Menu

«Ərdoğanın zəiflədilməsi planının icrasına başlanıb»

19.12.2013, 11:29
«Ərdoğanın zəiflədilməsi planının icrasına başlanıb»

Elxan Şahinoğlu: «Gülən camaatının Azərbaycandakı “qolu” hakimiyyətlə sıx bağlıdır»

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyə üzrə mütəxəssis Elxan Şahinoğlu qardaş ölkədə cərəyan edən hadisələri «Bizim Yol»a şərh edib. O, Türkiyə siyasi elitasında baş verən çaxnaşmanın səbəbləri, iqtidardaxili çəkişmənin görünməyən tərəfləri, hadisənin Azərbaycanla bağlılığı barədə fikirlərini bölüşüb. E.Şahinoğlu ilə müsahibəni oxucularımıza təqdim edirik:

- Elxan bəy, Türkiyədə şərti adı “Böyük rüşvət” olan əməliyyat nəticəsində 3 nazirin oğlu olmaqla 52 nəfərin həbs prosesi davam edir. Dünən əməliyyatı aparan polis rəisləri işdən azad olunub. Bu hadisənin Fətüllah Gülən və baş nazir Ərdoğan arasında gedən çəkişmənin təzahürü olduğu bildirilir. Bu barədə sizin fikirləriniz maraqlı olardı…

- Son hadisələrdə iki məqam diqqəti çəkdi: birinci, Ərdoğanın məktəblərlə bağlı dəyişikliyi Fətullah Gülən camaatını narazı saldı və bu, açıq qarşıdurmaya keçdi. Ötən 12 ildə onlar arasında maraq toqquşması olmuşdu, amma büruzə vermirdilər. Əslində, Ərdoğan hakimiyyətinin ilk illərində ordunu siyasətdən uzaqlaşdırmaq uğrunda mübarizə apararkən hədəfləri eyni olduğundan camaat onun yanındaydı. Elə ki, Ərdoğan əsas hədəflərinə çatdı, ordunu siyasi proseslərdən kənarlaşdırdı, iqtisadiyyatda və seçkilərdə müəyyən uğurlar qazandıqdan sonra özünü güclü hiss etdiyindən camaatla məsələni həll etməyə girişdi. Çünki Gülən camaatının gücünün artması baş naziri narahat edirdi. O, hansısa bir məqamda camaatın onun yox, başqalarının maraqlarından çıxış edəcəyini düşünürdü. Buna görə ittihamlar səslənirdi ki, Gülən camaatının İsrail və ABŞ-la müəyyən əlaqələri var və baş nazir Təl-Əvivlə bütün “körpüləri yandırmışdı”.

- Fətulla Gülən camaatının gücü nədədir?

- Bu güc bəllidir, ilk növbədə onların təhsilə verdiyi önəm, dövlət aparatında yerləşdirdikləri insanlardan başlamış böyük bir camiyə yaranıb. Rəsmi məlumatlara görə onların sayı milyonlarladır. Adi bir fakt, tanınmış futbolçu Hakan Şükür hakim partiyadan istefa verdi və səbəb kimi məktəblərlə bağlı hökumətin siyasətini göstərdi. Ancaq baş nazir onu “axı sən partiyadan parlamentə seçilmisən, o zaman parlamentdən də istefa ver” deyə tənqid etməkdə haqlıydı. Bu olay iki qüvvə arasında dərin çatın olduğunu göstərir. İkinci məqam odur ki, həbslər Ərdoğana hökumət və partiya olaraq böyük zərbə oldu. O mənada ki, baş nazir martda keçiriləcək bələdiyyə seçkiləriylə bağlı böyük kampaniyaya başlamışdı. Həbslərə qədər rəy sorğuları onun böyük qələbə qazanacağını göstərirdi. Amma həbslər onun 12 illik hakimiyyəti dövründə belə zərbə almadığını göstərir. Yəni heç kim indiki hökuməti rüşvətlə ittiham etməzdi, amma 3 nazir oğlunun həbsləri ciddi zərbədir, nəzərə alın ki, görüntülərin olduğu bildirilir. Və onlardan biri daxili işlər nazirinin oğludur. Ən ciddi məqam hökumət rəsmilərinin həbslərdən xəbərsiz olmalarıdır. Bu, bir tərəfdən Türkiyənin necə demokratik ölkə olduğunu göstərirsə, başqa tərəfdən Gülən camaatının gücünü göstərir.

- Deməli, camaat polis orqanlarını nəzarətə götürüb?

- Əslində, baş verənlər camaatın məktəblərin qapadılmasına görə Ərdoğana əks zərbəsiydi. Onlar Ərdoğana göstərmək istəyirlər ki, əllərində video görüntülər var. Düşünürəm ki, nazir oğlanları haqqında faktlar çoxdan əllərdə var imiş, sadəcə, istifadə olunmurdu. Elə ki, camaatla Ərdoğan arasında nifaq yarandı, video görüntülər üzə çıxmağa başlayır. Bunlar Ərdoğan hakimiyyətini laxladan hadisədir, çünki bu, yalnız camaat-Ərdoğan qarşıdurmasına keçmir, həm də müxalifət də vəziyyətdən istifadə etməyə çalışacaq.

- Bəs prezident Gülün mövqeyi necə olacaq?

- Çox önəmli sualdır. Hələki prezident prosesləri izləməyə çalışacaq və birbaşa olaylara müdaxilə etməyəcək. Çünki əvvəlcədən də Gülün camaatla hansısa bağlılıqları olduğu bildirilirdi. Amma bu gün yalnız Gül üçün yox, hökumətdə olan camaat nümayəndələrinin də seçim anıdır. Onlar nəyi seçəcəklər, Ərdoğana sadiqliyi, yoxsa camaata bağlılığı? Bu proses hakim partiyadan qopmalara da səbəb ola bilər. Əgər vəziyyət gərginləşməyə doğru istiqamət alsa, prezident də seçim etmək məcburiyyətində qalacaq. Hazırda baş nazir Ərdoğanın reaksiyası odur ki, bu hadisələr ona qarşıdır, halbuki, özü həmişə məhkəmə hakimiyyətinə qarışmadığını deyirdi. Bundan sonra müxalifətin əlində güclü alət var, düşərgə deyə bilər ki, hərbçiləri, onların partiyalarının üzvlərini həbs edəndə, məhkəmənin müstəqil olduğunu söyləyirdin. Ancaq dünəndən bəri Ərdoğan həmin ifadəni işlətmir, dolayı yolla baş verənlərin onun hökumətinə qarşı təxribat hesab edib.

- Türkiyənin “Sözçü” qəzetinin baş nazirin telefonlarının dinlənilməsi haqqında xəbəri də ciddi siqnal oldu, bu olaylar Türkiyədə hansı hadisələrin gözlədiyindən xəbər verir?

- Bunun özü ondan xəbər verir ki, Gülən camaatı da daxil olmaqla müxtəlif qüvvələr hökumətdə ciddi şəkildə şaxələndiklərindən əllərində kifayət qədər kompromat var. Onlara qarşı bir siyasət aparılanda həmin kompromatlar üzə çıxır. Dediyim kimi, əvvəllər hökumətlə həmin qüvvələr arasında toqquşma o qədər də deyildi, əksinə bir çox maraqlar onları birləşdirirdi. Amma Ərdoğan bu hədəflərə nail olandan sonra hökumət daxilində “razborka” başlandı. Düşünürəm ki, indiki həbslər bitməyəcək, video görüntülər müxalifətin də işini yüngülləşdirəcək. Unutmayaq ki, “ana müxalifət” partiyasının lideri Kamal Kılıcdaroğlu bugünlərdə ABŞ səfərində Gülən camaatının nümayəndələriylə görüşmüşdü. Bununla Gülən Ərdoğana dolayısı mesaj verir ki, onun maraqlarının əleyhinə addımlar atırsansa, müxalifətin “əlini” gücləndirəcək. Son hadisələr MHP və CHP-nin “əlini” gücləndirəcək və onlar hökuməti hərtərəfli tənqid edəcəklər. Konkret olaraq, müxalifət 3 nazirin istefasını məsələsini gündəmə gətirə bilər, faktiki olaraq, nazirlərin övladları rüşvət ittihamlarıyla həbs ediliblərsə, onların dövlət idarələrinə rəhbərlik etmələri Türkiyə cəmiyyətində müsbət qarşılanmayacaq.

- Proseslərin maraqlı tərəfi Azərbaycanın adının hallanmasıdır, həbs olunan güneyli soydaşımız Rza Zərrabinin işinə görə 3 azərbaycanlı axtarışa verilib, dünən isə Sədərək Gömrüyünün rəisi Mirməhəmməd Seyidov həbs edilib. Bu hadisələrin fonunda olayların Azərbaycana təsiri nə dərəcədə ola bilər?

- Əvvəla, Türkiyə mediası bir yanlışlığa yol verib, Rza Zərrab Bakıda doğulmayıb, o, güneylidir. Hətta onun 1984-cü ildə Bakıda doğulub sonra neft biznesi qoşulması tamamilə cəfəngdir, çünki o zaman Azərbaycan heç müstəqil deyildi. Amma azərbaycanlıların məsələlərdə adlarının hallanması mümkündür, çünki müəyyən əlaqələr var. Məsələn, həbs olunan iş adamı Əli Ağaoğlu Bakıya gəlib, müəyyən işlər görməyə çalışıb, baxmayaraq ki, Hacı İbrahim onunla iş birliyinin olmadığını dedi. Ancaq Sədərək gömrük məntəqəsinin rəisinin həbsi böyük hadisədir, bu mənada baş verənlərdə “Azərbaycan qolu”da var. Əslində, Azərbaycan hakimiyyətində kimlərsə bu işlərə qatışırsa, bir gün bunların açılacağını bilməlidir. Çünki iki nəfər arasındakı söhbət ortalığa çıxırsa, heç nə gizlin qalmaz. Bunun örnəyi də var, ARDNŞ-da Anar Əliyev hadisəsinin ortalığa çıxmasını göstərə bilərik. Yəni qloballaşan dünyada sirr saxlamaq mümkün deyil. Ola bilsin, Türkiyə hökuməti məsələlərin mediaya çıxmasında maraqlı olmasın, ancaq gedişat onların da müdaxilə edə bilmədiyini göstərir. Unutmayaq ki, Fətulla Gülən camaatının Azərbaycanda da güclü “qolu” var. O zaman sual yaranır, Gülən-Ərdoğan nifaqı Azərbaycana necə təsir edəcək? Məlumatlara görə, Gülən camaatının “qolu” hakimiyyətlə sıx bağlıdır. Əgər camaatla Ərdoğan ciddi problemlərə girirsə, müəyyən problemlər Azərbaycanda da yaşana bilər. Belə olanda, hakimiyyət ya Ərdoğanı seçmək məcburiyyətində olacaq, ya da əvvəlki tək camaatın “qolu” üzərində nəzarəti artırmalıdır. Hər iki seçim hakimiyyətin bəlli qüvvələrinə yaxşı heç nə vəd etmir, yəqin ki, balans tapmaq məcburiyyətində qalacaqlar.

- “Çirkli” pulların “yuyulması”nda prosesin Rusiyanı, İranı əhatə etməsini Türkiyə və Qərb mətbuat orqanları belə izah edir ki, Ərdoğanın hədəfə alınmasında dünya güclərinin maraqlıdır, inandırıcı yanaşmadırmı?

- Ərdoğan 12 ildir hakimiyyətdədir, böyük uğurlara imza qoyduğu etiraf olunmalıdır. Əvvəla, Türkiyəni iqtisadi xaosdan qurtardı, müəyyən iqtisadi inkişafa qədəm qoydular, ordunun siyasətə təsirini qaldırdı. Amma Gəzi olaylarında çox sərt davrandı, illər keçdikcə, onda avtoritarizmə meyllik sezildi. Bu, özündən razılıq, avtoritarizm həm daxildə, həm də xaricdəki qüvvələri özündən narazı saldı. Bunun nəticəsində xarici siyasətdə problemlər yaşandı, nazir Davudoğlu qonşularla “sıfır problem” desə də, digər qonşularla problemlər artdı. Baxın, Ankara 3 ölkədən - Suriya, Misir, İsraildən səfirini geri çağırdı, obyektiv, yaxud subyektiv səbəbdən. Ola bilsin, həm daxildə, həm xaricdə maraqlar birləşərək Ərdoğan hökumətinin zəiflədilməsi yönündə planın icrasına başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol