Fərhad Məmmədov: “Ən vacib məsələ hərbi-siyasi koalisiyalara qoşulmamaq, balansı saxlamaq və suverenlik səviyyəsini artırmaqdır”
"Beynəlxalq münasibətlərdə qeyri-müəyyənlik dərinləşir və bu proses sürətlə davam edir. İlin sonuna qədər regionumuza təsir edən demək olar ki, bütün xarici məsələlərdə yeni vəziyyət formalaşmalıdır və Azərbaycan bu nəticələrə uyğun olaraq öz mövqeyini müəyyənləşdirmək məcburiyyətində qalacaq".
“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov dünyada və regionda dərinləşən geosiyasi qeyri-müəyyənlikləri şərh edərkən bildirib.
ABŞ-da seçkilər və qlobal proseslərin tormozlanması
Politoloq qlobal mənzərəni şərtləndirən əsas amilləri və Azərbaycan üçün vacib məqamları diqqətə çatdırıb: "ABŞ Konqresinə və Senata gözlənilən seçkilər ən mühüm hadisədir. Bu seçkilərdən sonra Prezident Trampın beynəlxalq arenada əvvəlki kimi aktiv qalıb-qalamayacağına aydın cavab tapılacaq. Konqressin hər iki palatasında nəzarətin itirilməsi onun fəaliyyətini məhdudlaşdıracaq və ABŞ daxilində qarşıdurmanın başlamasına gətirib çıxaracaq.
Bu qeyri-müəyyənlik Rusiya-Ukrayna müharibəsinə də doğrudan təsir edir - həm Moskva, həm də Kiyev seçkilərin nəticələrini gözləyərək həlledici addımlar atmayacaqlar. Bu intervalda müharibə artan xətt üzrə davam edəcək".
Avropada sağçıların yüksəlişi və böhran
F.Məmmədov qeyd edir ki, "Almaniyada 'Almaniya üçün Alternativ' (AfD) partiyasının qələbəsi və Fransada Le Penin partiyasının yüksək göstəriciləri ümumi qeyri-müəyyənliyə əlavə gərginlik qatır. Onun sözlərinə görə, Aİ-nin “lokomotivləri” transformasiya dövrünü yaşayır. “Avropa tipli demokratiya” aşkar şəkildə ultra-sağçı qüvvələri hakimiyyətə gətirir: “Almaniya və Fransanın siyasi elitaları öz 'müstəsnalıqlarına' alışdıqları üçün səhvlərini etiraf etmirlər ki, bu da kəskin böhran vədi verir. Avropadakı bu vəziyyət qlobal və regional qarşıdurma nöqtələrində qərarların qəbul edilməsi prosesinə də təsir göstərir".
İran, İsrail və Çin amili
Politoloq vurğulayır ki, "İran regionu gərginlikdə saxlamaqda davam edəcək və həm İsrail, həm də ABŞ-dəki seçkilərin nəticələrini gözləyəcək. Mövcud administrasiyalarla hazırkı şəraitdə hər hansı qərar qəbul etmək rasional sayılmır: “Çin və ABŞ liderlərinin gözlənilən sammiti vacib hadisə olsa da, Pekin də tələsməyəcək və Vaşinqtondakı seçki nəticələrini gözləməyi üstün tutacaq. Beləliklə, ABŞ, Avropa və İsraildəki qeyri-stabillik Çin, Rusiya və İrana qərar qəbulunu yubatmaq üçün obyektiv şərait yaradır".
"Dünyanı üçlükdə idarə etmək mümkün olmayacaq"
Fərhad Məmmədovun sözlərinə görə, mövcud problemləri "üçlükdə" (ABŞ, Çin, Rusiya) həll etmək mümkün deyil: "Məsələlər həddən artıq çoxdur, maraqlar müxtəlifdir. Həm də ortada hər şeyi dictə edən tək qalib və şərtləri qəbul edən məğlubun olduğu bir dünya müharibəsi yoxdur. Aktiv hərbi əməliyyatlar aparan ölkələr zəifləyir, lakin münaqişələrdən kənarda qalan böyük güclər və dövlətlər var".
Azərbaycan nə etməlidir?
Politoloq vurğulayıb ki, kiçik və bir sıra orta dövlətlər aktiv qarşıdurma proseslərindən kənarda qalır və Azərbaycan da bu ölkələrdən biridir: "Müharibə iştirakçıları və iri dövlətlər bizim qonşuluğumuzda yerləşir. Böyük resurslar itirmələrinə baxmayaraq, onlar hələ də regional səviyyədə aktiv aktyor olaraq qalırlar. Azərbaycan isə qonşu ölkələrlə, eləcə də kiçik və orta dövlətlərlə sıx əlaqələr nümayiş etdirir, əsas güc mərkəzləri ilə balansı qoruyur.
“Mövcud qeyri-müəyyənlik şəraitində kiçik və orta ölkələr üçün ən vacib məsələ hərbi-siyasi koalisiyalara qoşulmamaq, balansı saxlamaq və suverenlik səviyyəsini artırmaqdır. Bu, təhlükəsizliyin və inkişafın asılı olduğu ən mürəkkəb tapşırıqdır," – ekspert bildirib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər