Bu gün Volqoqrad şəhərində trolleybusda baş verən terror aktı terrorçu-kamikadze tərəfindən törədilib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

İlkin məlumatlara görə, terrorçu kişi olub. Onun bədəninin hissələri toplanaraq ekspertizaya göndərilib. Partlayıcı qurğunun gücü 4 kq trotilə bərabər olub.

***

Bu gün Rusiyanın Volqoqrad şəhərində daha bir partlayış törədilib. Hadisə səhər saatlarında trolleybusda baş verib.

İlkin məlumatlara görə partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfərdən artıq insan yaralanıb. Hadisə pik saatda törədilib, nəqliyyat vasitəsi parça – parça olub.

Fövqəladə hadisəsi zamanı aşkar olunmuş fraqmentlər nəticəsində və partlayışın xarakteri hadisəni terrorçunun törətdiyi zənn edilir. Hadisə yerinə bütün təcili xidmətlər, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələri də çağırılıb. Partlayış faktını Rusiya Federasiyasının FHN və Daxili İşlər Nazirliyi təsdiq edib.

Bu, son aylarda Volqoqradda törədilən üçüncü partlayışdır. Bazar günü dəmiryol vağzalında kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı isə 17-yə çatıb. Oktyabrda da Volqoqradda avtobusun partladılması nəticəsində 6 nəfər ölmüşdü.