Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti, millət vəkili Rövnəq Abdullayevin doğum günüdür. ARDNŞ prezidenti 50 yaşını qeyd edir.
ARDNŞ-in prezidenti ötən gün prezidentin İlham Əliyevin sərəncamı ilə `Şöhrət` ordeni ilə təltif edilib.
Rövnəq Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə daxil olub. 1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək "Neft Daşları"nda əmək fəaliyyətinə başlayıb.
1990-cı ildən "28 May" NQÇİ-də əsaslı tikinti şöbəsində mühəndis, 1991-ci ildən "Xəzərdənizneftqazinşaat" Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin istehsalat texniki şöbəsinin rəisi, 1994-cü ildə isə həmin idarənin baş mühəndisi vəzifələrində çalışıb. 1997-ci ildən "Xəzərdənizneftqaztikinti"trestinin müdiri vəzifəsində işləyib, 31 mart 2003-cü il tarixdə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru vəzifəsinə təyin edilib. 6 noyabr 2005-ci il tarixdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 9 dekabr 2005-ci il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin edilib.
2004-cü ilin fevralından "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti olub, 2008-ci ildən AFFA prezidentidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2005-ci və 2010-cu illərdə keçirilən üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
***
“Rövnəq Abdullayev çox yaxşı tələbə idi. Dərslərini yaxşı oxuyurdu. Əlaçı idi, həmçinin də qrup nümayəndəsi idi”.
Bunu AzVision.az-a açıqlamasında Rövnəq Abdullayevin qrup yoldaşı, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) zavodun direktoru Ayaz Qarayev deyib.
O, bu gün 50 yaşı tamam olan Rövnəq Abdullayevin tələbəlik illərindən danışıb və xoş xatirələrini bölüşüb:
“Biz Rövnəq müəllimlə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda bir qrupda oxumuşuq. Onunla tələbəlik illərində yaxın münasibətimiz olub. Daha sonra onunla birlikdə Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşuq”.
A.Qarayevin sözlərinə görə, ARDNŞ prezidenti tələbəlik vaxtı əlaçı olub: “Onunla Sənaye və mülki tikinti fakültəsində təhsil alırdıq. Rövnəq müəllim dərslərə həmişə hazır gəlirdi. O, daha çox texniki fənlərlə maraqlanırdı. Daha sonra biz Moskvada təhsilimizi davam etdirdik. O zamanlar bir yataqxanada qalırdıq. Rövnəq müəllim əla tələbə və qrup yoldaşı idi”.
A.Qarayev tələbəlik illərində qeyd olunan ad günləri ilə bağlı xoş xatirələrində bölüşüb. “O vaxtlar biz bütün qrup yoldaşlarımızın ad günlərini qeyd edirdik. Tələbəlikdə kolbasa çörək alıb, bir yerə toplaşadıq. Bununla da biz ad günü keçirirdik”.
A.Qarayev R. Abdullayevlə arada bir görüşdüyünü də deyib: “Hazırda mən müəssisə rəhbəriyəm. Rövnəq müəllimlə hərdənbir görüşürəm. Görüşlərimiz yalnız işlə əlaqədar olur”.

Şərhlər