəkatun!


Şərhlər