Sabiq nazir müavininin əmlaklarını adına rəsmiləşdirdiyi şəxsin kimliyi bilindi
Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslanovun Ədliyyə Nazirliyində çalışan oğlu Turqay Aslanov yenidən saxlanıb. Musavat.com-a daxil olan məlumata görə, martın 18-dən 19-na keçən gecə Nəsimi rayonu ərazisində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol hərəkəti qaydalarını kobud surətdə pozan, “avtoş”luq edən sürücünü saxlayıblar.

Qeyd edək ki, T.Aslanovun ötən ay da idarə etdiyi “Bentley” markalı avtomobillə “avtoş”luq edərkən saxlanmışdı. Belə ki, fevralın 20-də gecə saat 1 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlamışdılar. Az 10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, eyni zamanda sənədlərin qaydasında olmadığı müəyyənləşmişdi. Buna görə də avtomobil 3-cü mikrorayonda yerləşən cərimə meydançasına aparılmışdı. Sonradan məlum olub ki, avtomobili idarə edən şəxs Aslan Aslanovun oğlu Turqay Aslanovdur.

"Yeni Müsavat"ın qaynağı isə deyib ki, həmin vaxt T.Aslanovun “Bentley” markalı maşınla “avtoş”luq etməsi mətbuatda dartışılandan sonra A.Aslanov oğlunun 300 minlik maşınını əlindən alıb. Onu dünən cərimə meydançasına aparılan “Kia” markalı maşından istifadə etməsini tapşırıb. Faktiki T.Aslanovun olan “Bentley” və digər bir bahalı maşını - “Mercedes Gelenvagen”i hazırda A.Aslanovun “Vorovski”də, Daxili Qoşunların Baş İdarəsi ilə üz-üzə olan 33 nömrəli, 3 mərtəbəli villasının qarajında saxlanır. Yeri gəlmişkən, qeyd edək ki, A.Aslanovun həyat yoldaşının adına olan həmin villanı 5 milyon manata satışa çıxarması haqda məlumat da var.
T.Aslanovun “KİA” markalı avtomobili də “Bentley” kimi Valeh Ramazan oğlu Allahverdiyevin adınadır.
V.Allahverdiyevin barəsində də maraqlı məlumatlar əldə etmişik. Bu şəxs Şəmkirdəndir, vaxtilə “Azərneftyağ” İstehsalat Birliyinin baş direktoru Ramiz Mirzəyevin ailə sürücüsü olub. A.Aslanovun mərhum R.Mirzəyevlə yeznə-qayın olmaları da məlumdur. A.Aslanov Şəmkirin icra başçısı vəzifəsindən çıxarılaraq kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyinat alandan sonra V.Allahverdiyevi özünə sürücü götürüb. O, A.Aslanov nalayiq sözlər işlətdiyinə görə işdən çıxıb. Lakin sonradan yenidən A.Aslanov onu geri qaytara bilib. 2013-cü il oktyabrında A.Aslanov tutduğu vəzifədən qovulan ərəfədə oğlunun “Bentley” markalı maşınını sürücüsünün adına rəsmiləşdirib. Hazırda 5 milyon manata satışa çıxardığı villanı da həmin vaxtlarda həyat yoldaşının adına rəsmiləşdirib.
Sonda A.Aslanov oğlunun idarə etdiyi maşınların fotolarını təqdim edirik.






Şərhlər