Dekabrın 11-də gecə Sumqayıtda polislə atışma olub. Şəhərin 10-cü mikrorayonunun polis sahə rəisi Mircəlal Abbasovun ANS PRESS-ə verdiyi məlumata görə, atışma “Soltan market”in yaxınlığında vəhhabi təriqətindən olan şəxslərlə polis arasında baş verib.
Atışmada 3 nəfər yaralanıb, 4 nəfər həbs edilib. Yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Şöbənin həkimi Nadir Təkvəlinin APA-ya verdiyi məlumata görə, yaralananlar xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə baş verən atışmada polis tərəf olmayıb. Silahlı insident radikal dini qruplaşma üzvü olduğu ehtimal edilən iki tərəf arasında baş verib.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib, silahlı insidentin bir neçə iştirakçısı saxlanılıb.
Hazırda baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Şərhlər