Təhsil fədaisi, cəfakeş insan, ziyalılıq etalonu

Və ya kiçik hekayəyə sığmayan boyük ömür yolu

Nadir İsrafilov

“Bir ömür nədir ki?- Bir əsim külək,

İnsana on ömür, yüz ömür gərək”...

Şəhriyar

(1 may akademik Mehdi Mehdizadənin anım günüdür)

Mehdi müəllimin alimlik səriştəsini, şəxsi ləyaqətini, insaniyyətini, elm, maarif və mədəniyyət yolunda əvəzsiz xidmətlərini xatırlayarkən, istər-istəməz Şəhriyarın niskilli misraları yada düşür. Bəli, Mehdi Mehdizadə kimi örnək insanlar üçün bir ömür nədir ki? Bu fenomen insan sözün ən geniş mənasında elm, təhsil fədaisi, ziyalılıq etalonu idi. Onu xalqın gözündə ucaldan sadəliyi, səmimiliyi, qayğıkeşliyi, ülviliyi, paklığı, mənəvı və intellektual zənginliyi, bir sözlə, şərəflı bır həyat yolu keçməsi idi.

Ötən “Avtoritar sistemin demokrat naziri” başlıqlı yazımda Azərbaycan maarifinə nə az-nə çox, 23 il rəhbərlik etmiş (1952-1956 və 1960-1979-cu illər) akademık M Mehdizadə ilə bağlı kiçik bir xatirəmı dəyərli oxucularımla bölüşərkən, İosif Brodskidən bir sitat gətirmişdim: “Elə insanlar var ki, onların həyatı hekayəyə sığmır”. M.Mehdizadə məhz belə insanlardan idi. Onun haqqında nə qədər deyilsə də, yazılsa da bu hekayə bitmək bilməyəcək. Maarifimizə rəhbərliyinin son illərində onunla ünsiyyətdə olmaq şərəfi mənə də nəsib olduğundan bu dahi şəxsiyyət haqqında müasirlərinin də bəzı xatirə və fikirlərini təhsil təəssübkeşləri ilə paylaşmağı özümə borc bildim.

Mehdi müəllim çox sadə insan idi, o, özünü kimdənsə üstün tutmaz, yaxud nazir olduğunu kiməsə biruzə verməzdi. Baxmayaraq ki, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü idi, yüksək dövlət mükafatları, orden və medalları ilə təltif edilmişdı, dəfələrlə Ali Sovetə deputat seçilmişdi, nazir postuna təyin olunanadək, bitirdiyi Azərbaycan Dövlət Pedaqojı İnstitutunda assistentlikdən tutmuş, dosent, kafedra müdiri, dekan, professor, prorektor və rektor kimi məsul vəzifələrdə çalışmışdı. Özüm bilavasitə şahidi idim ki, İttifaq miqyaslı elm və təhsil “nəhəngləri” Prokofyev, Babanski, Xripkova və bir çox digərləri mötəbər tədbirlərdə zala daxil olarkən hörmət və ehtiram əlaməti olaraq, ona necə yol verirdilər.

Bu nüfuzu, bu hörməti Mehdi müəllim məhz sadəliyi və təvazökarlığı, səmimiliyi və alicənablığı ilə qazanmışdı. Bu mənada onun qızı Zemfira Mehdizadənın bir xatirəsi çox maraqlıdır: “...Yaxşı yadımdadır, 134 nömrəli məktəbin 7-ci sinfində oxuyurdum. Qışın oğlan cagı idi. Bərk qar yağırdı. Atam anamı məni məktəbə aparmağa qoymadı, özü apardı. Qapıdan içərı girdik. Gördüm ki, hamı əl-ayağa düşdü, narahat olmağa başladı. Atam isə təmkinlə dedi: Niyə qaçırsınız, gəlmişəm hal-əhvalınızı soruşum, məktəbin vəziyyəti ilə tanış olum...”

Gətirdiyim bu misal Mehdizadənin sadəliyinə, onun müəllimlərə öz doğması kimi baxmasının bir nümunəsidir. Başqa misal. Əməkdar müəllim Miriş Hüseynov görün akademik M. Mehdizadə haqqında nə deyir: “1984-cü ilin yazı idi. Mehdi müəllimdən məktub aldım. Sevindim. Oxuyub mütəəssir oldum: “Əzizim Miriş müəllim! “Azərbaycan xalq təhsilinin sürətli inkişafı” adlı əsərimə rəy yazmağınızı xahiş edirəm”.

Təsəvvür edirsinizmi, akademik adi kənd müəllimindən kitabına rəy yazmasını xahiş edir. Bu, onun sadəliyi ilə yanaşı, öz müəllimini yaxşı tanımasından, onun qələminə və savadına bələd olmasından irəli gəlirdi. Akademik yazdıqları haqqında əyalət müəlliminin də fikirlərini bilmək istəyirdi. Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili, təlim-tərbiyəsi idi. Onun müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda, onun nə qədər alicənab insan olduğunun bir daha şahidi olursan.

Bu mənada, bir zamanlar onunla bir yerdə çalışmış, vaxtilə Nazirliyin kadrlar şöbəsinin rəisi işləmiş Nəcəf Nəcəfovun fikirləri çox dəyərlidir: “Mərhum Mehdi müəllim milli dəyərlərimizin, təhsilimizin, elmimizin vicdanı, abır-həyası, ləyaqəti, şərəfi olub. O, nazir idi, mən şöbə rəisi. İnanın, bir dəfə də olsun onda biganəlik, laqeydlik, özündənrazılıq görmədim. Eşitsəydi ki, Kəlbəcərdə, Laçında, Yardımlıda bir müəllimin ürcahına təbii fəlakət çıxıb, vallah, onun ağrı-acısını öz canında çəkər, hiss edərdi. Ölkəmizdə bütün məktəbləri gəzər, müəllimlərlə, azyaşlı şagirdlərlə doğması, əzizi kimi görüşər, imkan daxilində onların qayğısına qalardı. O, dünya şöhrətli elm xadimi, akademik idi. İnanın, özünü adi müəllim kimi aparar, böyüklüyünü, ucalığını, nazirliyini üstün tutmaz, öyünməz, hikkəli, ədalı, zəhmli olmazdı.”

Akademik Mehdi Mehdizadə avtoritar rejim şəraitində - Sovetlər dönəmində təhsilimizə başçılıq edib. Təbii ki, həmin dövrün öz xüsusiyyətləri vardı. Bütün qərarlar Moskvada qəbul olunur və yerlərdə qeyd-şərtsiz yerinə yetirilərdi. Ona görə də bu vəzifə sahibinin üzərinə olduqca ağır yük düşürdü. Bu, bir tərəfdən sovet rejiminin sərt inzibati-amirlik qayda-qanunlarından irəli gəlirdisə, digər tərəfdən respublika xalq maarifi sistemindəki boşluqlardan, xüsusən də milli kadrların azlığından qaynaqlanırdı. Ona görə də, Mehdizadə iki istiqamətdə öz gücünü göstərməli idi: birincisi, inzibati-amirlik qarşısında duruş gətirmək, ikincisi isə, respublikamızda elmi və təhsili irəli apara biləcək “kadrlar bankı” yaratmaq. Təbii ki, bu işlərin görülməsi üçün böyük fiziki və mənəvi güc, ağıl, enerji, erudisiya, qətiyyət və milli qeyrət lazım idi...

Ötən əsrin əvvəlindən tutmuş bu günədək təhsilimizin vəziyyəti ilə bağlı xeyli araşdırmalar aparmışam. Mehdizadənin nazir kimi fəaliyyətə başladığı dövrdəki Azərbaycan təhsilini, sanki dənizin ortasında qalmış ətalətli gəmiyə bənzətmək olardı. Müəyyən impuls verərək əvvəlcə bu gəminin sürətini artırmaq, sonra isə onu bəlli səmtə yönləndirmək lazım idi. Təbii ki, belə bir missiyanı üzərinə götürən şəxs güclü təhsil strateqi olmalı, pedaqogika və psixologiyanın əsaslarını dərindən bilməli, bütün məşəqqətlərə dözməli idi. Digər tərəfdən, bu möhtəşəm işi heç zaman zor-güclə, təzyiq vasitələrı ilə həyata keçirmək olmazdı. Bunun üçün insandan daxili azadlıq və demokratlıq tələb olunurdu. Bu ali keyfiyyətlər isə Mehdi müəllimdə vardı. Tarix də bunu sübuta yetirdi...

Özündən sonra böyük irs qoyub getmiş akademik Mehdi Mehdizadənın diqqəti, qayğısı sayəsində Hüseyn Əhmədov, Sədi İmanov, Əzız Əfəndizadə, Nurəddin Kazımov, Bəşir Əhmədov, Zahid Qaralov, Yəhya Kərimov, Bəylər Ağayev, Əbdül Əlizadə, Şəmistan Mikayılov, Əjdər Ağayev, Yusif Talıbov, Seyidağa Həmidov, Sadıq Saqdıqov, Ağarəhim Rəhimov, Vidadi Xəlilov və bir çox digərləri kimi müxbir üzvləri, elmlər doktorları, professorlar yetişib.

Mehdizadə elə bir şəxsiyyət idi ki, vəzifəsindən, ixtisasından, peşəsindən, onunla yaxınlığından asılı olmayaraq, hamının rəğbətini qazanmış, onların qəlblərində dərin iz buraxmışdı. SSRİ xalq rəssamı, Rəssamlıq Akademiyasının həqiqi üzvü Mikayıl Abdullayev, bəstəkar, xalq artisti, professor Süleyman Ələsgərov, akademik Budaq Budaqov, akademik Fuad Qasımzadə və adlarını sadalamqla bitməyən digər ziyalıların xatirələri insanda fərəh hissi oyadır.

- “Mehdi müəllimlə söhbətlərimizdən hiss edirdim ki, o, Azərbaycan diyarının gözəl bilicisi və bələdçisidir. Bu cəhət onun vətən torpağına məhəbbətindən irəli gəlirdi...” (M Abdullayev)

- “Mehdi müəllim ömrünün son günlərinədək haqqa, ədalətə, sadiq qaldı. Haqqın, ədalətın carçısı oldu. Bu ali insani keyfiyyətlər onun canına, qanına hopmuşdu”. (B. Budaqov)

- “Akademik Mehdizadə böyük ağsaqqalımız, pedaqogika elmimizin Günəşı idi...” (R. İsmayılov)

- “Akademik Mehdi Mehdizadənin həyatına, ömür yoluna, geniş pedaqoji fəaliyyətinə diqqətlə nəzər yetirdikdə görürük ki, o, həmişə, hər an səmərəli nəticə verən işlər görmüşdür. O, pedaqoji fəaliyyətin bütün sahələrində öz dəsti-xətti, səyi və təşəbbüskarlığı ilə diqqəti cəlb etmiş, xoş təəssürat yaratmışdır...” (Z. Qaralov)

“Akademik Mehdi Mehdizadə öz şəxsiyyəti, şəxsı nümunəsi ilə hər yerdə, hər zaman yüksək pedaqoji etikanı nümayiş etdirirdi. Yüksək dərəcədə mədənilik, düzlük, paklıq, ədalət, qayğıkeşlik, səmimiyyət, təvazökarlıq onun şəxsiyyətinin heyrətamiz cəhətləri idi...” (H. Əhmədov)

“Bəzilərini səlahiyyətin böyüklüyü çaşdırır, xalqdan ayrı salır. M. Mehdizadə əsrin dörddə birini nazir oldu. Bu müddətdə o, sadəliyi özünə şüar elədi...” (İ. Əbilov)

“Onu son mənzilə yola salanda bir daha əmin oldum ki, xalqının xidmətində duranlar, qayəsi yaxşılıq, xeyirxahlıq etmək olanlar dünyasını dəyişsələr də, mənən əbədi olaraq yaşayacaqlar...”

(R.Mustafayeva)

Sonda akademik M.Mehdizadənın həyat yoldaşı Lətifə Mehdizadənin xatirələrindən bir parça ilə böyük insan haqqında kiçik hekayəmi yekunlaşdırıram: “...Xeyli vaxtdır ki, əzizimiz, mehribanımız əlçatmaz, ünyetməz bir aləmdədir. Biz isə Mehdi müəllimin hərarətli nəfəsini heç cür unuda bilmirik. Bu gün bizi onun əbədi xatirə qalan şəklindən boylanan mehriban və qayğılı baxışları ovundurur. Bu baxışların qarşısında baş əyib deyirik: Sənsiz Səninləyik, əzizim!

Aylar keçər, illər ötər həmışə,

Qəlbimizdə çiçəklənib açarsan!

Mənalı bir ömür sürdün, əzızım,

İnsanların xatirində yaşarsan!...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar