Menu

"Anar Məmmədlini dərhal azad etməyə çağırırıq"- Azərbaycan Vətəndaş Cəmiyyətinin Birgə Bəyanatı

24.12.2013, 19:44
"Anar Məmmədlini dərhal azad etməyə çağırırıq"- Azərbaycan Vətəndaş Cəmiyyətinin Birgə Bəyanatı

Biz Azərbaycan vətəndaş Cəmiyyəti nümayəndələri Bakı Apelyasiya məhkəməsinin dekabrın 23-də çıxarılmış qərarına əsasən hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) direktoru Anar Məmmədlini həbsdə saxlamasına görə Azərbaycan hakimiyyətini qınayır, Məmmədlini dərhal azad etməyə çağırırıq.

Əminliklə bəyan edirik ki, Anar Məmmədli Azərbaycan hakimiyyətinin bu ilki seçki saxtakarlıqlarını ifşa etdiyi üçün hakimiyyətin qəzəbinə gələrək həbsə atılıb. Açıq-aşkar peşə fəaliyyətinə görə avtoritar rejim tərəfindən həbsə atılan Anar Məmmədlini vicdan məhbusu hesab edərək onunla həmrəy olduğumuzu bildiririk.

Anar Məmmədlinin həbsini-avtoritar Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə qarşı başlatdığı iri miqyaslı qisas kampaniyasının tərkib hissəsi kimi dəyərləndiririk.

2013-cü ilin oktyabr ayında prezident seçkilərində xarici donorlar hesabına həyata keçirdiyi seçki monitorinqi layihələrinə görə Anar Məmmədliyə qarşı qanunsuz sahibkarlıq , vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət təqibinə başlanılıb.

Dekabrın 16-da Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov Azərbaycan iqtidarının siyasi sifarişini yerinə yetirərək Anar Məmmədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bu siyasi sifarişi yerinə yetirməyi davam edən Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov dekabrın 23-də Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Anar Məmmədli ilə yanaşı istintaq orqanları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru olan Bəşir Süleymanlı və eləcə də, SMDT ilə son layihədə partnyor təşkilatı olan Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai birliyinin sədri Elnur Məmmədovu eyni cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanıyıb və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçiblər.

Hakimiyyət vətəndaş cəmiyyətinin ayrı-ayrı fəallarına qarşı repressiv addımlarına kifayətlənməyərək dekabrın 17-də QHT fəaliyyətini məhdudlaşdıran daha mürtəce dəyişiklikləri Milli Məclisdə qəbul edib. Son 5 ildə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə çoxsaylı mürtəce dəyişikliklər əlavə etməklə, Azərbaycan hökuməti yerli vətəndaş cəmiyyətinin fəaliyyətinə çoxsaylı bürokratik problemlər yaradaraq onların fəaliyyətini zəiflətməyə çalışıb. Bu gün Azərbaycanda yerli vətəndaş cəmiyyəti qurumları ilə yanaşı beynəlxalq QHT-lərin Azərbaycandakı bölmələri də hakimiyyətin hədəfinə çevrilib. Belə ki, İnsan Haqları Evi, Milli Demokratiya İnstitutunun fəaliyyəti iflic halına salınıb, digər bir neçəsində yoxlamalar başlamışdır.

Bu gün Azərbaycanda prezident seçkilərindən sonra baş verən repressiyalar oxşarlıqla 2011-ci il Belarusiyada və 2012-ci il Rusiyada seçki sonrası repressiyaları xatırladır. Azərbaycanda bu gün baş verən Anar Məmmədlinin həbsi Belarusiyadakı həmkarı tanınmış hüquq müdafiəçisi Ales Bialiatskinin həbsini, QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasına yönələn qanun dəyişiklikləri isə oxşarlıqla Rusiyada QHT-lərə qarşı yönələn mürtəce dəyişiklikləri xatırladır.

Bu gün Azərbaycanda baş verən repressiyaların bir hədəfi var – ölkədə baş verən qanunsuzluqlar , saxtakarlıqlar və korrupsiya haqqında danışanları susdurmaq. Dünya və ölkə mediasında dərc olunan araşdırmalar sübut edir ki, Azərbaycan iqtisadiyyatı ən yüksək çinli məmurların və onların ailə üzvlərinin inhisarına verilib, büdcə vəsaitləri bir qrup oliqarxın ciblərinə axıdılır. Beynəlxalq antikorrupsiya təşkilatları və jurnalistlər Azərbaycanın milli sərvətlərinin işlədilməsində və mədən sənayesində də böyük gəlirli kontraktların ölkə rəhbərliyində olan şəxslərin yaxın qohumlarına verildiyini üzə çıxarıb.

Eyni zamanda sübut olunub ki, son 10 ildə müxtəlif kölgəli sxemlərlə Azərbaycandan ofşor zonalara milyardlarla dollar vəsait çıxarılıb. Yerli və beynəlxalq jurnalistlərin araşdırmaları göstərir ki, yüksək çinli məmurların ailə üzvləri ofşor zonalarda təsis etdikləri şirkətlər vasitəsi ilə sonradan Azərbaycanda iqtisadiyyatın ən gəlirli sənaye müəssisələrini alaraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Lakin hakimiyyət bu müəssisələrin qanunsuz fəaliyyətinə və dövlət büdcəsindən vergi yayındırmalarına göz yumur.

Məhz bu araşdırmalar və hesabatlar, eləcə də prezident seçkilərinin nəticələrini kölgə altına alan beynəlxalq və yerli təşkilatların rəyləri Azərbaycan iqtidarını qıcıqlandıraraq vətəndaş cəmiyyətinə qarşı aqressiyasına səbəb olmuşdur.

Anar Məmmədlinin həbsi Azərbaycan iqtisadiyyatı üçün önəmli olan Şahdəniz-2 investisiya sazişinin imzalanma mərasimindən bir gün öncə baş verib. İmzalanma günündə isə QHT fəaliyyətini məhdudlaşdıran qanun dəyişiklərin qəbuluna start verilib.

Hesab edirik ki, bununla da Azərbaycan hakimiyyəti Qərbə mesaj verir ki, biz enerji sahəsində Avropa Birliyi ilə yeni strateji müqavilə imzalayırıq, amma Avropa İnsan haqları dəyərləri Azərbaycan iqtidarına lazım deyil.

Məhz buna görə prezident seçkilərindən əvvəl hakimiyyət çoxsaylı sifarişli həbsləri həyata keçirərək, onlarla günahsız adamları həbsə atdı. Həbs olunanların arasında tanınmış jurnalistlər, bloggerlər, hüquq müdafiəçiləri, vəkillər, gənc fəallar, müxalifət partiyalarının üzvləri var. Çoxsaylı siyasi məhbusların içərisində Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədov, jurnalist Əvəz Zeynallı və Tofiq Yaqublu, hüquq müdafiəçiləri və jurnalistlər Hilal Məmmədov və Pərviz Həşimli, gənc fəal NİDA-çılar və digər tanınmış ictimai-siyasi xadimlər var.

Hakimiyyət təkcə opponentlərini həbsə atmaqla kifayətlənməyib, ölkədə informasiya azadlığının şəffaflığını tənzimləyən qanunvericiliyə son illərdə çoxsaylı repressiv dəyişikliklər edərək yüksək çinli məmurların nəzarətində olan iri biznes imperiyaların əldə etdikləri çirkli pulların yuyulması və korrupsiyanın çiçəklənməsi üçün münbit şərait yaradıb.

İllərdir ki, qanunlar tələb etsə də, heç bir məmur, nə də onların ailə üzvləri dövlət qurumlarına və ictimaiyyətə maliyyə bəyannamələrini təqdim etmirlər. İş o həddə çatıb ki, 3-cü müddət üçün seçkilərdə iştirak edən namizəd və indiki prezident İlham Əliyevin Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi gəlir bəyannaməsi Azərbaycan xalqından nümayişkaranə şəkildə gizli saxlanılıb.

Özlərinə rüşvət və korrupsiya üçün münbit şərait yaradan Azərbaycan yüksək çinli məmurları eyni zamanda ölkədə qanun aliliyini tapdalayaraq vətəndaşların mülkiyyət hüquqlarını pozurlar.

Azərbaycan Konstitusiyasında və Avropa insan Haqları Konvensiyasında əks olunmuş 3 fundamental prinsip - ifadə, sərbəst toplaşmaq və birləşmək azadlığı faktiki olaraq məhv olmaq ərəfəsindədir.

Son illərdə peşə fəaliyyətinə görə jurnalist Elmar Hüseynov və Rafiq Tağı qətlə yetirilib, digər jurnalist Novruzəli Məmmədov lazımi tibbi yardım almadığı üçün həbsxanada dünyasını dəyişib, bir neçə jurnalistə qarşı baş tutmamış sui-qəsdlər həyata keçirilib. Son yeddi il ərzində demək olar ki, hər rüb Azərbaycanda ya yeni bir jurnalist, ya bloqqer, ya da hüquq müdafiəçisi həbs olunub. Tanınmış tənqidçi və araşdırmaçı jurnalistlərin şəxsi ailə həyatına aid xüsusi xidmət orqanları tərəfindən şantaj məqsədi ilə qanunsuz və gizli videolar çəkilib və internetdə yayılıb. Ölkədə bütün müstəqil yerli və xarici teleradio şirkətlərin yayımı dayandırılaraq, faktiki olaraq teleradio məkanı tam şəkildə iqtidarın maraqlarına xidmət etməyə məcbur edilib.

Birləşmək azadlığı sahəsindəki durum da son illərdə daha da ağırlaşıb. Belə ki, hakimiyyət müstəqil fikirli insanlar tərəfindən yaradılan QHT-ləri qeydiyyatdan keçirməkdən imtina edir, bu gün qeydiyyatından imtina edilən yüzdən artıq QHT vardır ki, onlardan biri də Anar Məmmədlinin rəhbərlik etdiyi SMDT Mərkəzidir.

Sərbəst toplaşmaq azadlığı sahəsindəki durum da son 10 il ərzində demək olar ki, hər il pisləşməyə doğru getmişdir.

BMT, Avropa Şurası, ATƏT üzvü olan Azərbaycanda bu gün faktiki insan haqları sahəsindəki beynəlxalq öhdəliklərə əməl olunmur. Azərbaycan hakimiyyəti Konstitusiyada əks olunan və Azərbaycanın İnsan haqları sahəsində ratifikasiya etdiyi beynəlxalq sənədləri kobudcasına pozur.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı tənqidi rəyinə Azərbaycan hakimiyyətinin reaksiyası, eləcə də səsvermə günündən əvvəl və sonra seçki monitorinqi sahəsində fəaliyyət göstərən QHT-lərə basqıları və bu sahədə ölkənin aparıcı QHT-sinin rəhbərinin həbsi bir daha göstərir ki, seçkilər hakimiyyətin ciddi dözümsüzlüyü şəraitində keçib.

Biz yerli vətəndaş Cəmiyyəti qurumları Azərbaycan hökumətinə üz tutub həbs olunmuş bütün siyasi məhbusları o cümlədən Anar Məmmədlini dərhal azad etməyə çağırırıq.

Eyni zamanda biz Azərbaycan hökumətini fundamental azadlıqları tənzimləyən qanunvericiliyi Avropa Şurası standartlarına uyğunlaşdırmağa və bu azadlıqların reallaşdırılması üçün işlək mexanizmlərin tətbiqinə çağırırıq. Biz həmçinin Azərbaycan hakimiyyətini BMT Korrupsiya ilə Mübarizə Konvensiyasına, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü və Açıq Hökumət Təşəbbüsündən irəli gələn şəffaflıq və korrupsiya ilə mübarizə sahəsindəki öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Gələn ilin may ayından oktyabra kimi, yəni 6 ay ərzində Azərbaycan Avropada insan haqlarının qarantlarından biri olan Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etməyə hazırlaşır. Biz hesab edirik ki, bu cür nüfuzlu beynəlxalq qurumda sədrliyə hazırlaşdığı bu dövr Azərbaycan insan haqlarına hörmət nümayiş etdirməlidir.

Bu baxımdan biz Avropa Şurası Nazirlər Kabinetinə, Avropa Şurası Parlament Assambleyasının Baş katibinə, Avropa Şurasının İnsan haqları üzrə komissarına, Avropa Şurası Parlament Assambleyasının üzvlərinə və Avropa Şurasının digər aidiyyəti qurumlarına müraciət edərək Azərbaycanda insan haqları sahəsində yaranmış dözülməz şəraitə münasibət bildirməyə çağırırıq. Biz Avropa Şurasının bütün maraqlı tərəflərini Azərbaycan hakimiyyətinə çağırış etməyə və insan haqları sahəsində öhdəliklər yerinə yetirilməzsə zəruri sanksiyalar tətbiq etməyə çağırırıq.

Biz eyni zamanda Avropa Şurasının Parlament Assambleyasını yanvar sessiyası zamanı Azərbaycan nümayəndə heyəti təsdiq olunmamışdan qabaq, Azərbaycan hökumətindən insan haqlarına qarşı başlamış repressiyaları dayandırmağı və bu repressiyaların qurbanlarını azad etməyi tələb etməyə çağırırıq.

Anar Məmmədlinin həbsinə, vətəndaş cəmiyyətinə və insan haqlarına qarşı yönələn qanun dəyişiklikləri ilə bağlı artıq ATƏT Parlament Assambleyasının liderləri, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbərliyi , Avropa Komissiyası, Avropa Parlamentinin və AŞPA deputatları, ABŞ və Kanada hökumətlərinin və bir sıra digər nüfuzlu beynəlxalq qurumları son günlərdə narahatçılığını bildirib.

Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları Anar Məmmədlinin həbsini siyasi repressiya kimi dəyərləndirib, o cümlədən Amnesty İnternational təşkilatı Məmmədlinin vicdan məhbusu olduğunu bəyan edib.

Bütün bu beynəlxalq qınaqların əksinə Azərbaycan iqtidarı öz repressiyalarına haqq qazandıraraq Azərbaycan Respublikasının Baş Prokurorluğu adından bəyanatla çıxış edərək Məmmədlinin işi ilə bağlı ifadə olunan narahatçılıqları Azərbaycanın müstəqil məhkəmə hakimiyyətinə və məhkəmə sisteminə basqı kimi qiymətləndirib

Biz Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri beynəlxalq qurumların Azərbaycanda insan haqları ilə əlaqədar son narahatçılıqlarını bölüşərək Azərbaycan iqtidarına xatırladırıq ki, insan haqları sahəsindəki durum heç bir dövlətin daxili işi ola bilməz.

Bu baxımdan biz bir daha beynəlxalq ictimaiyyətə müraciət edərək, Azərbaycanda günü-gündən ağırlaşan insan haqları durumunun yaxşılaşdırılmasına yönələ biləcək bütün zəruri addımları atmağa çağırırıq.

Anar Məmmədli ilə bağlı bəyanatı təsdiq edənlərin siyahısı

Hüquq müdafiəçiləri

Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutu

Ələkbər Məmmədov, hüquq müdafiəçisi

Əlövsət Əliyev, Azərbaycan Miqrasiya Mərkəzi,

Əlövsət Sadıqlı, “Təhsil Tədqiqatları Mərkəzi”

Ənnağı Hacıbəyli, Azərbaycan Hüquqşünaslar Assosiasiyası

Arzu Abdullayeva, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Nümayəndəliyi

Ərəstun Oruclu, Şərq-Qərb Araşdırmalar Mərkəzi

Arif Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyi

Əsabəli Mustafayev, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi

Aytəkin İmranova, İslam Demokratiya və İnsan Hüquqları Mərkəzi

Azər Mehtiyev, “İqtisadi Təşəbbüslərə Yardım” İB

Əvəz Həsənov, Humanitar Tədqiqatlar Cəmiyyəti

Bəşir Süleymanlı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

Dilarə Əfəndiyeva, hüquq müdafiəçisi

Elçin Abdullayev, “Demokratik Təsisatlar və İnsan Hüquqları” İB

Elçin Namazov, “Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu” İB

Eldəniz Yusibov, Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı, Hollandiya

Emin Hüseynov, “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” İB

Emin Aslan, Media Hüququ İnstitutu

Elnur Məmmədov, Könüllülərin Beynəlxalq Əməkdaşlığı İB

Elşən Həsənov, "Siyasi Məhbuslarsız Azərbaycan"

Elşən Nağıyev, “Vətəndaş Təşəbbüs və Qanunların Təkmilləşdirilməsinə Yardım Mərkəzi”

Fuad Həsənov, “Demokratiya Monitoru” İB

Gülnarə Axundova, hüquq müdafiəçisi

Günay Hüseyn, “Demokratiya və Qanun Təşəbbüsləri” İB

Hafiz Həsənov, “Hüquq və İnkişaf” İB

Həsən Hüseynli "Kamil Vətəndaş" maarifləndirmə mərkəzi

İlqar Qasımov, “Hüquqi yardım” İB

İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İB

İlham Hüseynli, “Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq” İB

İntiqam Əliyev, “Hüquq Maarifçiliyi Cəmiyyəti” İB

Xalid Kazımov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İB

Xalid Ağaliyev, Media Hüququ İnstitutu

Lazım Umudov, “Aran Regional İnsan Haqları” İB

Leyla Yunus, “Sülh və Demokratiya İnstitutu” İB

Leyla Əliyeva, “Milli və beynəlxalq Araşdırmalar Mərkəzi” İB

Lətafət Məlikova, Regional İnsan Haqları və Maarifləndirmə İB

Məhərrəm Göyüşov, “Qazax Regional inkişaf resursları mərkəzi”

Mətanət Əzizova, “Qadın Krisis Mərkəzi” İB

Mehriban Zeynalova, “Təmiz Dünya” İB

Məhəmməd Talıblı, “İqtisadi İnnovasiya Mərkəzi”

Mətanət Müslümqızı, “Media Hüquqları Mərkəzi”

Məlahət Nəsibova, Demokratiyaya Dəstək və İnsan Hüquqları Resurs Mərkəzi

Mübariz Tağıyev, "Mədən Sənayesində İnsan Haqları" İB

Mirvari Qəhrəmanlı, “Neftçilərin Hüquqlarının Müdafiəsi Mərkəzi” İB

Mirəli Hüseynov, “Demokratiyanı Öyrənmə” İB

Novella Cəfərova, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Komitəsi

Nəsrulla Nurullayev, “Ahıl Ziyalılara Qayğı Cəmiyyəti” İB

Nəsrəddin Kərəmov, “Aran” Ekoloji Maarifləndirmə İB

Nicat İmran, Gənclərin Həmrəylik Hərəkatı

Oqtay Gülalıyev, “Demokratik İslahatlar Uğrunda Cəmiyyət” İB

Rafiq Təhməzov, “Bərabər İmkanlar Mərkəzi” İB

Rəşid Hacılı, “ Media Hüquqları İnstitutu” İB

Rəsul Cəfərov, “İnsan Hüquqları Klubu” İB

Rühəngiz Hüseynova, “Qadın Həmrəyliyi” İB

Səadət Bənəyarlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi

Səidə Qocamanlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosu

Sevil Yüzbaşova, “Eko Aləm” İB

Sevil Allahverdiyeva, “Qadın Problemlərinin Araşdırma” Mərkəzi

Solmaz Mehdiyeva, "Quba-Xaçmaz bölgəsi üzrə İnsan hüquqları" Resurs Mərkəzi

Şahin Hacıyev, Nəcəf Nəcəfov Fondu,

Şaban Nəsirov, “İnsan Hüquqları- 2003” İB

Şəhla İsmayıl, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti

Şükür İzzətli, “Regional İnsan Hüquqları və Araşdırmalar Mərkəzi”

Vidadi İsgəndərli, hüquq müdafiəçisi

Ziya Quliyev, “Hüquq Təşəbbüsləri” İB

Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım İB

Hüquqşünas/vəkillər

Ələsgər Məmmədli, müstəqil hüquqşünas

Aslan İsmayılov, hüquqşünas

Asimə Nəsirli, hüquqşünas

Elçin Sadıqov, vəkil

Eldəniz Vahidbəyli, hüquqşünas

Fariz Namazlı, vəkil

Günay İsmayılova, hüquqşünas

Xalid Bağırov, vəkil

Xalisə Şahverdi, hüquqşünas

Leyla Mədətli, hüquqşünas

Müzəffər Baxışov, vəkil

Namizəd Səfərov, hüquqşünas

Nemət Kərimli, vəkil

Rövşanə Rəhimova, hüquqşünas

Sadiqə Mehdizadə, hüquqşünas

Yalçın İmanov, vəkil

Yaşar Ağazadə, hüquqşünas

Zibeydə Sadıqova, vəkil

Jurnalistlər/media

Aynur İmranova, müstəqil jurnalist

Aytən Məmmədova, jurnalist

Elçin Məmməd, Yüksəliş Naminə qəzetinin baş redaktoru,

Elnur Astanbəyli, jurnalist

Emin Milli, Meydan TV

Qənimət Zahid, “Azadlıq qəzetinin baş redaktoru

İdrak Abbasov, jurnalist

Cahangir Yusif, foto jurnalist

Kamran Mahmudov, jurnalist

Kamilə Məhərrəmli, jurnalist

Xədicə İsmayıl, jurnalist

Məhəmməd Türkmən, jurnalist

Mehman Əliyev, Turan İnformasiya Agentliyi

Mehman Hüseynov, foto və video reportyor

icat Kamal, jurnalist

Rahim Hacıyev, “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini

Rövşən Hacıyev, jurnalist

Samir Kazımlı, jurnalist

Şahvələd Çobanoğlu, jurnalist

Təhminə Tağızadə, Meydan TV Bakı koordinatoru

Tural Mustafayev, müstəqil reportyor

Türkan Hüseynova, mikroblogger

Ülviyyə Əsədzadə, jurnalist

Zahir Əmənov, “Cənub xəbərləri” baş redaktor

Zamin Hacı, jurnalist

Siyasətçilər/aktivistlər

111. Əli Kərimli, Azərbaycan Xalq Cəbhəsi Partiyası

112. Altay Göyüşov

113. Arif Yunusov, konfliktoloq

114. Azər İsmayıl, Müsavat Partiyası Sabirabad r-n təşkilatı

115. Azər Qasımlı, politoloq

116. Bəxtiyar Hacıyev, gənc fəal

117. Bəybala Əbil, KXCP Məclis sədri, Milli Şura üzvü

118. Əhəd Məmmədli

119. Elçin Həsənov

120. Eldar Namazov, El Hərəkatı sədri

121. Erkin Qədirli, Respublikaçı Alternativ (ReAl), İdarə Heyətinin üzvü

122. Gültəkin Hacıbəyli, Demokratik Qüvvələrin Milli Şurasının Beynəlxalq Əlaqələr Komissiyası

123. Hikmət Hacızadə, siyasi ekspert

124. İsa Qəmbər, Müsavat Partiyasının başqanı

125. Cəmil Həsənli, Milli Şuranın sədri,

126. Cavid Hacıbəyli, Müsavat Partiyası

127. Kənan Qasımlı - N!DA Vətəndaş Hərəkatı üzvü

128. Xəzər Teyyublu, "Teleqraf.az"saytının təsisçisi, Milli Şura üzvü

129. Mehriban Vəzir,

130. Mirmahmud Mirəlioğlu, Klassik Xalq Cəbhəsi Partiyası sədri

131. Nərgiz Yaqublu, Müsavat Gənclər Təşkilatının sədr müavini

132. Nərmin Rəhimli, fəal

133. Natiq Ədilov, Azərbaycan Xalq Cəbhəsi

134. Natiq Cəfərli, REAL Hərəkatının İcra Katibi

135. Pünhan İmamlı,VHP Gənclər Təşkilatının sədri

136. Rəşad Şirin, Siyasi analitik

137. Samir Əsədli, Vətəndaş Həmrəyli partiyasının mərkəzi Aparatı

138. Sülhəddin Əkbər, Açıq Cəmiyyət Partiyasının sədri

139. Tural Abbaslı, Musavat Partiyasi Divan üzvü

140. Tural Hüseynli

141. Turqut Qəmbər, N!DA İdarə Heyəti üzvü

142. Ülvi Həsənli, N!DA İdarə Heyəti üzvü

143. Vidadi Mirkamal, Milli Şuranın Hüquq Komissiyasının sədri

144. Yeganə Hacıbəkova, Milli Şura üzvü

Digər İctimai fiqurlar

145. Aytəkin Hüseynli

146. Bahar Hacızadə

147. Elmir Mirzəyev

148. Günay Qasımova,

149. Günay İsmayılova

150. Günay Rzayeva

151. Gülçin Seyidova

152. İslam Sərvəroğlu

153. Cahangir Əlibəyzadə

154. Məmməd Məmmədzadə

155. Murad Həsənli

156. Nazlı Ağayeva

157. Nailə Əliyeva

158. Nigar Fətəli

159. Rasim Qaraca

160. Rövşən Ağayev

161. Sadiq Fətəliyev

162. Samirə Əhmədbəyli

163. Sevda Səfərəliyeva

164. Şəhla Sultanova

165. Şəhla Əliquliyeva

166. Tatyana Kryuçkina

167. Vəfa Sübhani

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol