“Xəzər adaları”nın (Khazar İslands) prezidenti Hacı İbrahim Nehrəmli 3 aydır ki, həmin adada çalışan işçilərin əmək haqqını vermir. Bu barədə isə “Şərq”ə şirkətin adını çəkilməsini istəməyən fəhlələrindən biri bildirib. Mənbənin məlumatına görə, onlar sonuncu dəfə fevral ayında maaş alıblar: “Bir müddətdir ki, orada fəhlə işləyirəm. Əvvəllər maaşlarımızda müəyyən gecikmələr olsa da, ala bilirdik. Amma indi 3 aydır ki, aylıq üzü görmürük. Hər gün aldadırlar ki, bu gün əmək haqları paylanılacaq. Amma heç nə verilmir. Nə qədər gözləmək, dözmək olar? Rayondan bura gəlmişik ki, ailəmizə 5-3 manat çörək pulu qazanaq. Kirayə haqqını və çörək pulunu dost-tanışdan alıb birtəhər dolanırıq. Artıq fəhlələrin 95 faizi işdən çıxıb. Etiraz aksiyası keçirmək istəyirlər. Aylıqlarının verilməsini tələb edirlər. Insanı işlədib pulunu vermirlər. Belə olmaz axı”.
Göründüyü kimi, Hacı İbrahim Nehrəmli işçilərinin də pulunu verməyib. Bundan sonra verəcəyi də inandırıcı görünmür. Çünki hələ Beynəlxalq Bankdan götürdüyü krediti ödəməlidir. İşçilərin pulunun verilməməsi isə “Xəzər adaları”nda qiyama səbəb ola bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl «Bandotdel»ə aparılan Hacı İbrahim Nehrəmli sonra sərbəst buraxıldı. O, sərbəst buraxılanda baş verənlər haqqında bunları demişdi: “Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, ”Khazar Island" layihəsini həyata keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur".
Yəni, Hacı Ibrahim Nehrəmli mayın 19-na qədər Beynəlxalq Banka olan 78 milyon dollar borcunu qaytarmalı idi. Amma deyəsən borcunu qaytarmağa pul tapa bilməyib. Çünki o, yenidən saxlanılıb. Onun növbəti dəfə «Bandotdel»ə aparıldığı bildirilir.
Bu arada yayılan məlumatlara görə, Hacı İbrahimin əmlaklarını satışa çıxarması bildirilir. Satışa çıxarılan əmlaklar arasında daşınmaz obyektlər, bahalı avtomobillər var. Krediti qaytarmayacağı təqdirdə, həbs təhlükəsi ilə üz-üzə olduğu «Avesta» rəhbərinə anladılandan sonra, yaxın adamları vasitəsilə hərəkətə keçdiyi bildirilir.
Yeri gəlmişkən, məlum olur ki, «Avesta» adlanan «holdinq», «konsern» də quru addan başqa bir şey deyilmiş. 150 milyardlıq layihəyə girişən «holdinq»in rəsmi əmlakı – dəyəri yoxdur. «Avesta» yazısının üstündə yazıldığı binanın da satışa çıxarılması barədə məlumat yayılıb. «Gənclik» metrosu yaxınlığında, T.Əliyev küçəsində yerləşən «Avesta» binasının isə sənədlərinin satış üçün hazır olmadığı məlum olub.
Son günlər «Avesta», ümumiyyətlə, fəaliyyətini dayandırıb. Tikinti işləri ilə az-çox məşğul olan, «konsernə» daxil olan şirkətlər də iflic vəziyyətindədir. Rəsmən işçi kimi sənədləşdirilmiş 5-10 nəfər də şirkətin bağlanacağı günü gözləyir. Yeri gəlmişkən, maraqlısı odur ki, «150 milyardlıq» layihəni həyata keçirən şirkətin rəsmi işçilərinin sayı barədə məlumat verilmir. Keçən həftənin sonundan «Avesta»da həyat dayanıb. Binaya isə real alıcının tapılacağına ümid yoxdur.

V.Nəsibov
AzPolitika.info

Şərhlər