Ukraynanın şərqində əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq tanınmamış “Donetsk və Luqansk xalq respublikaları” Azov dənizi istiqamətində yeni ərazilər ələ keçirdiklərini elan ediblər. Virtualaz.org saytı xəbər verir ki, Donetsk separatçılarının qərargahı strateji əhəmiyyətli Mariupol şəhəri ətrafında iki qəsəbəni ələ keçirdiklərini elan edib.
Xəbərdə bildirildiyinə görə, Novoazovsk rayonunun Pişevik və Pavlopol qəsəbələri separatçıların nəzarətinə keçib. Ukrayna Milli Qvardiyası bu qəsəbələrdəki mövqelərini möhkəmləndirə bilməyib və geri çəkilib.
Hazırda ən gərgin vəziyyət Mariupol şəhəri ətrafındadır. Separatçılar iddia edir ki, Ukrayna silahlı qüvvələri atəşkəs razılaşmasına baxmayaraq bu istiqamətdə əlavə qüvvələr cəmləşdirir.
Rəsmi Kiyev isə öz növbəsində separatçıların Mariupol şəhəri ətrafına qüvvə cəmləşdirdiyini bildirir. Mariupol strateji əhəmiyyətli liman şəhəridir və bu şəhərin ələ keçirilməsi Krıma quru dəhlizini açmağa imkan verəcək.
Bu arada “Donetsk və Luqansk xalq respublikaları” elan ediblər ki, Minskdə imzalanmış plana əsasən onlar ağır silahlarını təmas xəttindən planlı şəkildə geri çəkirlər. Kiyev isə bildirir ki, ağır silahları geri çəkməyə tələsmir, çünki separatçılar Ukrayna ordusunun mövqelərini atəşə tutmaqda davam edir.
Razılaşmaya əsasən silahların geri çəkilməsi ancaq atəşin tam dayandırılmasından sonra başlaya bilər.
Ukrayna KİV-lərinin xəbərlərinə görə, artıq Mariupol şəhərində diversiya qrupları fəaliyyətə başlayıb. Fevralın 24-nə keçən gecə “Sokol” xüsusi təyinatlı milis dəstəsinin əməkdaşları yol patrul milisi ilə birlikdə şübhəli avtomobili dayandırmaq istəyib. Bu zaman avtomobildəkilər milislərə qumbara atıb və onları atəşə tutublar. Nəticədə bir milis həlak olub, ikisi yaralanıb. Hücum edənlərdən biri öldürülüb, digərləri qaçıb.
Daxili işlər naziri Arsen Avakov bildirib ki, avtomobildə dəmir yol qovşağını partlatmaq üçün nəzərdə tutulan böyük miqdarda partlayıcı və diversiya əməliyyatı üçün digər ləvazimatlar tapılıb.


Şərhlər