Menu

“Müstəqil QHT-lərin fatihəsini oxumaq olar”- Rövşən Ağayev

18.12.2013, 20:47
“Müstəqil QHT-lərin fatihəsini oxumaq olar”- Rövşən Ağayev

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayev qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyə edilən son dəyişiklikləri şərh edib. “Media forum” saytı xəbər verir ki, ekspert deyib: “Mürtəce dəyişiklikləri parlament təsdiqləyib, prezidentin imzası qalır. Əgər ölkə başçısı da imzasını qoysa, bütün müstəqil QHT-lərin fatihəsini oxumaq olar.

QHT-lər hər 90 gündən bir qeydiyyata dair çıxarışlarını Ədliyyə Nazirliyində təzələməli olacaq. Nazirlik istəməsə, təzələməyəcək, ona gözün üstə qaşın var deyən olmayacaq, necə ki, qeydiyyat üçün 30 gün tələb olunduğu halda heç 13 ilə qeydə alınmayan təşkilatların sayı hesabı yoxdur.

QHT üzvləri iddia ərizəsi ilə məhkəməyə müraciət etsə ki, təşkilat onların hüquqlarını pozur və birləşmə hüququnun həyata keçirilməsinə maneə yaradır, məhkəmə qərarı əsasında qeyri-hökumət təşkilatının fəaliyyəti dayandırıla bilər. Birincisi, istənilən təşkilatda bir adamın öz təşkilatına qarşı qalxmasını təşkil etmək bizim məmurlarımızın ən yaxşı bacara biləcəkləri işlərdəndir. İkincisi, bu ölkədə müstəqil məhkəmə yoxdur. Deməli, bu bəhanə ilə gələcəkdə neçə-neçə QHT-yə qırmızı kart göstərmək mümkün olacaq.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyir ki, QHT qanunvericiliyində yeniliklər şəffaflıq üçün vacibdir. Bu ölkədə ən sərt hesabatlılıq sistemi məhz QHT-lər üçün yaradılıb. İldə bir dəfə Maliyyə Nazirliyinə icmal və detallı maliyyə hesabatı verilir, hər rüb Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi hesabat alır. Bütün layihələr üzrə müqavilələr imzalandığı gündən 1 ay ərzində Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Maliyyə monitorinqi orqanı bank hesabları vasitəsilə QHT-lərin maliyyə axınlarını son qəpiyinədək nəzarətdə saxlayır. Bu qədər geniş nəzarət imkanını mövcud olduğu şəraitdə qeyri-şəffaflıqdan şikayətlənmək absurddur.

Ölkədə şəffaflıq yaradılması orqanlar xərclədiyi büdcə vəsaiti, satınalma əməliyyatları barədə parlamentə və ictimaiyyətə detallı hesabat verməyən dövlət idarəetmə orqanları, nəhəng dövlət şirkətləri, adını kommersiya sirri qoyub bütün məlumatları qapalı saxlayan, amma dövlətdən milyardlar alan, oliqarxiya kapitalı ilə qurulan holdinqlər, özəl şirkətlərdir. Şəffaflıq istəyən məmurlar birinci özləri ictimaiyyətə əmlakları və gəlirləri barədə detallı hesabat verməkdən başlamalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol