Menu

Yazıçını Milli Kitabxanadan qovdular

14.03.2015, 11:11
Yazıçını Milli Kitabxanadan qovdular

Ötən gün ANS telekanalında yayımlanan “Şəxsiyyət vəsiqəsi” verilişinin aparıcısı, tanınmış yazıçı-jurnalist Həmid Herisçini M.F.Axundzadə adına Milli Kitabxanadan qovublar.

Bu barədə Kulisə yazıçı özü məlumat verib. O, bildirib ki, aparıcısı olduğu verilişlə əlaqədar bir-neçə kitaba baxmaq üçün kitabxanaya gedib, bu zaman kitabxana işçilərindən biri yaxınlaşaraq söyləyib: “Direktorumuz dedi, sənə kitab verməyim, sən yaxşı adam deyilsən, televizorda klassiklərimizi təhqir edirsən..."

H.Herisçi əlavə edib ki, bu sözləri çaşqınlıqla qarşılayıb, çox pis olub, ancaq buna görə məhkəməyə, yaxud başqa bir müvafiq orqana müraciət eləmək fikri yoxdur.

“Bura müxalifətçi də, iqtidar nümayəndəsi də gəlir. Onların heç birinə kitab verməmək ixtiyarımız yoxdur”. Bu sözləri M.F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov yazıçı Həmid Herisçinin kitabxanadan qovulması ilə bağlı iddiaya cavab olaraq Axar.az-a verdiyi açıqlamasında deyib. “Bizim kitabxanamızda kimliyindən asılı olmayaraq, hər kəsə kitab verilir. Bizim işimiz oxuculara xidmət göstərməkdir. Gələnlərin kimliyi ilə maraqlanmırıq. Ola bilsin ki, nəsə anlaşılmazlıq olub. Milli Kitabxanada evə aparmaq üçün kitab verilmir. Ancaq kitabxanada oxumaq istəyən hər kəsə xidmət edirik. Bəlkə, Həmid Herisçi kitabları evə aparmaq istədiyi üçün ona kitab verilməyə bilər. Başqa cür bu, mümkün deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol