Armaqeddon ərəfəsində

Əbülhəsən ABBASOV

“Dünya nehrə kimi çalxalanır. Bu xaos bəşəriyyəti hara aparır? Ukrayna böhranını,Yaxın Şərqdə, Afrika ölkələrində davam edən xaosu kimlər yaratdı və niyə? Yaranmış tarixi şəraitdə Azərbaycan özünü necə aparmalı, hansı yolla getməlidir?”- belə suallarla son vaxtlar tez-tez qarşılaşıram. Müsahibə götürən jurnalistlər də, adətən, onların cavablandırılmasını istəyirlər.

Xüsusi sübuta varmadan demək olar ki, bəşəriyyət, turbulentliyi sürətlə artan ciddi böhran içərisindədir, bəkə də “son partlayış” ərəfəsindədir . Bu böhranın nüvəsini, fikrimcə, müasir qlobal kapitalizmin və onun aparıcı ideya-nəzəri daşıyıcısı olan liberalizmin böhranı təşkil edir. Müasir təqdimatda bu liberalizmi (müxtəlif modifikasiyalarına baxmayaraq) oliqarxik liberalizm də adlandırmaq olar. Oliqarxik liberalizm, anqlosakson mahiyyətli liberalizmin tarixi məhsulu olaraq, keçən əsrin 50-ci illərinin sonu – 60-cı illərinin əvvəllərindən başlayaraq təkan almış və artıq 80-ci illərdən üzübəri möhkəmlənmişdir. (Səbəb və təfərrüatları barədə ayrı-ayrı yazılarımda fikirlərimi bildirmişəm!). Oliqarxlaşmanın vüsət əldə etməsi, öz növbəsində, qlobal kapitalizmə məxsus olan mənfi səciyyəni daha da gücləndirmiş, kapitalizmin insana və insanlığa qarşı amansızlığını, anti-humanizmini tam çılpaqlığı ilə ortaya qoymuşdur. Nəticə olaraq, qlobal miqyasda, haqq-ədalət bə bərəbərlik müstəvilərində həm ölkədaxili, həm də dövlətlərarası tarazlıq ciddi surətdə, ifrat dərəcəsində pozulmuşdur. Qısaca desək, varlılar (azlıq) daha da varlanmış, kasıblar (çoxluq) isə daha da yoxsullaşmış. Hüquqa, sərvətə, tükənməz imkanlara sahiblik azlığın əlində cəmlənmiş, yoxsulluq, səfalət, zülmə dözmək aqibəti çoxluğun qismət payı olmuşdur. Xüsusən ölkələrarası nusbətdə “sərvətli” – “yoxsul” fərqi ağlagəlməz dərəcədə böyümüş, kəskin qütbləşmə baş vermişdir; qlobal kapitalizmin söz sahibi olan imtiyazlı ölkələrindən kənar bütün ölkə və regionlar total istismara, talana məruz qalmışlar. “Geriqalmış ölkələr”in geriliyini, məzlumluğunu əbədiləşdirmək, ayrı-ayrı bölgələrdə artan haqlı narazılığı, nifrət və üsyançılığı çərçivələmək, yatırtmaq üçün hər cür hiylə və fəndlərin yeni-yeni üsul və formaları düşünülmüş, işə salınmışdır.

Dünyanı örümçək toru kimi bürümüş transmilli korporasiya və bankların, onların gizli-məşum şəbəkələrinin həmlələri, siyasi-hərbi müdaxilələr, ideoloji-psixoloji-mənəvi təcavüz, “müasir mədəniyyət” adı altında etno-milli kodların dəyişdirilməsi, tarixi gen yaddaşının məqsədli surətdə zədələnməsi, ənənəvi dəyərlərin ortadan götürülməsi və mahiyyətcə saxta, içi boş, asosial “dəyərlər”lə əvəzlənməsi, eyni zamanda, istehlakçılıq, əşyaçılıq psixologiyasının, maddiləşmə-mənfəətləşmə, əyləncə-şou ovqatının alovlandırılması, beyinlərin və qəlblərin “yuyulması”, səmimi insani tellərin, sağlam münasibətlərin yaşamasına, özünü göstərməsinə yer və imkanın verilməməsi və s.- bütün bunlar qlobal kapitalizmin arsenalını təşkil edirdi və etməkdədir. Həqiqətən də bəşəri sərvət sayılmalı “hüquqi dövlət”, “vətəndaş cəmiyyəti”, “demokratiya”, “insan haqları” kimi məfhumlar da, əsasən, bu məqsədlə işə salınmış, böyük təmtaraqla, hay-küylə, yüzminsifətlə təqdim olunmuşlar. Xüsusən “soyuq müharibə”dən sonra bu dəyərlər əməlli-başlı sui-istifadə alətinə çevrilmişlər.

Məsələn, son onilliklər ərzində qəbul edilmiş beynəlxalq sənədlərə baxmayaraq, insan hüquqları məsələsində ikili standartlar, təmənnalı münasibət, ayrı-seçkilik özünü göstərir, ABŞ və Avropa İttifaqı ölkələri özləri üçün rəva bilmədiklərini başqaları üçün məqbul sayırlar; insanların haqqı iqtisadi, geosiyasi və hətta şəxsi maraqlara qurban verilir. Oliqarxik (maliyyə-sələmçi) kapitalizmin aparıcı ölkələri insan haqqlarının praktiki müstəvidə reallaşması məsələsinə çeşidli münasibətlərinə bir növ bəraət qazandırmaq üçün rəsmi əsas da ortaya qoymuşlar. Avropa İttifaqının “Əsas hüquqlar haqqında Xartiya”sı (7 dekabr 2000-ci il), bütün pozitiv cəhətləri ilə yanaşı, həm də məhz bu niyyətə qulluq edir: necə deyərlər, insan haqlarının arxasında durmağı üzərlərinə götürmüş ölkələr universal elan etdikləri prinsipi özləri universallıqdan çıxarmışlar – hüquqlar kopleksinin qeyd-şərtsiz, mütləq ödənilməsini yalnız artıq demokratiya şəraitində yaşayan Avropa İttifaqı ölkələrinin qismətinə yazmış, onların “toxunulmaz mülkiyyət”i elan etmişlər.

Qlobal demokratiya carçılarının dünyaya yeritdikləri “birinci”, “ikinci” və “üçüncü” demokratiya dalğaları (indi “dördüncü”dən də danışırlar!), bir qayda olaraq, bu dəyərlərin mahiyyəti üzrə qərarlaşmasını deyil, onlar vasitəsilə məkrli oyunlar qurmaq, manipulyasiya imkanları qazanmaq, “müstəqiləm!” deyən xalqlara və dövlətlərə kəmənd atmaq, onları çaşdırmaq, bir-birinə qarşı qoymaq, milli hakimiyyətlərin xalqla təmasını, ünsiyyətini qarşılıqlı nifrət, etibarsızlıq üzərində kökləməklə hər iki tərəfi özündən asılı etmək, bəribaşdan onların – həm xalqın, həm də hakimiyyətin – suverenliyini qansız-qidasız qoymaq, hər cür hiylə ilə dirçəliş və tərəqqi nəfəsliklərini kəsmək, “bizdən olmayan” çoxluğu ruhsuz, qəlbsiz-ürəksiz monstr-mənəviyyatsızlıq burulğanında boğmaq, ali varlıq deyilən insanı pyedestalından salmaq, bayağı deyib-gülən, zövqsiz və idraksız məxluqa çevirmək məqsədi güdmüşdür. Millətləşmə, bütövləşmə arzusunda olan toplumlara məbadə belə imkanlar yaratmaq, əksinə, bu arzu-eşqdən daha da uzaqlaşdırmaq, elə etmək ki, məzlum xalqlar yerimək əvəzinə taytılasınlar, danışmaq əvəzinə kəkələsinlər, dərindən düşünüb çıxış yolu tapmaq əvəzinə məlul-məlul faciəsini seyr edib elə öz zalımlarından da imdad diləsinlər.

Məqsəd güdülürsə, deməli, ona hədəflənmiş vəzifələr kompleksi həyata keçirilməlidir. İlk növbədə, Stalinin məşhur “Kadrlar hər çeyi həll edirlər!” düsturunu rəhbər tutaraq elə etmək ki, hədəfə alınmış ölkələrdə idarəetmənin bütün mühüm “nöqtə”lərində tamamilə mahiyyətə cavab verməyən şəxslər əyləşsinlər, kifayətdir ki, mümkünsə, “bizim dildə”, yəni, ingiliscə danışsın. Məsələn, elə nazirlər olmalıdır ki, düşünən insanlar (hələ varsa!) onların elə simasını, güya ana dilində danışmalarını, cümlə qurub-bitirmələrini, heç bir standarta sığmayan “dəmir məntiq”lərini, anadangəlmə və qazanılmış idarəetmə məharətlərini görüb ata-baba yurdlarına, tarixi torpaqlarına, üstəgəl, canlarına, sağlamlıqlarına, az-çox dözüləsi güzəranlarına əlvida desinlər, təmiz suya-havaya, ərzağa tamarzı qalsınlar. (Bu yerdə metrəyarım boylu, bəzən çəlimsiz, sısqa, bəzən də gombul tamadaların toylarda bizlərə töhfə etdikləri məza-desert yadıma düşür: “Kül başıva Hitler, gör, sənin qabağıva kimi çıxarıblar!”). Yaxud ən aparıcı təhsil müəssisəsinin rektoru o kəs olmalıdır ki, görkəmli riyaziyyatçının adına (körpəlikdən) və bütün titullara sahiblənmiş (sonradan) mötəbər və möhtərəm şəxs qismində elm-təhsil deyilən nəsnəni “qlamur” vəziyyətə salsın, lap işıltılı-parıltılı, şak-şak, bax-bax eləyən əlçatmaz jurnalların üzqabığı kimi – belə ki, hamı birdəfəlik bilsin: ali məktəbə elmi biliklər almaq üçün yox, prestij üçün, rəhmətlik Nəsibə Zeynalova demiş, cuqquldaşmaq, məzə vermək, get-gedə daha çox fırfıraya oxşayan, sanki kökəltmə məntəqəsindən çıxmış buğa-düyələr kimi fınxıran oğlan-qızlarla mazaqlaşmaq və nəhayət, diplom almaq xatirinə gedirlər. Əlbəttə ki, suda batmaz, odda yanmaz belə rektorların başı üstə ömründə bir saat dərs deməmiş, elmi tədqiqat aparmamış, bircə dənə də elmi kitab yazmamış nazir olsa, daha yaxşıdır. Oda ki, öz əlimizdə, təki oliqarxik liberalizmin tələb-vəzifələri ödənilsin!

“Millət”, hər şeydən öncə, siyasi-hüquqi, tarixi-mədəni birlik formasıdır; onun vahid hüquqi məkanı, siyasi və dövlətçilik mədəniyyəti, ictimai tərəqqi və ümumi mənafe amalına söykənən idarəetmə fəlsəfəsi, mənəvi adət və ənənələri olur. Deməli, millətləşmə, başlıca olaraq, siyasi və hüquqi şüur səviyyəsində yüksək tarixi-mədəni-mənəvi birlik formasının mövcudluq üsuludur. Millətləşmə - etnik müəyyənləşməni siyasi və hüquqi müəyyənləşmə səviyyəsinə, milli bütövlük dərəcəsinə yüksəldən prosesdir. Millətləşmə - əqli-intellektual, ruhi və fiziki gümrahlaşma, intibaha qovuşma yoludur. Bu intibah millətin hüquq və şərəfini müdafiə etməyə qadir güc, bir-birinə və dünyaya hörmət, məhəbbət deməkdir.

Aydındır ki, kapital dünyasının pretorlarının qulluğunda dayanan muzdlu alimlər, strateji mərkəzlər bunu yaxşı bilirlər və ona görə də prioritet məqsəd siyasi, hüquqi, sosial-iqtisadi və mənəvi mühitə nizamsızlıq, destruksiya toxumu səpməkdən ibarət olur. Daxili xaosa, məsuliyyətsizliyə, vicdansızlığa, insafsızlığa, bir sözlə, çoxölçülü ictimai entropiyanın püskürməsinə yol açmaq; rüşvət və korrupsiyaya, vəzifədən sui-istifadələrə, məmur özbaşınalığına rəvac verərək məhkəmələri siyasi justisiya alətinə, hüquq-muhafizə orqanlarını – basqı, təqib, təhdid, hücum, işgəncə, aşağılama, divan tutmaq, şil-küt etmək sisteminə çevirmək qayğısı xüsusi diqqətə alınır. Yəni, bütün bu cəbbəxananı insanın şərəf və ləyaqətinə qəbir qazan generatora çevirmək, vəziyyəti elə həddə çatdırmaq ki, “ədalət” deyilən şey nəinki siyasi-hüquqi, sosial-iqtisadi, əxlaqi-mənəvi sahələrdə, ümumən, hər yerdə və hər zaman cəlayi-vətən olsun. “Ədalət, haqq istəyirəm!” deyən kəsin dili kəsilsin, son tikəsi əlindən alınsın, doğulduğuna peşman olsun. Bəlkə də, 2500 il bundan qabaq, öz dövrünün oliqarxiyasının insanlara verdiyi zülmü görərək böyük mütəfəkkir-dramaturq Evripid deyirdi: “Dünyadan köçənin dalınca yox, yeni doğulanı ağlayın!”.

Bütün bu “gözəllik”lərə “soyuq müaribə”dən şikəst, yarıcan çıxmış və bu gün qlobal kapitalizmin ən iyrənc təmsilçisi olan Rusiyanın, qara nəfəsli qırmızı Kremlin durmadan artan revanşizmini, şovinizmini, yırtıcılığını, yerə-göyə sığmayan vəhşiliyini nəzərə alsaq, vəziyyətin “yeni demokratiyalar” üçün nə qədər ağır olduğu tam aydınlaşar.

Global gedişatın belə bir əcaib vaxtında ağsaqqal millət vəkilimiz, dəyərli huquqşünasımız, hörmətli İlyas müəllim isə elə hey dediyindən əl çəkmir – hüquqi dövlətin tələbləri ödənilməlidir: rektorlar deputat ola bilməzlər və s. Axı, gözəl insan, Lokk, Monteskyö, Hegel, Kant hüquqi dövlət konsepsiyasını işləyərkən heç ağıllarına da gəlmirdi ki, kapitalizmin gələcəyi mənfurluğu qədər də məşum olan oliqarxiyadır. Onlar azlığın hakimiyyəti qismində heç əsli-zatı, bəlli şəcərəsi, təmiz qanı olan aristokratiyanı belə məqbul saymırdılar və gələcəyin taleyini onunla bağlamırdılar. Hesab edirdilər ki, oliqarxiya qədim keçmişin, Aristotel dövrünün zir-zibilidir.

Hətta kapitalizmi əməlli-başlı təhlildən keçirmiş, alt-üst etmiş Maks Veber və Karl Marks da tarixin bu tullantısının xortdayıb dünyaya meydan oxuyacağını düşünməmişlər. Əksinə, yahudi balası, yəni, tərifinə görə, ağıllı adam sayılan Marks hamıya mesajlamışdı ki, kapitalizm ilənir, çürüyür, axırına az qalıb, rəşadətli fəhlə sinfi-proletariat onu yıxacaq, yerlə yeksən edəcək. Hələ bir Engelslə birləşib şüarlar da buraxmışdı: “Kommunizmin kabusu Avropanı dolaşır!”, “Dünya proletarları, birləşin!”. Dünya kapitalizmi də bəşəriyyəti yuxuya verib öz işini gördü – proletariatı da, onun kommunizmini də cəhənnəmə göndərdi. Yox, əslində cəhənnəmi “bu dünya”da qurdu, heç böyük dövlət xadimi Stalin də qarşısını ala bilmədi. Elə o vaxt qlobal kapitalizmin başbilənləri tərəfindən idraki cəhətdən şil-küt edilmiş onun xələfləri öz əllərilə kommunizmin başını dəyirman daşının altında əzdilər. İndi, əziz İlyas müəllim, özünüz fikirləşin: bir halda ki, “hüquqi dövlət”in özü hayqıran oliqarxik kapitalizmin qarşısında, həm də müsəlman ölkəsi olan Azərbaycana hesablanmış təqdimatında, sadəcə, binəva masıra-şpulkadırsa və yaxud, sui-istifadədə, manipulyasiya matrisasıdırsa, deputat həmkarlarınızdan inciməyə dəyərmi? Axı, onlar da oliqarxik qloballaşmanın nə olduğunu bilirlər, qlobal düşünürlər! Mütləqdir ki, qlobal şeyləri “yaşaya bilməyənlər” kimi düşünüb, dünyanın nazı-nemətindən məhrum olsunlar, özlərini təhlükənin ağzına versinlər? Yaşamaq, özü də firavan yaşamaq arzusuna nə deyə bilərik, buna da irad tutmalıyıq? Pis-yaxşı parlamentimiz var, pis-yaxşı ona hesabat verən hökümətimiz var, kimlərdənsə geridəyiksə də, çoxlarından öndəyik, olana şükr eləyək! Afrikanın qaradərili, Latın Amerikasının qırmızıdərili, lap Ukraynanın ağdərili aboregenlərindən də pis vəziyyətdə deyilik ki?! Bədbəxt afqanlarla, iraqlılarla, liviyalılarla, yəmənlilərlə, suriyalılarla, “maçeto”ları sağa-sola çapan tuti-xutu, sudan-somali, cad-niger qardaşlarımızla heç müqayisə etmirəm. Şükürlər olsun ki, ebolamız-yebolamız, quş-donuz qripimiz də yoxdur. Öləndə də adam xəstəliyindən ölürük. Şükranlıq, möminlərə görə, böyük fəzilətdir.

Vacibdir ki, hamımız cəbhəçi jarqonunda danışaq, od-alov püskürək, nəzəriyyəsiz-filansız, mükəmməl ideya-siyasi prinsiplər (əməli-praktiki səriştəni, peşəkarlığı və mənəvi saflığı bir yana qoyuram!) olmadan meydanları tapdaq edək, mitinqlər adı ilə hay-həşir toplantıları keçirək, beş-altı gənci başdan eləyib düstaqxanalara salaq, sonra da onların taleyi üzərində siyasət, alış-veriş quraq? Yox, artıq bu sualı mən İyas müəllimə ünvanlamıram – başqa dəyərli şəxsə, hörmət bəslədiyim Qurban Məmmədova ünvanlayıram. Düzü, mən elə bilirdim ki, o, çoxdan cəbhəçilik xəstəliyindən qurtarıb, siyasi fəaliyyətini tam yeni məcrada gerçəkləşdirmək istəyir. Ancaq dalbadal bir sıra mülahizələrini, çağırışlarını oxuduqca çox təəssüfləndim. Görünür, çarəsizlik hərdən ağıllı adamı da çaşdırır. Belə olan halda, ustad administrator, akademik, hörmətli Ramiz müəllim nə deməlidir? Deməlidir ki, “bilikli, savadlı müxalifət başbilənləri, yararlı kadrlarımız, gözümüz üstə yeriniz var, gəlin, yuxarı başda əyləşin!”? Bəlkə, elə sizin əvəzinizə də özü işləməli, siyasi ideologiya və müvafiq epistemoloji baza hazırlamalıdır?

Yox, vallah! Dərinə hey getdikcə, gözəl şair, Alla Puqaçovanın məşhur mahnılarının mətnlərini yazmış İlya Reznikin bir misrası yadıma düşür: “Ruhun apokalipsisi Armaqeddondan betərdir!”. Yeri gəlmişkən, görəsən, bu ağıl-kamalla, bu davranışla “vot-vot” üstümüzə yeriyən Armaqeddondan salamat, üzüağ çıxa biləcəyikmi?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar