"Dünyanın geosiyasi üfüqündə yeni ulduzlar parlayacaq - Yaponiya, Türkiyə, Polşa, Meksika"
I hİSSƏ
«Amerikanın gücü o qədər nəhəngdir ki, onu əymək-sındırmaq real görünmür.
Ştatların gücü 21-ci əsrin sonunda pik həddinə çatacaq.
İradəsiz Avropa öz əhəmiyyətini itirəcək.
Çinin qalxınması (son dövrlərdəki iqtisadi inkişafı) sabun köpüyü kimi bir şeydir və artıq yaxın zamanlarda «partlayacaq».
Dünyanın geosiyasi üfüqündə yeni ulduzlar parlayacaq - Yaponiya, Türkiyə, Polşa, Meksika.
Rusiya postsovet məkanında nəzarəti bərpa edəcək, amma bundan sonra daha güclü dövlətlərlə rəqabətə dözməyib, tamamilə parçalanıb dağılacaq...».
Bu sətirlər amerikalı politoloq-analitik Corc Fridmanın kitabından götürülüb.

20-ci yüzilliyin «xronikası»
1900-cü ilin yayı. Təsəvvür edin ki, siz həmin dövrdə dünyanın paytaxtı sayılan London şəhərində yaşayırsınız. Avropa Şərq yarımkürəsi üzərində ağalıq edir və dünyada elə bir yer tapılmaz ki, ora birbaşa idarə olunmasa da, Avropa paytaxtlarının birindən dolayısı ilə nəzarət edilməsin. Avropada sülh şəraiti hökm sürür. Bunun sayəsində də o, indiyə qədər görünməmiş çiçəklənməyə nail olub. Həmin dövrdə ticarət və investisiya əlaqələri sayəsində Avropa ölkələrinin bir-birindən qarşılıqlı asılılığı o həddə yüksəlib ki, ağlı başında olan hər kəs düşünür - müharibələr artıq mümkün olmayacaq hala gəlib, mümkün olan hallarda isə barmaqla sayılacaq həftələr ərzində davam edə bilər. Ona görə ki, qlobal maliyyə bazarları belə gərginliyə dözə bilməz. Gələcək nikbin görünür - sülh və çiçəklənmə şəraitində yaşayan Avropa dünyanı idarə edəcək...
1920-ci ilin yayı. Dəhşətli müharibələr Avropanı parçalayıb. Qitə xarabalıqlar içində çabalayır. Avstriya-Macarıstan, Rusiya, Almaniya və Osmanlı imperiyaları artıq «yox olub», milyonlarla insan bir neçə il davam edən müharibələrdə həyatını itirib.
Sayı 1 milyondan artıq olan Amerika ordusunun müdaxiləsindən sonra burada müharibə, başlandığı kimi tezliklə də bitdi. Rusiyada kommunizm aparıcı gücə çevrildi, amma hələ aydın deyil ki, bu nə qədər çəkəcək. Avropa dövlətlərinin təsir dairəsindən kənar periferiyalarda yerləşən ölkələr - ABŞ və Yaponiya birdən-birə «böyük güc» statusu əldə ediblər. Bir məsələ də şübhə yeri qoymur - Almaniyaya qəbul etdirilən «sülh müqaviləsi» hələ uzun müddət ona dizlərinin qatını açmağa imkan verməyəcək...
1940-cı ilin yayı. Almaniya nəinki ayağa dura bilib, həm də Fransanı (bir hissəsini - red.) qəsb edib və Avropada dominant mövqeyə yüksəlib. Kommunizm quruluşu qorunub saxlanıb və Sovet İttifaqı nasist Almaniyası ilə müqavilə bağlayıb. Böyük Britaniya Almaniyanın qarşısında tək qalıb və ağlı başında olan hər kəsin fikrincə, müharibə artıq başa çatıb. Görüntü belədir ki, Avropanın taleyi artıq bir əsr əvvəl üçün həll olunub və Almaniya Avropa üzərində ağalıq etməli, onun imperiya varisi olmalıdır...
1960-cı ilin yayı. Almaniya müharibədə əzilib və yuxarıdakı tarixdən 5 il sonra məğlubiyyətə uğrayıb. İşğal olunmuş Avropa ABŞ və SSRİ arasında təxminən, yarı bölünüb. Avropa imperiyaları çöküb, ABŞ və SSRİ isə onların varisi olmaq uğrunda yarışır. Özünün müttəfiqlərinin köməyi ilə ABŞ Sovet İttifaqını «mühasirəyə alıb» və nəhəng nüvə silahı ehtiyatına malik olması sayəsində onu bir neçə saat ərzində məhv edə bilər. ABŞ qlobal fövqəlgücə çevrilib, bütün dünya okeanlarında ağalıq edir və nüvə silahının hesabına istənilən ölkəyə öz şərtlərini diqtə edə bilir. SSRİ dalana dirənib... Hamı yeni müharibəni gözləyir. Üstəlik də maoist Çin özünə xas olan fanatikliyi ilə hamı tərəfindən daha bir təhlükə mənbəyi kimi qəbul olunur...
1980-cı ilin yayı. Bu dövrdə ABŞ 7 illik müharibədə məğlubiyyətə düçar olur - Şimali Vyetnamdakı kommunist rejimi ilə müharibədə. Bütün dünyanın gözündə, həm də amerikalıların özlərinin etiraf etdiyi kimi bu, geri çəkilmədir. Vyetnamdan qovulmanın ardınca, amerikalılar İrandan da qovulur. Artıq amerikalıların nəzarət etmədikləri İran neft yataqları tezliklə SSRİ-nin əlinə keçəcək kimi görsənir. SSRİ-ni dayandırmaq məqsədilə ABŞ maoist Çinlə müttəfiqlik müqaviləsi bağlayır. ABŞ prezidenti və Çin kommunist partiyasının sədri Pekində dostluq görüşü keçirir. Kənardan belə görsənir ki, SSRİ sürətlə inkişaf edir...
2000-ci ilin yayı. Sovet İttifaqı tamamilə dağılıb. Çində formal olaraq kommunist dövlət quruluşu hələ davam edir, gerçəkdə isə artıq bu ölkə kapitalizmə keçib. NATO qoşunları Avropanın dərinliklərinə, hətta keçmiş SSRİ-nin bəzi ərazilərinə nüfuz edib. Dünya çiçəklənir və sakitlikdən zövq alır. Hamı anlayır ki, artıq əhəmiyyətinə görə, geosiyasi mülahizələr iqtisadi mülahizələrə uduzur və yerdə qalan digər problemlər (hətta xeyli mürəkkəb Haiti və Kosova problemi də) sırf regional xarakter daşıyır.
Əsrdən əsrə keçid...

Söhbət gələcəkdən düşərkən, müəyyən məqamda bircə məsələdə əmin olmaq mümkündür ki, sağlam düşüncəyə arxalanmaq səhv olardı. Heç bir sehrli 20-illik dövr (sikl) yoxdur ki, ona uyğun olaraq hər şeyi sadələşdirilmiş sxem üzrə idarə edəsən. Bütün məsələ bundan ibarətdir: uzunömürlü və dayanıqlı görünən dekorasiyalar tarixin ixtiyari anında heyrətləndirici sürətlə dəyişə bilir. Dövranlar bir-birini əvəz edir və beynəlxalq münasibətlərdə də dünya 20 il bundan sonra bu gün göründüyü kimi olmayacaq. SSRİ-nin çökməsi də ağılasızmaz görsənirdi. Belə məsələlərdə ənənəvi siyasi analitiklərin fantaziya etmək bacarığı yetərli olmur. Onlar ötəri prosesləri uzunmüddətli kimi qəbul edirlər və bu zaman hamının gözləri qarşısında baş verən dərin, uzunmüddətli dəyişiklikləri nəzərdən qaçırırlar.
Əgər biz 20-ci əsrin əvvəlində yaşamış olsaydıq, yuxarıda sadalanan hadisələri öncədən görmək (proqnoz etmək) mümkün olmazdı. Amma bəzilərini görmək olardı və mahiyyət etibarilə proqnoz da edilib. Məsələn, hələ 1871-ci ildə aydın idi ki, birləşmiş Almaniya dayanıqlı vəziyyətdə olmayan (o, Fransa və Rusiya arasında sıxılırdı) nəhəng gücə çevrilir və həm Avropada, həm də dünyada mövcud olan düzəni dəyişdirmək eşqi ilə alovlanır. 20-ci əsrin birinci yarısındakı münaqişələrin əksəriyyəti Avropada Almaniyanın statusu ətrafında yaranıb. Bu və ya digər müharibənin vaxtı və yeri barədə konkret fikir söyləmək mümkün olmasa da, Avropada çoxları müharibənin olacağını öncədən görür və deyirdi...
XXI əsrin astanasında dayanarkən, biz 20-ci əsrdə Almaniyanın birləşməsi effektinə ekvivalent şəkildə 21-ci yüzilliyin əsas hadisələrini müəyyən etməliyik. Avropa imperiyalarının və Sovet İttifaqının qalıqlarını bir kənara qoysaq, gözlərimizin qarşısında nəhəngliyi ilə seçilən bircə güc canlanar - ABŞ.
Şübhəsiz, günümüzdə belə bir təsəvvür yaranır ki, ABŞ yer kürəsinin müxtəlif bölgələrində xeyli «şübhəli işlər» görür. Amma vacibdir ki, bu keçici xaosa səni çaşdırmağa imkan verməyəsən. İqtisadi, hərbi-sənaye kompleksi və siyasi nöqteyi-nəzərdən ABŞ dünyanın ən güclü dövlətidir və heç kim onunla rəqabət aparmaq imkanında deyil. İspan-amerikan müharibəsilə olduğu kimi, 100 ildən sonra heç kim ABŞ-ın radikal islamçılarla apardığı indiki müharibəni xatırlamaq istəməyəcək, baxmayaraq ki, indi bu, cəmiyyətlərdə qızğın reaksiya doğurur.
Vətəndaş müharibəsindən sonrakı dövrdə ABŞ iqtisadiyyatı görünməmiş inkişafa nail olub. İndi ABŞ aramla inkişaf edən ölkədən Yaponiya, Almaniya, Çin və Britaniya dövlətlərinin birlikdə iqtisadi potensialını üstələyən iqtisadiyyata malik ölkəyə çevrilib. Həmin dövrdə ABŞ hərbi cəhətdən cüzi təsirə malik ölkədən, dünyaya tam ağalıq edən ölkə mövqeyinə gəlib.

Bunun səbəbi təkcə Amerikanın gücündə deyil. Bu, həm də dünyanın quruluşunda baş verən fundamental dəyişikliklərlə izah oluna bilər. Son 500 il ərzində dünyada beynəlxaq təsir mərkəzi Avropa olub, Avropaya aparan baş yol isə Şimali Atlantika. Kim Şimali Atlantikaya nəzarət edibsə, Avropaya girişə, eyni zamanda isə Avropanın dünyanın qalan hissəsinə girişinə nəzarət etmiş olub. Dünya siyasətinin coğrafiyası bu akvatoriya ilə ayrılmaz tellərlə bağlı olub.
Sonralar, 1980-ci illərdə maraqlı-təəccüblü bir hadisə baş verdi. Tarixdə ilk dəfə olaraq transsakitokean və transatlantika ticarət həcmləri bərabərləşdi! Bunun sayəsində İkinci dünya müharibəsindən sonra Avropanın bir sıra ölkələri dünyada yeni status qazandı, həm də dünyanın ticarət sitstemində baş verən dəyişikliyin nəticəsi olaraq, Şimali Atlantika özünün aparıcı rolunu itirdi. Bu zaman Şimaliatlantika və Sakitokean bölgələrinə nəzarət edən ixtiyari ölkə dünya ticarətinə nəzarət etmək və bununla da bütövlükdə, dünya iqtisadiyyatına nəzarət etmək imkanı əldə etmiş oldu. 21-ci əsrdə hər iki okeana çıxışı olan ixtiyari ölkə böyük üstünlüyə malik olur.
Dünyanın müxtəlif bölgələrində hərbi-dəniz donanmasının yaradılması və saxlanması xərclərinin yüksək olduğunu nəzərə alsaq, görərik ki, hansı ölkənin sahilləri iki okeanın suları ilə yuyulursa, o, beynəlxalq sistemdə dövrümüzün aparıcı oyunçusuna çevrilir - Britaniyanın 19-cu əsrdəki dominatlığını mümkün etmiş səbəbdən dolayı. Səbəb ondan ibarətdir ki, Britaniya nəzarət etməli olduğu dənizin «içində yaşayırdı».
Beləliklə, Şimali Amerika dünyanın cazibə mərkəzi qismində Avropanı əvəz etdi. Burada isə ağalıq edən dövlət dünya gücü baxımından faktiki dominantlıq qazanmış oldu. 21-ci əsrdə (ən azı) belə güc ABŞ olacaq...
Çevirdi: Mirzə AĞ
AzPolitika.info

Şərhlər