"Vaxtilə Elşad Abdullayevdən bəhrələnib bu gün onu müdafiə etməyənlərə, gizlənənlərə sözümü demişəm"
ABU-nun sabiq rektoru Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədov sabiq deputat Gülər Əhmədovanın məhkəməsində maraqlı ifadə vermişdi. Həmin vaxt bəzi media orqanları H.Əhmədovun kürəkəni barəsində “yaramaz” dediyini yazmışdı.Bugünlərdə H.Əhmədov cumhuriyyet.az saytına açıqlama verərək, barəsində yanlış xəbərlər yayıldığını bildirib.
O, mətbuatda adından yazılan fikirlərdən xeyli təəccübləndiyini deyib: “Axı mən məhkəmədə belə sözlər deməmişəm. Orda nə qədər adam olub və dediklərim protokollaşdırılıb. Nəyə görə mənim adımdan yalan ifadələr yazılır? Mən Elşad Abdullayev haqda yaramaz ifadəsi işlətməmişəm. Əvvəla, belə bir ifadəni ictimai yerdə məhkəmə zalında işlətmək mənim adıma yaraşmaz. Digər bir tərəfdən, Elşad Abdullayev hüquq elmləri doktorudur, professordur, böyük bir ali məktəbin rəhbəri olub. Mən aliməm. Elmin və elm adamının qiymətini bilirəm. Bunu yazanlar təxribatla məşğuldur və əslində yaramazlıq elə bu yalanı mətbuat səhifəsinə daşımaqdır”.
Hüseyn müəllim mətbuatda yazılanlara etirazının yalnız bir ifadə ilə bağlı olmadığını bildirdi: “Guya mən orda demişəm ki, Elşad Abdullayevin qohumları imkan verməyiblər ki, mənə qulaq assın. Qətiyyən belə bir şey olmayıb. Mən ABU-da onun ətrafına toplaşan, bu gün isə ortada olmayan, vaxtilə Elşad Abdullayevdən bəhrələnib bu gün onu müdafiə etməyənlərə, gizlənənlərə sözümü demişəm. Demişəm ki, Elşad Abdullayev başına adamlar toplaşmışdı. Onlar Elşada deyirdilər ki, Hüseyn Əhmədov ”yeraz"dır, hər şeyi əlindən alacaq, ehtiyatlı ol. Zaman göstərdi ki, həmin adamların özündən ehtiyatlı olmaq lazım imiş".
E.Abdullayevin qayınatası prosesin aparılması ilə bağlı narazı qaldığı məqamları da dilə gətirdi: “Başa düşmək olmur günahkar kimdir? Kimi ittiham edirlər? Prokurorluq tərəfindən mənim kitabxanam möhürlənib. Yaradıcılıqla məşğul olduğum kitabları və diskləri müsadirə ediblər. Mənim ölkədən çıxmama qadağa qoyulub. Niyəsini bilmirəm. Mən axı neyləmişəm. Beynəlxalq tədbirlərə dəvət olunsam da, iştirak edə bilmirəm. Banka nəvəmin adına qoyduğum pula və ”Bank Respublika"da öz adıma qoyduğum 30 min manat pula həbs qoyulub. Bu həbslərin qoyulmasını Elşad Abdullayevin adı ilə bağlayırlar. Elşad Abdullayev nə edib axı bu addımı atırlar? Mənim 70 illik müəllimlik fəaliyyətim, elmi fəaliyyətim var. Axı ayıbdır".


Şərhlər