Özbəkistan prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova onu narkotik maddə istifadə etməkdə və korrupsiyada iştirakda günahlandıran bacısı Gülnarə Kərimovanı məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb. Hazırda Özbəkistanın YUNESKO-dakı təmsilçisi postunu tutan Lola Kərimova bu barədə məlumatı öz rəsmi saytında yerləşdirib. «Son zamanlar çeşidli mətbuat orqanları Gülnarə Kərimovanın mənə və həyat yoldaşıma qarşı ittihamlarını şərh etməklə bağlı müraciət edirlər», deyə L.Kərimova bir müddət əvvəl «Hürriyet» qəzetinin suallarını cavablandırarkən deyib. G.Kərimova iddia edir ki, bacısı L.Kərimova narkotik maddələrdən istifadə edir. Onun əri Teymur Tillayevin rəhbərlik etdiyi və dövriyyəsi 20 milyon dollar olan «Əbu-Sahiy» bazarı isə vergi ödənişində «böyük bir qara dəlikdir».
Bu ilin sentyabrında G.Kərimova «BBC»yə müsahibəsində artıq bacısı ilə 12 ildir ki, danışmadığını söyləmişdi. Onu da qeyd edək ki, bu, L.Kərimovanın ona yönələn ittihamlarla bağlı birinci məhkəməsi olmayacaq. 2010-cu ildə L.Kərimova Fransanın «Rue89» portalını onu «diktatorun qızı» adlandırdığına görə məhkəməyə vermişdi.


Şərhlər