Qocalığın təqvimlə bağlılığı varmı?

Zaman axını insan həyatının başlıca məhvəridir. Biz insanın yaşını, onun təqvimdəki doğum günündən başlamaq üzrə hesablayırıq. Təqvim yaşından fərqli olaraq, insanın bioloji saatı təkcə aylar və günlərlə ölçülmür. Bioloji saat əsas etibarilə bizim psixoloji yaşımızla bağlıdır.

Belə bir fikir var ki, bütün xəstəliklər psixoloji problemlərlə əlaqədardır. Orqanızmin cavan qalmasına təkcə düzgün həyat tərzi yox, həmçinin də düşüncə də mühüm təsir edir. İnsanın öz daxili dünyası ilə apardığı psixoloji mübarizə astma, qastrit, sinir mənşəli anoreksiya (iştahtdan kəsilmə-nervoz xəstəliyi) kimi xəstəliklərə, hədsiz yüksək stress isə infarkta yol açır. Alimlərin fikrinə görə, qocalma prosesi hansısa bir vakkum mühitində baş vermir. Elmin indiki inkişaf səviyyəsi qocalığın qarşısının necə alınacağını bilməsə də, ancaq hər halda bu prosesi ləngitmək mümkündür.

Əlbəttə ki, qocalıq prosesi bioloji yaşla əlaqədardır. Lakin qocalığı birbaşa təqvimlə bağlamaq da yanlışdır. İnsan müəyyən qədər yaşlaşdıqdan sonra özünü psixoloji olaraq, müəyyən mənada narahat hiss etməyə başlayır. Özünü yaşlamış hiss edən insanlar tədricən müəyyən bir davranış modelinə üstünlük verirlər. Əksər insanlar "mən yaşlaşmışam, mənim yaşıma uyğun deyil" kimi düşüncələrə qapılaraq, özlərini ətraf mühitdən təcrid edirlər. Herentoloq alimlərin fikrinə görə, bioloji yaşlanmaya təxminən 200-ə qədər müxtəif faktorlar təsir göstərir. Amma həmin faktorların necə olmasından asılı olmayaraq, psixoloji cəhətdən özünü yaşlı hesab etməyən insanların orqanizmi, digərlərinə nisbətən ziyanlı kənar təsirlərdən daha yaxşı qoruna bilir.

İntellekt psixoloji yaşa necə təsir göstərir?

“Scientific American” jurnalında dərc olunan məqalədə qeyd edilir ki, intellekt və uzunömürlülük arasınakı əlaqə, siqaret çəkməklə ağ ciyər xəstəliyi arasındakı əlaqə ilə müqayisə olunmalıdır. Burada söhbət təkcə ağıllı adamın daha az təhlükəli vəziyyətlərə düşməsindən getmir. Araşdırmaçı alimlərin fikirlərinə görə, dərrakəli insan ətraf mühitə asan uyğunlaşa bildiyinə görə nisbətən az stressə məruz qalır.

ABŞ-ın Mayo Clinic mərkəzinin mütəxəssisləri bildirirlər ki, psixoloji qocalıq insanın ətraf mühit üçün əhəmiyyətsizləşməsi və ya özünü köməksiz hiss etməsi zamanı başlayır. Belə bir çətin vəziyyətdən insanı onun beyninin aktivliyi qoruyur. Son illər aparılan çoxsaylı araşdırmalardan sonra belə bir nəticəyə gəlinib ki, təhsilə böyük vaxt ayıran insanların qocalıq dövründəki əqli gerilik riskləri xeyli dərəcədə aşağı düşür.

Təqvim hüceyrələri

İnsanın ruhi cəhətdən yaşlaşmasını nəzərdən qaçırmadan söyləmək olar ki, sosial normaların göstərdiyi neqativ təsirlər, bizi zərərli vərdişlərdən heç də az qocaltmır. Təqvim baxımından insanın hansı yaşda olması, onun real bioloji hüceyrə qurluşuna görə fərqli bir vəziyyəti də ortaya qoya bilər. Lakin buna baxmayaraq, bizim dünyamızda başlıca kriteriya olaraq, insanın neçə il, ay, gün yaşadığı əsas götürülür. Səhətindən və sosial inkişaf səviyyəsindən asılı olaraq, hər hansı bir şəxs, əsas etibarı ilə 30 yaşına qədər müəyyən bir məslək sahibliyinə yiyələnməli, ailə qurmalı, 55 yaşından sonra isə cəmiyyətin ehtiyat skamiyasına-pensiyaya yola salınmalıdır. Əgər insan 25 yaşında var-dövlətə yiyələnirsə, onun sosial statusu 55-60 yaşlı insanın statusuna qədər yüksəlir. Alimlərin fikrinə görə, belə bir statusa sahib olmaq, insanın psixoloji vəziyyətinə çox ciddi təsir göstərir. Yəni, həmin şəxs, əslində cavan olmasına baxmayaraq, özünü cəmiyyətdə tutuduğu statusa uyğun şəkildə aparmaq məcburiyyətində qalacaq və beləliklə də tədricən psixoloji cəhətdən özünü yaşlı hiss edəcək. Psixoloji yaşa təsir göstərən başlıca faktorlardan biri, şübhəsiz ki, həyat səviyyəsidir. Pitsburq tibb məktəbinin elmi araşdırmaçılarının gəldikləri qənaətə görə, insan üçün həddi buluğ yaşının 18 olmasına baxmayaraq, psixoloji cəhətdən avropalılar bu həddə 24-26 yaşlarında çatırlar. Bunun əsas səbəbi həyat şəraitinin yaxşı olması ilə əlaqədardır. Çünki belə olan şərtlər daxilində insanlar ailə qurmağa və özləri üçün hansısa karyera yaratmağa tələsmirlər. Beləki, insanların uşaqlıq dövründə ləngiyərək, qayğısız- infantil illər keçirməsinə daha çox imkanları olur.

Vaqif NƏSİBOV

AzPolitika.info