Menu

Ukrayna ilə bağlı razılıq əldə olundu

03.03.2015, 09:23
Ukrayna ilə bağlı razılıq əldə olundu

Fransa, Rusiya, Ukrayna prezidentləri və Almaniyanın kansleri telefonla Donetsk və Luhansk vilayətlərində atəşkəsin pozulması qeydə alınan 10 “qaynar nöqtədə” ATƏT müşahidəçilərinin yerləşdirilməsi məsələsi üzrə rzılıq əldə ediblər.

Müşahidəçilər xüsusilə Sçastye, Popasnaya, Stanitsa Luhanskaya, Krımskoye, Avdeyevka, Volnovaxa, Qranitnoye, Luhanskoye, Şirokino yaşayış məntəqələrində, eləcə də Donetsk aeroportu bölgəsində yerləşdiriləcək.

Donetsk və Luhansk vilayətlərində ATƏT nümayəndələri üçün, həmçinin geri çəkilmiş texnika yerləşən yerlərdə, “təhlükəsizlik və lazımi iş şəraiti” təmin edilməlidir.

“Həmsöhbətlər o cümlədən Normand formatı ölkələri XİN-lərinə göndəriləcək atəşkəs rejiminin pozulması haqqında ATƏT-in gündəlik hesabatının dərc olunmasının zəruriliyi haqqında razılıq əldə ediblər”, - Ukrayna prezidenti Petro Poroşenkonun saytında deyilir.

“Normand dördlüyü” ölkə başçılarının Donbas əhalisinə beynəlxalq humanitar yardımın çatdırılması və onun paylanmasında Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələrinin iştirakı məsələlərinin müzakirə etdiyi bildirilir.

Poroşenkonun mətbuat xidmətinin məlumatına görə, prezidentlər cümə günü keçiriləcək “xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətləşmə əsnasında sülhyaradıcılar məsələsini” müzakirə etmək razılığına gəliblər.

Savçenkonun taleyi

“Normand dördlüyü” dövlət başçılarının telefon danışıqları zamanı bir daha təyyarəçi Savçenkonun aqibəti müzakirə olunub.

“Petro Poroşenko, Angela Merkel və Francois Hollande ukraynalı Nadejda Savçenkonun dərhal azad edilməsi üçün növbəti dəfə Vladimir Putinə müraciət ediblər”, - Ukrayna prezidentinin mətbuat xidməti xəbər verir.

Bunun ərəfəsində prezident Poroşenko Savçenkoya Ukrayna Qəhrəmanı adının verilməsi haqqında fərman imzalayıb. Rusiyada Nadejda Savçenkonu Ukraynanın şərqində Rusiya Dövlət Televiziya və Radio Şirkətinin iki jurnalistinin ölümündə ittiham edirlər.

Hazırda Savçenko “Matrosskaya tişina” təcridxanasında saxlanır. Dekabrın 13-dən o, həbsdə saxlanıldığına qarşı aclıq elan edib.

Aclıq artıq 80 gün davam edir. Savçenkonun vəkilləri onun ev dustaqlığına alınmasını xahiş edirlər.

Fevralın 15-dən Ukraynada atəşkəs rejimi qüvvədədir, lakin Kiyev və separatçılar mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda günahlandırırlar.

Bazar günü özünü müstəqil elan etmiş Donetsk Xalq Respublikası nümayəndələri ağıq texnikanın ayırıcı xətdən geri çəkilməsini başa vurduqlarını bəyan ediblər.

Lakin prezident Petro Poroşenko hesab edir ki, separatçılar “texnikanın geri çəkilməsi səhnələrini quraşdırıb”, sonradan isə yenidən yerlərinə qaytarıblar.

ATƏT monitorinq missiyası tərəflərin ağır silahların yerdəyişmələrini təsdiqləyərək, eyni zamanda qeyd edir ki, texnikanın tam geri çəkildiyini söyləmək hələ tezdir.

Bu arada Ukraynada BMT insan haqları missiyası ölkədə vəziyyət haqqında yeni - sayca doqquzuncu – hesabatını dərc edib.

İnsan haqları üzrə BMT Ali Komissarı İdarəsinin məlumatına görə, bu günədək 6 min nəfərdən artıq insan Ukraynanın şərqində baş verən münaqişənin qurbanı olub. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol