BAKI-VAŞİNQTON MÜNASİBƏTLƏRİ YENİDƏN GƏRGİNLƏŞİB, YOXSA...?-  Şərh

Son günlər ölkə mediasında Azərbaycan hakimiyyəti ilə ABŞ arasında münasibətlərin yenidən gərginləşdiyi haqda materiallar, hadisələrin mahiyyətinə varmayan dar təhlillər dərc olunur. Bunun səbəbi kimi isə ABŞ-ın nüfuzlu “The Washington Post” qəzetində Azərbaycan hökumətinin sərt tənqid olunması, Bakının isə buna rəsmi qəzetdə eyni tonda reaksiyası verməsi göstərilir.

Qeyd edək ki, Ağ Evə yaxın “Washington Post” qəzetində dərc olunan “Azərbaycanda məhkəməsiz həbs olunmaq” adlı məqalədə qeyd olunur ki, ölkə prezidenti “güclü despotizm əlamətləri” nümayiş etdirir, “azadlıqlar uğrunda danışan jurnalistlər, bloggerlər, hüquqşünaslar, insan haqları fəalları və digərləri qanunsuz olaraq həbsə atılır”.

Məqalədə əsas tənqid hədəfi kimi məhz hakimiyyət başçısı seçilib. Diqqətçəkəndir ki, bu dəfə məqalə müəllif yazısı deyil, “Washington Post”un redaksiya məqaləsidir.

Dövlət qəzeti “Azərbaycan” və hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanı “Yeni Azərbaycan”ın dünənki saylarında isə ABŞ-ın və bu ölkənin prezidenti Barak Obamanın ünvanına kəskin ittihamlar yer almış məqalələr dərc olunub.

“Azərbaycan” qəzetində dərc olunan “ABŞ-da məhkəməsiz həbs olunmaq” başlıqlı yazıda Barak Obama "despot" adlandırılır, onun dünyaya qan uddurmaq siyasəti yeritdiyi iddia olunur. “ABŞ Prezidenti Barak Obama güclü hegemonluq və despotizm əlamətləri nümayiş etdirir. Öz milli hüquqlarını qorumaq, müstəqilliyini gücləndirmək, Amerikadan fərqli yanaşma nümayiş etdirmək istəyən dövlətlər, xüsusilə də müsəlman ölkələri ciddi təzyiqlərə məruz qalır. Həmin ölkələrdə hakimiyyət çevrilişləri həyata keçirilir, vətəndaş qarşıdurması stimullaşdırılır, bütün bunlar nəticə vermədikdə isə onlara qarşı birbaşa hərbi təcavüz edilir. Bu gün Əfqanıstan, İraq, Liviya, Suriya, Misir və digər ölkələrin xalqları ”demokratiya" və “rifah” adı altında yürüdülən siyasətin fəlakətli nəticələrinə görə cənab Obamaya “minnətdar” olmalıdırlar",- deyə məqalədə bildirilir.

“Azərbaycan” həmçinin iddia edir ki, Barak Obama tənqidçilərini həbs etməklə susdurur: “Cənab Obamanın tənqidçilərini susdurmağa yönəlmiş sevimli alətlərindən biri də həbsdir. Baxmayaraq ki, Amerika prezidenti öz çıxışlarında az qala tanınmış hüquq müdafiəçilərini də geridə qoyur. Quantanamoda bugünə kimi ”terrorçuluqda" və ya “terrorçularla əlbir olmaqda” şübhəli bilinən insanlar saxlanılır. Onların sayı, törətdikləri cinayətlər, saxlanma şəraiti barədə heç kimin məlumatı yoxdur. Çünki cənab Obama öz sələfləri kimi onların üzərində ədalət məhkəməsinin həyata keçirilməsini artıq hesab edir. Üstəlik, mövcud vəziyyəti tənqid edən jurnalistlər və fəalların özləri də həbslərə məruz qalırlar... Bütün bunlar Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutlarıdır".

“Yeni Azərbaycan”da dərc olunan “Məkrli siyasətin girovu - Washington Post” başlıqlı yazıda da oxşar ittihamlar yer alıb.

Bu cür qarşılıqlı ittihamlar isə Bakı ilə Vaşınqton arasında münasibətlərin heç də yaxşı olmadığı təsəvvürünü yaradır. Halbuki, ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Bakı səfərindən sonra Azərbaycan hakimiyyəti ilə Vaşinqtonun münasibətlərində istiləşmə müşahidə olunurdu. Nulandın fevralın 17-də Bakıya etdiyi səfər zamanı rəsmi Bakı ilə mübahisəli məsələləri həll edəcək ortaq bir qurumun yaradılması barədə razılaşma olmuşdu. Həmçinin, ABŞ dövlət katibinin köməkçisi Azərbaycan hakimiyyətinin demokratik islahatların aparılması yönündə səylər göstərməyə hazır olduğunu bəyan etmişdi.

Bundan əlavə 4 aylıq fasilədən sonra ABŞ-ın Azərbaycanda yeni səfirinin fəaliyyətə başlaması da münasibətlərin yaxşılığa doğru gedəcəyini gözləməyə əsas verirdi. Ancaq bunun əksinə olaraq, yenidən iki ölkə arasına gərginliyin artmasından xəbər verən proseslər müşahidə olunur. Və ya hər iki ölkədə kimlərsə bu münasibətlərin gərgin olduğunu göstərməyə çalışır.

Qısa müddətdə belə kəskin dəyişikliyin səbəblərini söyləmək çətindir. Ancaq həm hər iki ölkənin daxilində, həm də regionda və dünyada ABŞ-la Azərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışan qüvvələrin olduğu sirr deyil. Hansı ki, bu, bəzilərinin kiçik, bəzilərinin isə qlobal maraqlarını təmin edir. Ona görə də, bu cür məqalələrin iki ölkə arasında münasibətləri çıxılmaza aparmağa çalışan qüvvələrin sifarişi olduğunu istisna etmək olmaz. Təkcə ABŞ-da güclü olan erməni lobbisini xatırlatmaq kifayətdir... Təbii ki, Bakı-Vaşinqton münasibətlərinin yaxşı olması ermənilərin işinə yaramır və buna hər vəchlə mane olmağa, münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Elə Viktoriya Nulandın münasibətləri yaxşılaşdırmağa yönəlmiş səfərindən dərhal sonra "Washington Post”da Azərbaycanın dövlət başçısını hədəfə alan məqalənin işıq üzü görməsininin də erməni lobbisinin sifarişi ilə baş tutduğunu istisna etmək olmaz.

Eləcə də Azərbaycanda Rusiya meyilli qüvvələrin Bakı ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşmasından narahat olduğunu xüsusi şərh etməyə ehtiyac yoxdur. Onlar da hər fürsətdən istifadə edərək, ABŞ-la münasibətləri gərginləşdirməyə çalışırlar. Kiçik bir faktı böyüdür, 2 ölkə arasında az qala savaşın getməsi səviyyəsində təqdim edirlər. Bunun Azərbaycan dövlətinin maraqlarına zidd olduğunu bilsələr belə...

Eyni zamanda yuxarıda qeyd etdiyimiz kimi, regionda və beynəlxalq aləmdə Bakı ilə Vaşinqton arasında münasibətləri gərginləşdirməyə çalışan kifayət qədər qüvvələr, dövlətlər var. Təkcə Rusiyanın adını çəkmək kifayətdir. Təbii ki, Bakını Qərblə əlaqələrini tam qırmağa, öz yanına çakməyə çalışan Moskva bunu reallaşdırmaq üçün müxtəlif istiqamətlərdə çalışır. Rusiya kəşfiyyatının əlinin təxribatçı yazılar dərc etdirmək üçün hətta " Washington Post”a qədər uzandığını iddia etmək olmaz. Amma bu məsələdə Rusiyanın maraqları ilə ABŞ-da güclü olan erməni lobbisinin maraqları üst-üstə düşdüyünü də unutmaq olmaz...

Bu və digər faktlar rəsmi Bakı ilə Vaşinqton arasında münasibətləri gərginləşdirməyə çalışan kifayət qədər qüvvvələrin olduğunu aydın göstərir. Onlar bunu bacarmasalar belə, əllərindəki güc ən azı ictimaiyyətə bu münasibətlərin gərgin olduğunu göstərməyə yetir. İndiki vaxtda da məhz bunun baş verdiyi istisna deyil. Yəni, Bakı ilə Vaşinqton arasında münaibətlər gərgin deyil, sadəcə kimlərsə GƏRGİN GÖSTƏRMƏYƏ çalışır.

Hər halda bu münasibətlər gərgin olsaydı, ya rəsmi Bakı martın 10-da Azərbaycanda başlayacaq “Amerika həftəsi”nə icazə verməz, ya da ABŞ belə bir təşəbbüs göstərməzdı. Hansı ki, bunun ABŞ-la Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşdırmağa xidmət edəcəyi şübhə doğurmur.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar