“Mən Nizami Musayevi yaxşı və təmiz işçi kimi tanıyıram. O, Azərbaycanda Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yaradılması üçün çox iş görüb”. Bu sözləri virtualaz.org saytına açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov “bandotdel”in sabiq rəisinin həbs olunması xəbərinə münasibət bildirərkən deyib.
İ.Həmidovun sözlərinə görə, 1995-ci ildə N.Musayevə qarşı xüsusilə külli miqdarda dövlət və ictimai əmlakı mənimsəmə maddəsi ilə ittiham irəli sürülmüşdü: “Amma Nizami Musayev heç nə mənimsəməmişdi. Musayev o zamankı prezident Əbülfəz Elçibəyin tapşırığına əsasən Çeçenistana ezamiyyətə göndərilmiş və Qroznıda Cövhər Dudayevə 200 min dollar nağd pul vermişdi. Görünür, Musayevi yenə bu məsələyə görə saxlayıblar. Halbuki o vaxt həbs etməmişdilər. Yəqin Rusiya tərəfi Musayevi həbs etmək məsələsini rəsmi Bakının qarşısında bir daha qaldırıb. Musayevin nəsə ciddi bir qanun pozuntusuna yol verdiyini düşünmürəm”.
* * *

1995-ci ildən axtarışda olan N.Musayevə qarşı Cinayət Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-ə qədər qüvvədə olmuş) 88-1-ci (dövət əmlakını və ya ictimai əmlakı, xüsusilə külli miqdarda talama) və 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. DİN-nin mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, N.Musayev həm aktyor, həm ssenarist, həm də rejissor kimi tanınıb, eyni zamanda bir çox təhlükəli fəndlərin quruluşçusu olub (idmançı olduğuna görə, bir çox fəndləri şəxsən yerinə yetirib).
N.Musayevin ən məşhur filmi “Lətifə” filmidir. Həmçinin “Alman klinikasına şəxsi səfər”, “Araqarışdıran”, “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “İşarəni dənizdən gözləyin” , “Qanlı zəmi”, “Qara gölün cəngavərləri”, “Qorxma, mən səninləyəm” və “Yaramaz” kimi filmlərin çəkilməsində iştirak edib.

Şərhlər