«Rusiya iqtisadiyyatı Avropa iqtisadiyyatı ilə müqayisədə azı 50 il geri qalır!»
Krımın ilhaqından sonrakı dövrdə Rusiyada cərəyan edən proseslər KİV-nin gündəmindən düşmür. Bu ölkənin arqessiv davranışı yaxın-uzaq qonşuları qorxuya salır, onları mümkün qədər ehtiyatlı davranmağa sövq edir. Araşdırmalar göstərir ki, Rusiyanın özündə də «ayıq başla düşünənlər» var. Ölkədə baş verənləin fonunda dünyanın mütərəqqi kəsiminin Rusiyadan sürətlə uzaqlaşması rusiyalı vətənpərvərləri hamıdan çox narahat edir. Nədən ki, öz naqis davranışlarının məntiqi nəticəsi olaraq, getdikcə təklənən Rusiyanın yaşadığı iqtisadi tənəzzül, milli valyutanın sürətlə dəyərdən düşməsi, biznes üzərində siyasi hakimiyyətin total inhisarının bərqərar olması, ölkə siyasilərinin dilindən tez-tez müharibə çağırışlarının (hətta, nüvə hədələrinin) səslənməsi, nəhayət, sankisiyaların və s. bu ölkəyə yaxşı gələcək vəd etmədiyi indi hər kəsə gün kimi aydındır.
Analitiklərin fikrincə, hətta soyuq müharibənin tüğyan etdiyi sovetlər dönəmində də dövlət xadimlərinin dilindən «nüvə hədələri» eşidilmədiyini nəzərə alsaq, indi Rusiya prezidenti Vladimir Putinin dilindən səslənən «hətta nüvə arsenalımızı belə yüksək döyüş hazırlığı vəziyyətinə gətirmişdik» etirafı gerçəkdən, bəşəriyyətə, o cümlədən, Rusiyanın özünə yönəlik ciddi təhdid hesab oluna bilər. Bütün bunlar hazırkı durumun ciddiliyindən xəbər verir...
Mütəxəssislər hesab edirlər ki, Rusiyada avtoritar idarəetməyə keçid hələ 2003-cü ildən başlayıb. Bu istiqamətdə rusiyalı jurnalist, "The New Times" jurnalının baş redaktoru Yevgeniya Albatsın keçmiş DTK general-mayoru Aleksey Petroviç Kondaurovla «Putin: 15 il hakimiyyətdə» mövzusunda apardığı söhbət xeyli diqqətçəkəndir («Exo» radiosu, 30 mart 2015-ci il). Münasib vaxtda həmin söhbəti oxucularımızın diqqətinə çatdıracağıq. Həmin söhbətdə xanım Albats, Kondourova açıq mətnlə deyir ki, indi Rusiya biznesində sizin kolleqalar (keçmiş DTK əməkdaşları) üstünlük təşkil edirlər. Aydındır ki, iqtisadiyyat üzərində total inhisarın (DTK inhisarının) bərqərar olması bu ölkədə azad biznesin inkişafını əngəlləyən əsas maneə hesab olunur. Çağdaş Rusiya iqtisadiyyatının rəqəmlərlə ifadəsi deyilənləri əyani surətdə təsdiqləmiş olur. Bu yöndə, bir neçə gün bundan əvvəl Rusiya iqtisadiyyatına yönəlik Avropa Parlamentində səslənən fikirlər ibrətamizliyi ilə diqqəti çəkir. KİV-in 2 gün əvvəl (martın 31-i) yaydığı məlumatda deyilir ki, Avropa Parlamentinin Tədqiqat xidmətinin hesabatında belə bir fikir yer alıb: «Rusiya iqtisadiyyatı Avropa iqtisadiyyatı ilə müqayisədə azı 50 il geri qalır!» Əlavə edilir ki, böyük ehtimalla, bu fərq yaxın illərdə azalmayacaq...

Hesabat müəllifləri qeyd edirlər ki, şəxsi maraqlar naminə Rusiyanın yüksək çinli məmurları ölkənin milli maraqlarının əksinə getməkdən çəkinmirlər. Misal olaraq belə bir fakt ortaya atılır ki, hələ 90-cı illərdə Rusiya Federasiyası Kosmik Agentliyinin direktoru Yuri Koptev İrana nüvə texnologiyası satmağa cəhd göstərib. Müəlliflər hesab edirlər ki, ölkədə hakimiyyətin kriminallar tərəfindən zəbt olunması SSRİ dağılandan az sona - partiya nomenklaturası ilə DTK təmsilçilərinin birləşərək, mafioz struktura çevrilməsindən sonra başlanıb...

Bir müddət bundan əvvəl «Arqumentı i Faktı» qəzetinin verdiyi məlumatda deyilirdi ki, hazırda Rusiya Dövlət Dumasının deputatları sırasında 7 nəfər «qanuni oğru» yer alıb...
Rusiyanın indiki çıxılmaz vəziyyətə düşməsinin səbəbləri sadaladığım amillərlə bitmir. Burada ölkə iqtisadiyyatının böyük nisbətdə, neftdən asılı vəziyyətdə olması, hakimiyyətin isə onu vaxtında diversifikasiya etməməsi amilini xüsusi qeyd etmək lazımdır. Heç təsadüfi deyil ki, məlum hadisələrdən sonra Qərbin tətbiq etdiyi sanksiyaların «istisi» hakimiyyət mənsublarının «canına təsir edən kimi» prezident Putin özü diversifikasiya məsələsini qabartdı və bu istiqamətdə buraxılmış səhvləri xusisilə tənqid atəşinə tutdu. Fəqət, gec idi - məqam əldən buraxılmışdı.

Təsadüfi deyil ki, bu günlərdə Rusiyada keçirilən bir tədbirdə (Vətəndaş Təşəbbüsləri Komitəsi) Strateji Araşdırmalar Mərkəzinin direktoru Sergey Belanovski elə beləcə deyib: «Bu gün Rusiyada gerçək siyasi partiya yoxdur, siyasi səhnədə isə təkcə bir oyunçu qalıb - Vladimir Putin».

Bu sıraya rusiyalı deputat Leonid Slutskinin İrəvanda Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri, Prezident Vladimir Putinin Qazaxıstan barədə dediklərini də («tarixdə Qazaxıstan adlı dövlət olmayıb») əlavə etsək, gözlərimiz qarşısında gerçək mənzərə bütün eybəcərlikləri ilə canlanmış olar. Buraya, Rusiyanın Baltik ölkələrinə, Moldovaya, Gürcüstana yönəlik yeritdiyi «samanaltı» siyasəti də əlavə etmək lazımdır. Belədə, gözlərimiz qarşısında aşağıdakı sual «bərq vurur»: «Bütün bunlar Rusiyaya qarşı adekvat reaksiya doğurmurmu?»
Sadaladıqlarım heç də o qənaətə gəlməyə əsas vermir ki, çağdaş Rusiya gerçək vətənpərvər insanlardan, ayıq başla düşünən siyasətçilərdən xalidir. Əsla! Müşahidələr göstərir ki, Rusiyanın çağdaş imperialist siyasəti ölkədə çoxlarını ciddi şəkildə narahat edir. Məsələn, bu günlərdə rusiyalı siyasətçi, «Levada-Mərkəz»in rəhbəri Lev Qudkov belə bir fikir səsləndirib ki, artıq Rusiya hakimiyyəti avtoritar mahiyyətini aşaraq, repressiv və despotik məzmun alıb! Bu da mahiyyət etibarilə, ölkədə siyasi özbaşınalığın tüğyan erməsi, konstitusiya qarışıq, dövlət qanunlarının hesaba alınmaması deməkdir. Fəqət, hələlik bu ölkədə despotik hakimiyyətin mövqeyi xeyli möhkəmdir. Çünki, belə vəziyyət əlahəzrət «kriminal kapital»ı qane edir...
Mirzə AĞ
AzPolitika.info

Şərhlər