ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linkin başçılıq etdiyi nümayəndə heyəti bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Komissiya Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, qonaqları salamlayan MSK sədri nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verdiyini, bu münasibətlərin seçki praktikasının daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını, gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən ATƏT DTİHB-nin direktoru qarşıdan gələn seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb. Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ölkəmizin seçki qanunvericiliyi, seçici siyahılarının dəqiqləşdirilməsi, seçki komissiyalarının fəaliyyət prinsipləri, eləcə də vətəndaşların seçki hüquqlarının təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qurumlar arasındakı əməkdaşlıqdan əldə olunmuş təcrübə müzakirə edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər