Avropa Birliyi Riqa keçiriləcək tərəfdaşlıq sammitində Gürcüstan, Ukrayna və Moldovanın öncə imzaladıqları assosiasiya sazişlərinin reallaşmasında onlara kömək edə bilər. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə bu barədə Latviya Xarici İşlər Nazirliyinin “Şərq tərəfdaşlığı” məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykans bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Belarusa gəlincə, onlara əməkdaşlığa dair xüsusi təklif veriləcək.
“Sammitdə “Şərq tərəfdaşlığı” siyasətinin yaxın iki il üçün əsas istiqamətlərini müəyyən edən bəyannamə imzalanacaq. Biz bütün ölkələrlə bərabərlik prinsipləri əsasında münasibətlər qurmaq istəyirik” – deyib Poykans.
O, Ermənistanla Avropa Birliyi arasında yeni müqavilənin imzalanacağını da istisna etməyib. “Bundan əlavə, sonrakı əməkdaşlıqla bağlı Azərbaycandan da təkliflər gözləyirik” - əlavə edib səfir.


Şərhlər