Qərblə qarşıdurmanın kəskinləşdiyi və Putin rejiminin özünüreklama geniş meydan verdiyi bir məqamda məlum olub ki, rusiyalıların əksəriyyəti mövcud hakimiyyətə inamla yanaşmır.
Rusiya KİV-nin dünən yaydığı məlumata görə, «Levada-mərkəz»in apardığı sorğu göstərib ki, ölkə əhalisinin 55 faizi yalnız özünə güvənir və hakimiyyətlə hər cür təmasdan çəkinir («İnterfaks»).
Ölkə əhalisinin hər 4 nəfərindən biri (25 faizi) hesab edir ki, onların həyatı bütün sahələr üzrə hakimiyyətdən asılıdır. Hər 10 nəfərdən biri (10 faizi) isə hakimiyyətlə təmasa girərkən, yalnız özünə lazım olanları əldə etməyə çalışır.
Bununla yanaşı, rusiyalıların əksəriyyəti hesab edir ki, əhali ölkədə dövlət qərarlarının qəbulu məsələsində hər hansı təsir gücünə malik deyil (78 faiz). Oxşar vəziyyət bölgələrə də aiddir (74 faiz). Buna əks mövqedə olanların sayı isə uyğun olaraq, 18 faiz və 22 faiz təşkil edir.
Sorğunun nəticələri göstərir ki, ölkə əhalisinin dördən üçü elə bir cəmiyyətdə yaşamaq arzusundadır ki, orada hakimiyyət vətəndaşların qayğısına qalır. 2012-ci ildə bu göstərici 65 faiz təşkil edib. Respondentlərin təxminən yarısı (47 faiz) hesab edir ki, hətta dövlət maraqları ilə toqquşsa belə, vətəndaşlar öz hüquqları uğrunda mübarizə aparmalıdırlar. Bununla yanaşı, rusiyalıların dörddə biri hesab edir ki, dövlət maraqları naminə vətəndaş öz maraqlarından vaz keçməlidir. Ölkə əhalisinin yarısı (50 faiz) düşünür ki, Rusiyada hakimiyyət cəmiyyətin nəzarəti altına alınmalıdır - mövcud vəziyyətdə ölkənin buna ehtiyacı var.
Rəyi soruşulanların 14 faizi hesab edir ki, hakimiyyətin diqqətini sadə əhali kütləsinin problemlərinə cəlb etmək üçün etiraz aksiyaları, küçə yürüşləri həyata keçirilməlidir. 12,0 faiz isə cavab verməkdə çətinlik çəkdiyini bildirir.
«Rusiya vətəndaşları dövlət qarşısında öz vəzifələrini yerinə yetirirmi» sualına rəyi soruşulanların 47 faizinin cavabı müsbət, 45 faizinin cavabı isə mənfi olub.
AzPolitika.info


Şərhlər