“Qızım hər zaman Bakıda olub, xaricə filan qaçmayıb. Həmin günü də qızım səhər saat 9-dan dərsdə olub”.

Bu sözləri Publika.az-a açıqlamasında Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlı qızı Ülkər İsayevanın döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Rektor bildirib ki, həmin günü tələbələr yayılan şayiələrə etiraz edərək şikayət etmək istəyirmiş: “Ancaq mən onlara icazə vermədim. Çünki yenə deyəcəkdilər ki, özləri təşkil edib və sairə. Cəmiyyətin məni çox yaxşı tanıdığı üçün insanların mənim sözlərimə yox, dedi-qodulara inandığını görəndə təəssüf edirəm. Bu barədə çox danışmaq istəmirəm. Çünki bu barədə məsələ xüsusi olaraq şişirdilir. Mən sözümü demişəm. İndiyədək həyatında heç zaman yalan danışmayan, yalan danışmağın nə olduğunu yaxşı anlayan və cəmiyyətin tanıdığı bir adam olaraq, bu məsələ ilə bağlı sözümü çox dəqiq bildirmişəm. Yəni, dediyim kimi də olub və heç kəs mənim qızımı döyməyib. Belə şey həyatında olmayıb. Əgər bu cür hadisə olsaydı və doğrudan da, qızımı döysəydilər, o zaman mən böyük hay-küy salardım və hamı bunun nəticəsini görərdi. Bir daha söyləyirəm ki, qızıma qarşı belə bir hadisə olmayıb. Sanki mətbuat da bununla mənim qızımdan qisas almaq istəyirdi. Hətta həmin mətbuat orqanları qızım haqqında yazdıqları materialların nüsxəsini mənə göndərirdilər və əvəzində nə isə umurdular. Dalınca mənə işarələr gəlirdi ki, bəlkə, bir şey edəsən, biz də bunu dayandıraq.

Mən bu barədə Mətbuat Şurasına müraciət etməyə lüzum görmədim. Çünki mən bu barədə harasa müraciət etsəydim, bu məsələ daha da uzanacaqdı. Bu isə onlara lazım idi”.

Xatırladaq ki, bu il martın 9-da Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaşın bir qızı döyərək fiziki işgəncəyə məruz qoyması ilə bağlı video yayılmışdı. Mətbuat həmin qızın Hamlet İsaxanlının qızı Ülkər İsayeva olduğunu bildirir.

Lakin təkcə mətbuat yox. Hüquq-mühafizə orqanları - polis, prokurorluq, məhkəmə də rəsmi açıqlamalarla gecə saat 4 radələrində Elçin və Zaur Məmmədov qardaşları tərəfindən döyülən qızın Ülkər İsayeva olduğunu bəyan ediblər. Hətta qardaşlardan biri həbsə də atılıb. Belə olduğu halda Hamlet İsaxanlının açıqlamaları təəccüb doğurur. Hörmətli rektorun hüquq-mühafizə orqanlarını deyil, mətbuatı günahlandırması isə lap anlaşılmazdır. Əgər həqiqətən də Məmmədov qardaşları tərəfindən döyülən qız, Ülkər İsayeva yov, Hamlet İsaxanlının dediyi kimi, onun rəfiqəsi Katyadırsa, Azərbaycanın hüquq-mühafizə orqanlarının nə marağı var ki, reallığı təhrif edirlər. Ən əsası, Hamlet İsaxanlı bu faktın üstünə niyə getmir və mətbuatı, jurnalistləri ittiham etmək yolunu tutur?

Çox qəribədir...

Rasim ƏLİYEV

AzPolitika.info