"O, bir qrup işçinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur"

Bir neçə gündür Azərbaycanda “maliyyə xəyanətlərinə” görə həbs olunan oliqarxlar sırasına daha biri qoşulub. Həbs olunan iş adamlarından biri də keçmiş millət vəkili, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilovdur. "Qafqazinfo”nun məlumata görə bir neçə həftədir ki, Plazada ciddi yoxlamalar həyata keçirilir və bunun nəticəsi olaraq mərkəzin sahibi həbs edilib.

İlkin informasiyalara görə, D.Xəlilov Beynəlxalq Bankdakı yeyintilərdə iştirakçılardan biridir. O, Plazanın mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında dünən aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə, bu kreditlərdən xəbərləri yoxdur.

Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı da həmin plazanın 3-cü mərtəbəsində yerləşib. Dünən sözügedən filialın da fəaliyyəti dayandırılaraq oradan köçürülüb.

Qeyd edək ki, bir neçə gündür Beynəlxalq Bankdan xeyli sayda iş adamının həbs olunması ilə bağlı məlumatlar yayılır. Onların Beynəlxalq Bankdan götürdükləri 100 milyonlarla bağlı krediti təyinatından yayındıraraq mənimsədikləri və dövlətə məxsus vəsaitləri geri qaytarmadıqları bildirilir. Artıq həmin şəxslərin əməlləri haqda informasiyalar araşdırılıb və bu fırıldaqlarda iştirak edən hər kəsin cəzalandırılması ilə bağlı adıımlar atılması qərara alınıb.Şərti olaraq "Cahangir Hacıyev işi" adlanan bu işlə bağlı 70-ə yaxın iş adamının həbs olunduğuna dair məlumatlar var. Onların arasında “Xəzər İsland” ın rəhbəri Hacı İbrahim Nehrəmli, neft oliqarxı Nizami Piriyev, Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı kimi tanınmış simalar var. Bəzi iddialara görə, Bayraq Meydanının bir neçə gün əvvəl işdən qovulan rəhbəri Rəşad Məmmədovun da Beynəlxalq Bankdan külli miqdarda kredit götürüb mənimsədiyi bildirilir. Bu haqda daha geniş YAZI saytımızda yerləşdirilib.

Həbs olunması barədə xəbər yayıyılandan xeyli sonra- axşam çağı Dünyamin Xəlilov məsələylə bağlı açıqlama verib: D. Xəlilov bildirib ki, gün ərzində ona həbs olunması ilə bağlı çoxlu sayda zənglər gəlib: "Bu xəbərlər həqiqəti əks etdirmir. Mən xəstəyəm və hazırda müalicə olunuram”.

Eks-deputat istintaqa dəvət olunub-olunmaması ilə bağlı sualı cavablandırmaqdan imtina edib. Bu isə Dünyamin Xəlilovla bağlı  yayılan məlumatların heç də həqiqətdən uzaq olmadığını  göstərir. Mümkündür ki, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilovun bir müddət saxlandıqdan sonra Beynəlxalq Bankdan götürdüyü kreditləri qaytarmaq üçün buraxılıb.

Rasim

AzPolitika.info