Dekabrın 26-da “mandat qalmaqalı” videosunun əsas fiqurlarından biri olan Sevinc Babayevanın İstanbulda dünyasını dəyişməsindən bir il keçdi.

Bir il öncə məhz bu gün ölkə mediası sentyabrın 26-dan səs-sorağı kəsilən, harada olduğu bilinməyən S.Babayevanın İstanbulda qəflətən dünyasını dəyişdiyi barədə məlumat aldı.

Həmin gündən başlayaraq sonrakı bir ay ərzində bu xəbərin əks-sədası heç kəsilmədi. Bu xüsusda minlərlə yazı yazıldı. Çoxları bunun təsadüfi ölüm olmadığını deyir, sui-qəsdin nəticəsi, siyasi qətl olduğunu bildirirdilər. Heç bu gün də bu barədə birmənalı rəy yoxdur.

İlk vaxtlar nə yaxınları, nə də vəfat etdiyi günlərdə onun yanında olan şəxslər bu ölümün təfərrüatları barədə danışmadı. Amma aradan bir ay keçəndən sonra S.Babayevanın oğlu Ayxan Məmmədov anasının ölümündə başda sabiq deputat Gülər Əhmədova olmaqla, İstanbulda onu himayə etmiş türkiyəli iş adamı Səlcuq Ağlayanı suçladı. A.Məmmədov hətta sağlığında anasının G.Əhmədova tərəfindən zəhərləndiyini də iddia etdi.

Sonradan keçirilən rəsmi ekspertiza zəhərlənmə iddiasını doğrulamasa da, S.Babayevanın ürəyindəki problemlərdən sonra dünyasını dəyişdiyi açıqladı.(musavat.com)