Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir Ramil Usubov kənd və qəsəbələrdə səyyar qrupların fəaliyyətinin daha da gücləndirilməsinin, əhalinin bütün təbəqələrinin müvafiq sənədlərlə təmin edilməsinin ciddi nəzarətdə saxlanılmasının zəruriliyini bildirib. SalamNews xəbər verir ki, nazir, eyni zamanda bu sahədə süründürməçilik hallarının qarşısının tam alınmasının, ərazi polis orqanları rəislərinin, müvafiq xidmət rəhbərlərinin, habelə kurator rəis müavinlərinin bu işlərə nəzarəti artırmalarının vacibliyini bir daha qeyd edib.
Bundan başqa, şəxsiyyət vəsiqəsi almaq üçün edilən müraciətlərə ən qısa müddətdə baxılıb həll olunmasının, hazırlanmış sənədlərin dərhal sahiblərinə təqdim edilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Ramil Usubov I Avropa Oyunlarına hazırlıqla bağlı daxili işlər orqanlarının da üzərinə məsul vəzifələrin düşdüyünü, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn məsələlərin, "Bakı-2015" Təşkilat Komitəsinin müəyyənləşdirdiyi aidiyyəti vəzifələrin, Nazirliyin tədbirlər planlarının, əmr və göstərişlərinin layiqincə icrasının hər bir əməkdaşın şərəf işi olduğunu, bu zaman bir tərəfdən ən yüksək səviyyədə xidmət aparılmasının, digər tərəfdən Oyunlarda Azərbaycan polisinin işgüzar nüfuz və imicinin daha da qaldırılması üçün şəxsi heyət tərəfindən lazımi səylərin göstərilməsinin əhəmiyyətini vurğulayıb.


Şərhlər