Hər şeyə rəğmən hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Odur ki, bəzi oxucularımızın məlum səbəblərdən dolayı bilmədikləri barədə şərh yazmasına pozitiv reaksiya olaraq Rusiyada masonluğun tarixi və cari durumu barədə bildiklərimi sapa düzmək qərarına gəldim. Bu yöndə, əvvəlcə Rusiyanın baş masonu Andrey Boqdanovla «Komsomolskaya pravda» qəzetində dərc olunmuş müsahibəni (30 avqust 2007 il) hörmətli oxucuların diqqətinə çatdırıram.
[caption id="attachment_102936" align="alignleft" width="300"] (Rusiyanın baş masonu mason bayrağı fonunda)[/caption]
- Andrey Vladimiroviç, masonlar haqqında insanların çoxu nə isə qorxunc, mistik, arxaik və geniş təsir imkanlarına malik bir şey kimi düşünürlər. Əslində, masonluq nədir?
- Massonluğun 300 yaşı var. Bu təşkilat, daha doğrusu, çox hörmətəlayiq tarixə malik və məlum ideyalara həsr olunmuş qədim təşkilatların konqlomeratı daxili fəlsəfəsi, mənəvi sferaya söykənmiş məqsədləri ilə diqqəti çəkir. Burada mason etiketi fövqəladə əhəmiyyət kəsb edir. Bu - dünyaya spesifik baxışdır. Onu hətta spesifik həyat tərzi də adlandırmaq olar. Məqsədi - yaxşı insanı daha da yaxşı etməkdən ibarətdir. Qapalı təşkilatdır, amma dünyanın bütün ölkələrində yerli hakimiyyətlərə ardıcıl olaraq, loyal münasibəti ilə seçilir.
- Danışırlar ki, masonlar Rusiyada monarxiyanı yenidən dirçəltmək (bərpa etmək) istəyirlər və «Rusiya layihəsi» adlı sensasiyalı kitabı onlar yazıblar?
- Masonlarda siyasi məsələlərin, o cümlədən, dövlət quruluşu kimi məsələlərin müzakirəsi qadağan olunmuş çalışmadır. 300 illik tarix diqtə edir ki, özümüzü ləyaqətli aparaq və gələcək barədə düşünək.
- Belə ola bilərmi ki, mason lojası Rusiyada Dövlət Dumasına daxil olmaq təşəbbüsü göstərsin?
- İstisnadır! Belə ki, masonluq - qeyri-siyasi təşkilatdır. Amma adi həyat şəraitində insan ixtiyari fəaliyyət növü, o cümlədən, siyasətlə də məşğul ola bilər. Amma loja bütünlüklə - əlbəttə ki, yox.
- Bəs, belə deyək, «gizlin»dən çıxıb, məsələn, Moskvanın mərkəzində ofis açmaq necə?
- Nə vaxtsa belə də olacaq. Britaniyanın və Fransanın mason lojalarının London və Parisin mərkəzində rəsmi ofisləri var.
- Bəs, Rusiya masonluğu hansısa açıq ictimai layihələrdə iştirak etməyə hazırlaşmır ki?

- «Hərb və sülh»də Pyer Bezuxovun masonluğa qəbulu barədə diqqətçəkən bir mərasimdən bəhs olunur. Bu mərasim indi də elədir - bağlı otaq, şamlar, «gənc»in (lojaya qəbul olunanın - M.A.) gözləri bağlı?
- Bir çox mərasimlər qorunub saxlanır.
- Belə bir versiya var ki, bolşeviklər SSRİ-nin simvolu olan beşguşəli ulduzu masonlardan əxz ediblər.
- Bərq vuran (alovlanan) beşguşəli ulduz mason lojalarının ikinci dərəcəli rəmzlərindən biridir. Qədim rəmzdir, amma bunun üzərində masonluğun heç bir müstəsna hüququ yoxdur. Odur ki, o, digər mənbələrdən də əxz edilə bilərdi.
- Rusiya masonları arasında məşhur adamlar, siyasətçilər varmı?
- Qardaşların adları hər zaman və bütün hallarda açıqlanmır. Mason öz adını açıqlaya bilər - təkcə öz adını, qardaşların adını isə heç vaxt! Bu da suala birbaşa cavab verməyə mane olur. Mən də mason ənənələrinə sadiq qalmaq istəyirəm. Kimdən bu suala cavab almaq istəyirsinizsə, sualı birbaşa onun özünə verin.
- Hə, təsəvvür edirəm: «İvan İvanoviç, siz masonsunuz?». Xüsusilə mətbuat konfransında effektli alınardı. Heç olmasa, deyin görək, onların arasında yüksək çinli siyasətçilər varmı?
- Şərhsiz.
- Tez-tez masonlar və yəhudilər arasında bərabərlik işarəsi qoyanlar, sui-qəsdlər barədə danışanlar da olur...
- «Jidomasonluq» terminini işlədənlər məlum qism insanlardır və onlar sadəlövhlükləri ilə seçilirlər. Masonluq - milli və konfessional anlayışlardan kənardır. Xristian da, müsəlman da, yəhudi də mason ola bilər.
- Onda nə üçün sui-qəsd məsələlərini masonların ayağına yazırlar?
- Təkcə masonlarınmı? Qapalılıq siyasəti, mason şəbəkələrinin şaxələnməsi əsrlərin tarixidir və bütün bunlar masonları hansısa sirli sui-qəsdlərlə bağlılığa aid etmək üçün insanlara müəyyən əsas verir.
- Masonluğun düşmənləri avarmı?
- Tənbəllik və nadanlıq. 1992-ci ildən başlayaraq Rusiyada masonluğu yenidən qurmaq lazım gəldi. Hazırda Rusiyada bu predmet üzrə adekvat mütəxəssislər demək olar ki, yoxdur və bu fonda bir çoxları «masonluq» kəlməsi ətrafında parazitlik edir. Ölkədə belə bir situasiya yaranıb: bilən susur, danışınlar isə - bilmirlər! Yeri gəlmişkən, mənim öz adımı açıqlamağım da məhz bununla bağlıdır.
Tərcümə etdi: Mirzə AĞ

Şərhlər