Həyat yoldaşı baş redaktordan yeni ismarışlar gətirdi
Məhbus jurnalist Əvəz Zeynallı ad günü ərəfəsində ailəsi ilə görüşüb. Dekabrın 17-də Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bununla bağlı “Media forum” saytına açıqlama verib.
Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan “Xural” qəzeti həmin gündən həftədə yeddi dəfəyə keçib. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Əvəz Zeynallı artıq 3-cü ildir ki, ad gününü dəmir barmaqlıqlar arxasında keçirir. 2013-cü ilin dekabr ayının 16-da məhbus jurnalistin 44 yaşı tamam olub.
“Media forum” saytına açıqlamasında Məlahət Zeynallı deyib ki, Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan həyat yoldaşı yaradıcı fəaliyyətini davam etdirir, Mustafa Kamal Atatürkün “Nutuk” kitabını Azərbaycan türkcəsinə çevirir, “Selcanın məmləkəti”ni yazır: “Ölkədə gedən ictimai-siyasi proseslərdən çox narahatdır. Mətbuatın bugünkü durumu onu qətiyyən qane etmir. “Azadlıq” qəzetinə və digər müstəqil qəzetlərə olan hücumları pisləyir. Təyinatlı deputatların maaş artımına etiraz edir. Əvəz Zeynallı hesab edir ki, millətin ağır vəziyyətdə yaşadığı vaxtda belə bir maaş artımı sosial disbalans yaradır.
O, saxlama şəraitindən şikayət etmədi. Dediyinə görə, saxlandığı cəzaçəkmə müəssisəsində mədəni və ziyalı insan çoxdur. Dustaqlar rəhbərliyə, rəhbərliksə dustaqlara hörmətlə yanaşır. Hamıdan hörmət görür, hörmətlə qarşılanır. O da bu münasibətin qarşılığını verməyə çalışır.
Budəfəki ad günündə də istər Əvəz Zeynallı özü, istərsə də yaxınları insanların ona hörmətlə yanaşdığının bir daha şahidi oldu. Görünür, bu da Əvəz bəyin səmimi xarakterindən qaynaqlanır. Çox istərdim ki, azadlıqda olsun, vətəninə, millətinə hər zaman olduğu kimi yenə də ləyaqətlə xidmət etsin”.


Şərhlər