Menu

“Əlimizdə Şeyxlə bağlı şok məlumatlar var”

23.12.2013, 14:33
“Əlimizdə Şeyxlə bağlı şok məlumatlar var”

“Cavanşir Paşazadə “Yeni Müsavat” qəzetini məhkəməyə versə, biz də onun haqqında əlimizdə olan sensasyon məlumatları dərc edəcəyik, onda millət vəkili həqiqətin, yalanın və sifarişin nə olduğunu biləcək”.

Bu sözləri “Yeni Müsavat” qəzeti Baş redaktorunun birinci müavini Azər Ayxan millət vəkili Cavanşir Paşazadənin qəzetə qarşı olan məhkəmə iddiasına cavab olaraq “Axar.az”a deyib.

Azər Ayxan “Yeni Müsavat” qəzetində gedən və Türkiyədəki son həbslərdən bəhs edən “Rza Zərrabın Bakıdakı əsas adamı - Cavanşir Paşazadə...” adlı yazıya da münasibət bildirdi:

“Cavanşir Paşazadənin qəzetimizi məhkəməyə verəcəyi ilə bağlı dediklərinə normal yanaşıram. Hər bir Azərbaycan vətəndaşının öz haqqını məhkəmə müstəvisində həll etmək hüququ var. Amma ictimai-siyasi xadimlərdən də xahişim odur ki, mətbuatın yazmaq hüququna da onlar hörmətlə yanaşsınlar. Təbii ki, qonşu ölkədə yaşanan proseslərin Azərbaycanla da əlaqəsi var. Mediaya hər hansı bir informasiya yetişəndə biz onu ictimailəşdiririk. Olduqca ciddi bir rezonans doğuran rüşvət məsələsindən söhbət gedir və bu məsələdə azərbaycanlı deputatın, məmurun adı çəkilirsə, heç şübhəsiz ki, bu, yazılmalıdır. Çünki mətbuatın işi budur və mətbuata “yazma” demək heç normal deyil. Onu da qeyd edim ki, biz yazını verməmişdən əvvəl Cavanşir bəyin özü ilə əlaqə yaratmağa cəhd etdik, amma çox təəssüf ki, Azərbaycan deputatları, məmurları və digər tanınmış şəxslər, hətta müğənnilər – “kimin adı qulağına dəyirsə”, onlarda bir az özündənrazılıq yaranır və həmin insanlar özlərini mediaya qapadır, sonra isə haqsız yerə bizi ittiham edirlər”.

“Yeni Müsavat” sifarişlə işləyir

Azər Ayxanın fikrincə, Cavanşir Paşazadənin qəzeti sifarişli yazılar yazmaqda ittiham etməsi diqqəti yayındırmaq məqsədi güdür:

“Qəzetin sifarişlə işləməsi gerçəkdir. Qəzet, hər bir media orqanı oxucusunun sifarişini yerinə yetirir. Və biz də o cümlədən, oxucumuzun sifarişini yerinə yetirməklə məşğuluq. Bu məsələyə gəldikdə isə Cavanşir Paşazadə üstündən şübhələri atmaq və ictimai diqqəti yayındırmaq üçün ortaya belə bir tezis atıb. Biz kimlərin sifarişini yerinə yetiririksə, buyursun, “Yeni Müsavat” qəzetinə danışsın. Dəfələrlə olub ki, hər hansı bir məmur, ictimai xadim haqda qəzetimizdə yazı gedib və biz qarşı tərəfin mövqeyini vergülünə belə toxunmadan dərc etmişik.

Onu da bildirim ki, çox qəribə bir vəziyyət yaranıb - yazanda deyirlər sifarişlə yazırsan, yazmayanda da eyni ittihamı səsləndirirlər. Bəzi adamların özləri həyatda sifarişlə danışırlar, sifarişlə fəaliyyət göstərirlər, sifarişlə düymə basıb, hansısa qanuna səs verirlər. Və başqalarının da sifarişlə işlədiyini zənn edirlər. Təəssüf ki, günümüzün reallığında Azərbaycanda belə bir acınacaqlı tendensiya müşahidə olunur. Bir daha deyirəm, biz informasiya istehsalı ilə məşğuluq. Və xüsusilə də Türkiyədə son dərəcə gündəmi zəbt etmiş hadisələrlə bağlı istənilən informasiyanı çap eləməyə hazırıq. “Yeni Müsavat” qəzetini burda hər hansı bir sifarişi yerinə yetirməkdə günahlandırmaq əsassızdır”.

Şeyxülislam Allahşükür Paşazadə Türkiyədəki hadisələrlə əlaqəlidir

“Heç şübhəsiz ki, istənilən adamla bağlı bizdə xəbərlər olur, həmçinin Cavanşir Paşazadə və onun qardaşı hörmətli Şeyximizlə bağlı da bu proseslərlə bağlı bəzi məlumatlar var. Hələ ki, biz əlimizdə olan məlumatların hamısını çap eləmirik və Cavanşir Paşazadənin bizi məhkəməyə verməsini gözləyirik. Bundan sonra əlimizdəki bütün şok məlumatları çap eləyəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol