Menu

Anar Məmmədli həbs olundu

16.12.2013, 20:44
Anar Məmmədli həbs olundu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.  Bu barədə qərar Nəsimi rayon Məhkəməsində verilib.

Məhkəmədən APA-ya verilən məlumata görə, A. Məmmədli Cinayət Məcəlləsinin 192.2.2- ci maddəsi ilə (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub külli miqdarda gəlir əldə etmək) ilə ittiham olunur.

A. Məmmədli Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanma məntəqəsinə göndərilib.

Bildirilənə görə, müvəqqəti saxlanma məntəqəsi kimi Nərimanov rayon Polis İdarəsinin saxlanma məntəqəsinin seçilməsi ordakı şəraitin daha yaxşı olması ilə bağlıdır.

Anar Məmmədli ilə birgə istintaqa dəvət olunan Bəşir Süleymanlı isə APA-ya deyib ki, onlar istintaqa ayrı-ayrı dəvət ediliblər: “Məni saat 19:30-da sərbəst buraxdılar. Bir az sonra isə dövlət tərəfindən təyin olunmuş vəkil zəng edib Anarın həbs olunduğunu bildirdi”.

B. Süleymanlı bildirib ki, onlar idarəyə vəkilsiz gediblər. Onun bildirdiyinə görə, A. Məmmədlinin sabah Kürdəxanıdakı istintaq təcridxanasına köçürüləcəyi gözlənilir.

A. Məmmədlini müdafiə edəcək vəkilin də adı sabah bəlli olacaq.

Qeyd edək ki, bu gün saat 17 radələrində Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıblar.

Bir müddət sonra isə B. Süleymanlı və E. Məmmədli sərbəst buraxılsalar da, A. Məmmədli ilə dindirilmə davam edib.

Daha sonra isə A. Məmmədəli barəsində Nəsimi rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

****

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri (SMDTM) Anar Məmmədli həbs edilib. Bu barədə bizimyol.info saytına təşkilatın əməkdaşı Samir Kazımlı məlumat verib.

Qeyd edək ki, oktyabrın 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində yoxlamalar aparılıb, kompüterlərə baxılıb. Baş Prokurorluq Mərkəzin fəaliyyətində pozuntular aşkar etdiyini bildirib və fakt əsasında cinayət işi başlanılıb. Bundan sonra bir neçə dəfə təşkilatın rəhbərliyi və əməkdaşları dəfələrlə prokurorluğa çağırılaraq dindirliblər.

SMDTM müşahidəçiləri oktyabrın 9-da 120 dairəni əhatə edən 15 faiz seçki məntəqəsində prezident seçkilərini müşahidə ediblər və çoxsaylı qanun pozuntusu aşkar etmələri barədə rəy veriblər.

SMDT bəyanat verərək, təşkilata qarşı təzyiqlərin məhz bu hesabatla bağlı olduğunu bildiirblər.

S.Kazımlının verdiyi məlumata görə, Anar Məmmədli bu gün saat 5-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. "Onunla birlikdə Bəşir Süleymanlı və Elnur Məmmədli də həmin idarəyə çağırılıb. B.Süleymanlı və E.Məmmədli buraxılıb, Anar Məmmədli ilə isə dindirmə davam edib. Əldə etdiyimiz məlumata görə, sonra Anar Məmmədlini Nəsimi məhkəməsinə, oradan isə Nərimanov polis idarəsinə aparıblar. Hər üç şəxs qeyd olunan idarəyə vəkilsiz gediblər. Anara dövlət tərəfindən vəkil tutublar. Amma heç bir müqavilə bağlanmayıb. Tutulan Şöhrət adlı vəkil isə ancaq yuxarıda qeyd olunan məlumatlardan başqa heç nə demir."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol