Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər qoşulub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dəfə saxlanılanlar da Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdir.

Həmin banka 200 milyon dollar borcu olan “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev də saxlanılıb.

Həbs olunanların siyahısında “Simurq” futbol klubunun prezidenti Anar Bəkirov da var. Saxlanılan hər üç şəxs "Bandotdel”ə aparılıb.

Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev həm "İnter" klubunun, həm "Simurq"un prezidentidir. Son günlər hər iki klubun dağılması ilə bağlı mediada xəbərlər yayımlanırdı.Bunu səbəbi kim isə maliyə problemi göstərilirdi. Kluba ayrılan vəsaitlərin mənimsənildiyi istisna olunmur.

“Simurq” Peşəkar İdman Klubunun həbs olunduğu deyilən prezidenti Anar Bəkirov ANS PRESS-ə açıqlamasında saxlanılmadığını bildirib: "Mənim həbs olunmağımdan söhbət gedə bilməz. Bu yayılan məlumatlar yalandır. Hazırda hüquq mühafizə orqanları tərəfindən istintaqa çağırılmışam".

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev isə bildirib ki, istintaq başa çatdıqdan sonra məsələ ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, dünən Nərimanov Rayon Məhkəməsi kredit dələduzluğu işi üzrə daha bir oliqarxın barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov həbs edilib.“İnter Glass” şirkətinin prezidenti 50 milyon dollarlıq mənimsəmədə ittiham olunur. Fariz Muradov Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevə yaxın şəxsdir.

“İnter Glass” şirkətinin Bakının Qaradağ rayonunda, Salyan şosesi, 25 ünvanda nəhəng “İnter Glass Azerbaijan” şüşə məmulatları zavodu var. Zavod 2008-ci ildə açılıb, Qafqaz regionunda şüşə butulkalar və digər şüşə taralar istehsal edən ən iri zavoddur. Şirkətin məlumatlarında göstərilir ki, zavodun açılmasına Beynəlxalq Bank 5 milyon avro kredit ayırıb. Bu haqda saytımızda ətraflı məlumat verilib

Xatırladaq ki, ötən həftədən Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri "Bandotdel"də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar və istintaqa cəlb edilənlər arasında neft oliqarxı Nizami Piriyev, "Xəzər adaları" adlı  mifik layihənin müəlifi Hacı İbahim Nehəmli,  “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.

Murad

AzPolitika.info