Dekabrın 18-də Ağır Cinayətlər Məhkəməsində NİDA-çıların məhkəməsi davam edib. Əməkdaşımız xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslər yenə ifadə verməkdən imtina ediblər. Buna görə də onların ibtidai istintaqa verdikləri ifadələrin elan olunması davam etdirilib. Bu dəfə müttəhimlərdən ən gəncinin – Şahin Novruzlunun ibtidai istintaqa ifadəsi oxunub.
Ş.Novruzlu oxunan ifadədən imtina edərək deyib ki, MTN təcridxanasında ona işgəncə verərək və təhdid edərək ifadə alıblar. Bildirib ki, onu döyüb, hətta 4 dişini sındırıblar, ailəsi ilə təhdid ediblər. Ş.Novruzlu əlavə edib ki, narkotik maddələri və “Molotov kokteyli” şüşələrini gənclərin evlərinə əməliyyatçılar qoyub.
Bundan başqa müttəhimlər dekabrın 12-nə təyin edilmiş prosesin keçirilməməsinə görə məhkəməyə etiraz ediblər. Bildiirblər ki. həmin gün onların valideynləri və yaxınları “qarlı-çovğunlu havada” məhkəməyə gəliblər, lakin proses əvvəlcədən elan edilməsinə baxmayaraq keçirilməyib. Hərçənd onlar Kürdəxanı təcridxanasında bir gün əvvəldən biliblər ki, dekabrın 12-də proses olmayacaq, çünki həmin gün Heydər Əliyevin vəfatının ildönümünə görə günün birinci yarısına nəzərdə tutulan bütün məhkəmə prosesləri ləğv edilib.
Bundan sonra müttəhimlər məhkəməyə sual ediblər ki, dekabrın 24-nə növbəti proses təyin edilib, bu, həqiqətən də keçiriləcəkmi (həmin gün İlham Əliyevin ad günü olduğunu nəzərdə tutaraq).
Proses dekabrın 19-da davam edəcək.


Şərhlər