Türkiyədə Naxçıvanla sərhəddəki Dilucu gömrük keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs olunan Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun nədə ittiham olunduğu hələ də məlum deyil. Azərbaycan Dövlət Gömrük Komitəsi və Türkiyədəki konsulluğumuz məsələnin araşdırıldığını açıqlamaqla kifayətləniblər. İlknin məlumatlar isə M.Seyidova qarşı ciddi ittihamların irəli sürüləcəyindən xəbər verir.
Məsələ ondadır ki, uzun illərdir Sədərək gömrük məntəqəsində çox böyük miqyaslı korrupsiya, rüşvət var. Bunu isə Azərbaycan və Türkiyə gömrükçüləri əlbir halda həyata keçirirlər. Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə böyük əməliyyat keçirilib. Əməliyyat zamanı 7 gömrük işçisi (1-i qadındır) 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib. Aydındır ki, Azərbaycan gömrükçülərinin razılığı olmasa, türk gömrükçülər hər hansı qanunsuz fəaliyyətə qol qoya bilməzdilər. Bu səbəbdən M.Seyidova qarşı da ittihamların irəli sürüləcəyi ehtimalı yüksəkdir.
Bu arada M.Seyidovla bağlı AzPolitika.info-ya ilginc bir məlumat daxil olub. Dəqiqləşdirilmiş məlumata görə, Mirməhəmməd Seyidov Binəqədi rayonunun sabiq prokuroru, Elşad Abdullayev işində adı hallanan və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Mirələkbər Seyidovun qardaşıdır.
M. Seyidov Naxçıvanın giriş qapısı sayılan Sədərək Gömrük Keçid Məntəqəsinə 10 ilə yaxındır rəhbərlik edir. O bu vəzifədə Laba ləqəbi ilə tanınan məşhur Mübariz Pənahovu əvəzləyib. Vaxtilə M. Pənahov da bu vəzifədə 10 ilə yaxın çalışıb və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla qarşıdurma üzündən öz vəzifəsindən istefa verərək Bakıya gəlib.
Bu vəzifə Azərbaycanda yüksək məmur postu sayılır.
V.Nəsibov
AzPolitika.info


Şərhlər