Alimlər onun kütləsini də hesablayıblar
Xarici KİV-in məlumatına görə, Amerika astronomları Alfa Sentavr sistemində Günəşə yaxın ekzoplanet kəşf ediblər. Onun kütləsini hesablayan alimlər güman edirlər ki, yeni tapılan planet superyerdir (Science News). Kütləsi Yerin kütləsindən böyük, amma nəhəng planetlərin kütləsindən əhəmiyyətli dərəcədə kiçik olan planeti «superyer» adlandırıblar.
Hələlik, orbitlərinin hüdudları barədə məlumatların olmaması səbəbindən, ekzoplanetin kütləsi barədə dəqiq bir söz demək olmur. Odur ki, astronomlar digər üsüldan - superyerin qravitasiya əhatəsinə əsaslanan hesablama üsulundan istifadə etməli olublar. Bu üsul dəqiqlik baxımından o birisindən xeyli geri qalır. Buna baxmayaraq, hesablamalar göstərir ki, ekzoplanetin kütləsi Yerin kütləsindən təqribən, 3 dəfə böyükdür.
Ekzoplanetin Yerdən 4, 37 işıq ili məsafəsində olduğu bildirilir. Maraqlıdır, bu planet öz oxu ətrafında elə fırlanır ki, həmişə eyni üzü öz ulduzuna (Günəşinə) tərəf çevrilmiş vəziyyətdə olur. Bu da deməyə əsas verir ki, superplanetdə Yerdəki kimi ilin fəsil dəyişməsi yoxdur.
Yeni kəşf olunmuş ekzoplanetdə həyatın olub-olmaması məsələsinə gəlincə, alimlər bunu inandırıcı saymırlar.
AzPolitika.info

Şərhlər