11 iyulda qəfildən vəfat edən senator Lindsi Qremin "cəhənnəm sanksiyaları"(sanctions bill from hell) ABŞ Senatından dərhal və sürətlə keçsə də, Konqresdə “ilişib qalıb”. ABŞ Nümayəndələr Palatası Rusiyaya və onunla ticarət edənlərə qarşı sərt tədbirləri nəzərdə tutan bu layihənin qəbulunu ən azı noyabr ayında keçiriləcək Konqres seçkilərinə qədər təxirə salmağa hazırlaşır.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
ABŞ Nümayəndələr Palatasının sədri Mayk Consonun sözlərinə görə, qanun layihəsi təkcə Demokratlar deyil, həm də müəyyən Respublikaçı qruplar arasında da narahatlıq doğurub.

"Hamımız Rusiyaya qarşı sanksiyaları dəstəkləyirik, amma formul düzgün olmalıdır", - Conson deyib.
Qanun layihəsi Senatdan rahatlıqla keçsə də, Konqres üzvləri Trampa əlavə tarif tətbiqi səlahiyyətinin verilməsinin neft qiymətlərinin artmasına səbəb olacağından və Vaşinqtonun ticarət tərəfdaşlarına zərər verəcəyindən qorxurlar. Məlum olduğu kimi, bu layihə Ağ Evin Rusiya nefti və təbii qazının alıcılarına – xüsusən də ən böyük beş alıcısına ABŞ ilə ticarətdə 100%-lik əlavə tarif tətbiq edilməsini nəzərdə tutur. Bunların arasında Çin, Hindistan və Türkiyə də var…
Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin respublikaçı sədri Brayan Mast bildirib ki, qanun layihəsinin yanacaq bazarına təsiri hazırda qiymətləndirilir. Onun sözlərinə görə, bu qanunla Hindistanı və Rusiya xammalının digər alıcılarını alternativ mənbələrə keçməyə məcbur etmək ABŞ-dəki seçkilər ərəfəsində benzin qiymətlərinin artmasına səbəb ola bilər.

Demokratlar isə qanun layihəsinə əsasən ona görə qarşı çıxırlar ki, bu, Tramp administrasiyasının tariflərdən məhdudiyyətsiz istifadəsinə hüquqi əsas yarada bilər. Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin nümayəndəsi Qreqori Miks Trampa hazırda malik olmadığı səlahiyyətlərin verilməsi cəhdini tənqid edib. Demokrat konqresmen Bred Şnayder isə qanundakı tarif müddəasını "qəbuledilməz" adlandırıb.
Qanunun Konqresdə “ilişməsinə” əsas yaradan daha bir ciddi səbəb böyük neft şirkətləri və digər iri bazar iştirakçılarının mövqeyidir. Belə ki, “ExxonMobil”, “General Electric”, “Ford”, “Pfizer” və ABŞ Ticarət Palatası da daxil olmaqla böyük bizneslər qanun layihəsinə qətiyyətlə qarşı çıxıblar.
Onlar hətta bununla bağlı Konqresə məktub da göndəriblər.
"Biz qanun layihəsinin bəzi hissələrinin ticarət tərəfdaşlarımıza və müttəfiqlərimizə qarşı yeni, kütləvi tariflər tətbiq etməklə istehlakçılar üçün gözlənilməz nəticələrə səbəb ola biləcəyindən narahatıq", - deyə “Retail Industry Leaders”-dən Ellen Cekson bildirib.

Qanunun qəbulunun ləngiməsinə daha bir səbəb ABŞ administrasiyasının Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün danışıqlarda vasitəçilik cəhdləridir. Administrasiyada bir çoxları hesab edirlər ki, Rusiyanı anlaşmaya razı salmaq üçün bu cür sərt sanksiyalarla eskalasiyanı daha da artırmaqdansa, onları təxirə salıb, konstruktiv danışıqlar aparmaq daha məqsədəuyğundur. Artıq məlum olduğu kimi, Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə və Moskvaya yeni səfərləri göğzlənilir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib. Belə bir təşəbbüs fonunda “cəhənnəm sanksiyaları”nın Konqresdə nəinki təsdiqlənməsi, hətta müzakirəyə və səsverməyə çıxarılması da məqsədəuyğun sayılmır…
Bir sözlə, qanunun qəbuluna qarşı bir-birinə zidd tərəflərdən ibarət maraqlı bir konsensus yaranıb. Həm Demokratlar, həm Respublikaçılar, həm də böyük biznes onun ən azından bir çox maddələrinin əleyhinədir və bunun üçün tərəflərin hər birinin ayrı-ayrılıqda öz əsasları, səbəbləri var. Tramp hər nə qədər Konqresin ona tariflərlə bağlı verə biləcəyi səlahiyyətlərə yiyələnməkdə həvəsli olsa belə, bu layihənin mənfi tərəflərini də nəzərə almaya bilmir.

Odur ki, “Blommberg”-in də yazdığı kimi, “cəhənnəm sanksiyaları”nın ən azından noyabr seçkilərinə qədər təxirə salınacağı real görünür. Seçkilərin nəticələrindən və ümumilikdə geosiyasi vəziyyətin hansı istiqamətə dəyişməsindən asılı olaraq isə bu məsələ ümumiyyətlə gündəmdən və yaddan çıxarıla da bilər. Belə nümunələr az deyil…
Xatırladaq ki, əvvəlcə "cəhənnəm sanksiyaları" paketi ABŞ-nin Rusiya enerji məhsullarını alan ölkələrə 500 faizlik ikinci dərəcəli tariflər tətbiq etməsini nəzərdə tuturdu. Lakin Qrehemin ölümü ərəfəsində və ondan sonra sənəddə bir qədər dəyişiklik edilib. 500 faiz rəqəmi 100 faizlə əvəzlənib. Qanun layihəsi Nümayəndələr Palatasdından keçərsə, Donald Tramp həmin sanksiyaları müstəqil şəkildə tətbiq və ləğv edə biləcək.
Qanun layihəsinin yeni versiyasının mətninə əsasən, sanksiyalar Rusiyanın yüksək siyasi və hərbi rəhbərliyinə, dövlət şirkətlərinə və Rusiya müdafiə sənayesini dəstəkləyən xarici müəssisələrə qarşı da tətbiq olunacaq.
Bundan əlavə, Rusiya Mərkəzi Bankına, “Sberbank”a və “Qazprombank”a, eləcə də Rusiyanın iri enerji layihələrinə - xüsusən Yamal LNG, üç Arktika LNG layihəsi və Arktikada gələcək enerji layihələrinə qarşı sanksiyalar nəzərdə tutulur.
Qeyd edək ki, xüsusilə də Ukrayna bu sanksiyaların təbiqində israrlıdır. Lakin göründüyü kimi, ABŞ-dəki siyasi və iqtisadi güclərin öz maraqları var və bu maraqlar heç də hər zaman Kiyevin, ukraynalıların maraqları ilə üst-üstə düşmür…
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər