Putin hakimiyyətə gəldikdən sonra Rusiya büdcəsinin neft və qazdan asılılığı 30%-dən, 50%-ə qədər yüksəlib
Keçmiş baş nazir Yevgeni Primakov xəbərdarlıqla bildirmişdi ki, əgər Vladimir Putin Ukraynaya qarşı yürütdüyü siyasəti davam etdirərsə, onda Rusiya nef asılılığından çıxa bilməyən və kənara itələnmiş üçüncü dünya dövlətinə çevriləcək (Forbes).
Rusiya 2015-ci ilə qədəm qoyub, onun iqtisadi göstəriciləri Primakovun sözlərini təsdiqləyir. Sözsüz ki, ölkənin taleyi iqtisadi faktorlardan asılıdır. Amma həmin faktorlar Rusiyanın nəzarətində deyil. Bəllidir ki, enerji daşıyıcılarının qiyməti Rusiya tərəfindən tənzimlənmir. Digər tərfdən isə Rusiyanın taleyi, ölkədə rejim dəyişikliyinin baş verəcəyindən xoflanan Putinin beynəlxalq arenadakı avantürasından da asılıdır. Rus xalqına pafosla inkişaf və sabitlik sözünü vermiş Putin, bundan sonra dediklərini çətin ki, həyata keçirə bilsin. 2008-2009-cu illərdəki maliyyə böhranından fərqli olaraq, Rusiya uzunmüddətli və dərin böhran təhlükəsi ilə qarşı-qarşıyadır.
- İki böhran arasında müqayisə
Yeddi illik qısa bir müddət ərzində Rusiya iqtisadiyyatı iki dəfə güclü ildırım zərbəsi ilə qarşılaşıb. 2008-2009-cu illərdə dünyada neft qiymətlərinin kəskin aşağı düşməsi və kredt bazarının çökməsi ilə müşahidə olunan sərt böhranın tüğyan etdiyi dövrdə Rusiya iqtisadiyyatı ciddi şəkildə laxlamışdı. Həmin dövrdəki böhran qasırğasının təsirləri, digər ölkələrə nisbətən Rusiya üçün daha ağrılı keçmişdi. Ölkənin Ümumi Daxili Məhsulu 8% azalmışdı. Lakin həmin böhran çox tez sovuşdu. Çünki neftin qiyməti tez bir zamanda yüksəldi, dünya kredit bazarı isə tədricən əvvəlki mövqeyinə qayıtdı.
2010-2011-ci illərdə iqtisadi böyümə tempi təxminən 5% artsa da, Ukrayna hadisələri ərəfəsində həmin yüksələn inkişaf tempi artıq xeyli dərəcədə aşağı düşmüşdü. 2014-cü ilin ortalarından başlamaqla, Rusiya iqtisadiyyatı yenidən böyük sarsıntılarla üzləşdi. 2008-2009-cu ilərdəki iqtisadi böhran ilə indiki böhran arasında fərq elə də böyük deyil. Ancaq Rusiya iqtisadiyyatına dəyən ikinci zərbə dalğasının təsiri, əvvəlkinə görə daha uzun çəkir. Belə görünür ki, enerji resurslarının qiymətləri, hələ xeyli müddət aşağı səviyyədə qalacaq. Ukraynada sülhə nail olmaq yolunda Rusiya ciddi addımlar atmadığı təqdirdə sanksiyalar da aradan qaldırılmayacaq.
Bəs, görəsən Rusiya ikinci dəfə iqtisadi yüksəlişə hansı üsullarla nail olacaq? Fikir müxtəlifliyinə baxmayaraq, yaxın perspektivdə neft qiymətlərinin aşağı səviyyədə qalacağı gözlənilir. Qərbin tətbiq etdiyi sanksiyalar ucbatından, öz şirkətlərini maliyyələşdirmək məqsədi ilə Rusiyanın yeni mənbələr tapması hədsiz müşkül işə çevrilib.
- Hazırkı böhranın dərinliyi və müddəti
Keçmiş gələcəyin, mükəmməl olmasa da, hər halda yol bələdçisi sayılır. Bir-birinə bənzəyən iki iqtisadi böhran, təxminən eyni və oxşar faktorlar sayəsində baş verib. Əgər 2015-2016-cı illər üçün gözlənilən əsas iqtisadi göstəricilərə nəzər yetirsək, onda 2015-ci ilin iqtisadi geriləmə ili olacağı heç bir şübhə doğurmur. Başqa yandan isə indiki vəziyyət müəyyən qədər 2016-cı ildə də davam edəcək kimi görünür.
Rusiyanın Ümumi Daxili Məhsulunun aşağı düşməsinin səbəbləri bəllidir. Bunlar neftin qiymətinin enişə keçməsi, ölkəyə xarici sərmayələrin gəlməməsi və valyuta ehtiyatının azalması ilə bağlı olan məsələlərdir. 2008-2009-cu illərdən fərqli olaraq, indiki vəziyyətin yaxşılaşacağına dair heç üfüqdə də hər hansı bir müsbət əlamət görünmür. Rusiya yaxın dövrlər üçün iqtisadi göstəricilərin mənfi istiqamətdə olmasına uyğunlaşmalıdır. Belə proqnozlar Kreml üçün bədbin və xoşagəlməz bir siqnaldır. 2015-ci ildə Rusiyadakı sənaye istehsalının həcminin 8,2%, 2016-cı ildə isə 6,4% azalacağı gözlənilir. Əgər irəlidə də neftin qiyməti yüksəlməzsə və sanksiyalar isə qaldırılmazsa, onda çox güman ki, iqtisadi geriləmə 2016-cı ildən sonra da davam edəcək.
- Rusiyanın iqtisadi böyüməsi üçün alternativ proqnozlar
Rusiya iqtisadiyyatının böyüməsinə dair müxtəlif proqnozlar mövcuddur. Anacaq onların heç birini ürək açıcı adlandırmaq olmaz. Həmin proqnozlar içərisində ən nikbini, Rusiya İqtisadi İnkişaf nazirinin proqnozudur. Nazirin sözlərinə görə, 2015-ci ildəki 3%-lik iqtisadi geriləmə 2016-cı ilin yüksəlişi hesabına kompensasiya ediləcək.
Lakin 2014-cü ilin dekabrında Rusiyanın Mərkəzi Bankı, 2015-ci ilin Ümumi Daxili Məhsulunun mənfi 4,6% olacağı barəsində proqnoz vermişdi. Qəribədir ki, Kremllə yanaşı, kütləvi informasiya vasitələri də bu məlumata lazımınca diqqət yönəltməmişdilər. Halbuki Mərkəzi Bankın proqnozları, Beynəlxalq Valyuta Fondunun (-3,8%) proqnozundan da bədbindir.
- Hər tərəfdən gələn pessimist xəbərlər
İqtisadi böyümə haqqında bədbin proqnozların səsləndirilməsi üçün, bir sıra əsaslı amillər var. Gömrük daxilolmalarının üçdə bir qədər aşağı düşməsi və 2015-ci il üçün büdcə gəlirlərinin 2,5 trilyon rubl (50 milyard dollar) həcmində azalması fonunda, Rusiya Maliyyə Nazirliyi administrativ göstərişlərlə büdcədə böyük kəsintilərə gedilməsinə qərar verib. Bununla yanaşı Rusiya hökuməti 2015-ci il üçün xalis kapitalın ölkədən çıxmasının 80 milyard dollar azalacağı barədə nikbin proqnozlar da söyləyir. Amma bu proqnoza baxmayaraq, dövlət büdcəsinin 3,7% həcmindəki kəsiri, ölkə iqtisadiyyatını 150 milyard dollar həcmində investisiya qoyuluşundan məhrum edəcək.
Rəsmi şəxslərin nikbin proqnozlarını hesaba almasaq, 2015 və 2016-cı illərdə Rusiyanı qaranlıq bir perspektiv gözləyir. Təcrid olunmuş bu ölkə, enerji daşıyıcılarının qiymətinin qalxmasına ümid bəsləyərək, xeyli çətinliklər yaşayacaq. Bütün bu müddət ərzində isə Kremlin təbliğat maşını hər şeyin necə də yaxşı olması barəsində nağıllar danışacaq. Lakin artıq rusiyalılar da bunların yalan olduğunu görürlər. 16 aprel tarixində özünün xalqla birbaşa televiziya görüşündə prezident Putin iqtisadiyyatın normallaşması və neftdən asılılığın azalmasını xüsusi vurğu ilə qeyd edib. Putin sanksiyaları ölkə üçün hədsiz böyük yük yox, kənd təsərrüfatı və milli iqtisadiyyatın inkişafı üçün əlverişli imkan kimi dəyərləndirib. Baş nazir Dmitri Medvedyev parlamentə müraciətində neft qiymətinin aşağı olması və sanksiyaların təsirindən ikiqat çətin vəziyyətə düşdüklərini etiraf edərək, bildirib ki, dövlət üzərinə düşən sosial öhdəliklərin hamısını tamamilə yerinə yetirəcək. Ancaq Medvedyevin bu sözlərinə baxmayaraq, büdcə ilə bağlı rəqəmlər həmin vədlərin yerinə yetirilməyəcəyini göstərir.
- Görülən tədbirlər məhdud xarakterlidir
Dövlət gəlirlərinin kəskin itkisi və xarici investisiyalardan məhrum olan Kreml, büdcədə əmələ gələn çatlaqları doldurmaq məqsədilə, fövqəladə tədbirlərlə Rusiyanın Ehtiyat Fondunu əridir. Bütün bu tədbirlər müəyyən bir müddət üçün ağrıkəsici rolunu oynayır. Belə hərəkətlər sadəcə olaraq, vəziyyətin nə zamansa düzələcəyinə ümid bəsləməklə vaxt udmaqdır.
Maraqlısı odur ki, baş nazir Dmitri Medvedyev bütün çətinliklərin günahını NATO, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ-ın üzərinə yıxaraq, bildirib ki, bu güclərin əsas məqsədi Rusiyada hakimiyyət dəyişikliyinə nail olmaqdır. Ancaq hər halda rus xalqı Putindən hakimiyyətə gəldiyi vaxt ölkə iqtisadiyyatını neft və qaz asılılığından qurtaracağı barəsində verdiyi sözü nə üçün yerinə yetirmədiyini də soruşa bilər. Çünkü Putin hakimiyyətə gəldikdən sonra Rusiya büdcəsinin neft və qazdan asılılığı 30%-dən, 50%-ə qədər yüksəlib.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər