Avropa.info saytının direktoru Ruslan Bəşirli müxtəlif nömrələrdən telefonuna gələn təhdid zəngləri ilə bağlı noyabrın 30 -da Binəqədi RPİ-nin 5-ci polis bölməsinə müraciət edib. Lakin ötən müddət ərzində direktordan izahat belə alınmayıb.
Bu haqda məlumat verən Ruslan Bəşirlinin dediyinə görə, o artıq polisin bu məsələni araşdırmaq istəmədiyini düşünür: "Dekabrın 3-də məsələ ilə əlaqədar Avropa.info saytının əməkdaşı Binəqədi rayon 5-ci polis bölməsi ilə əlaqə saxlamışdı. Polis bölməsindən bildirilmişdi ki, şikayətə baxılmaq üçün 15 gün vaxt var. Artıq mənim şikayətimdən 17 gün vaxt keçib. Polis isə heç bir araşdırma aparmaq fikrində deyil. Əslində, polisin bu məsələ ilə əlaqədar araşdırma aparmamaq istəyi əvvəlcədən göz önündə idi. Çünki mənim polisə təqdim etdiyim və məni təhdid edən telefon nömrələri Bakcell şirkətinə aid deyil. Polis isə açıqlamasında bildirmişdi ki, mənim təqdim etdiyim nömrələr əsasında guya Bakcell şirkətinə sorğu göndəriblər. Necə ola bilər ki, məni təhdid edən nömrələrin içində Bakcell nömrələri olmadığı halda bu şirkətə müraciət edilir?"
Ruslan Bəşirli bu məsələnin artıq onun üçün qapandığını bildirib."Bu məsələ artıq mənim üçün qapanmış məsələdir. Bir halda ki, bunu polis araşdırmaq istəmir, mən nə edə bilərəm ki? Əslində, mən bir jurnalist araşdırması olaraq bu telefon zənglərinin kimdən gəldiyini və bu zənglərin arxasında duranları da araşdırıb tapa bilərdim. Amma bu polisin işidir axı."
R.Bəşirli ona edilən telefon təhdidlərinin həyatı üçün ciddi təhlükə yaratmadığını bildirib.
"Mən əvvəl gündən bilirdim ki, bu təhdidlər mənim həyatım üçün ciddi təhlükə yaratmır. Sadəcə olaraq, bəzi keçmiş siyasətçilər onlar haqqında yazılan yazıları həzm edə bilməyəndə öz əlaltıları vasitəsilə jurnalistləri təhdid etdirir və söydürüməklə təsəlli tapırlar. Mən bunu alçaqlıq, şərəfsizlik, ləyaqətsizlik və eyni zamanda da qorxaqlıq kimi qiymətləndirirəm. Çünki bizim yaşayış tərzimizə görə, kişi-kişiyə sözünü onun üzünə deməlidir. Daha qorxaqcasına əlaltıları vasitəsi ilə telefonda jurnalisti ən pis söyüşlərlə söydürmək kişiyə yaraşan hərəkət deyil."


Şərhlər