KİMDİR MÜQƏSSİR?

Bir faciə ətrafında fikir “variasiyaları”

Xalid NİYAZOV

Baş vermiş hadisə müdhişdir, ağırdır. Olmamalı idi!

Görüntülər və nəticə insanın ürəyini parçalayır. Zatən, 16 qəlbin çırpıntısı durdu!

Görəsən, bu sonuncudurmu?

Görəsən, günahsız insanlar bir daha bir ovuc kəmfürsətin, julikin, müftəxorun tamahının qurbanına çevrilməyəcəkmi?!

Bəli, bu məsələdə cinayət qanunvericiliyində konkret maddələrin tərkibini yaradan səlahiyyətdən sui-istifadə halı da var, səhlənkarlıq, tamahkarlıq da var, eyni zamanda hüquqla deyil, əxlaqi kriteriyalarla üz-üzə duran vicdansızlıq, insaniyyətsizlik, biganəlik də!..

Televizorun düyməsini basmağa peşimansan... onlarla kanalın xəbər xidməti dünyanın dörd bir yanında baş vermiş təbiət kataklizmləri, texnogen faciələr, kriminal xronika və daha nələrlə evimizə soxulub ovqatımızı təlx edir. Vaysınırıq, 10 minlərlə kilometr uzaqdakı insanların halına yanırıq, dərdinə şərik oluruq,

Ancaq düşünürükmü?

“Gözü çıxmış” qonşunun başına gələnlərdən dərs alırıqmı, nəticə çıxarırıqmı?

Yəqin deməyə ehtiyac yoxdur ki, Bakıda, Binəqədi rayonunda baş vermiş yanğın nə Allahın işidir, nə də ki, texnogen qəzadır! Səbəbi, barəsində xüsusi istintaq qrupunun yaradılmasına ehtiyac olmayacaq qədər bəsitdir: – özbaşınalıq + tamah = məsuliyyətsizlik!

Bəndənizin “daşı ağırdır” deyə şəhər təsərrüfatı, burada kök salmış “dairəvi ələbaxımlıq”, korrupsiya, qanunsuzluq və bir çox başqa mətləblər barədə danışmaq istəmirəm. Ancaq ölkə Prezidentinin yanındakı toplantını izlədikdən sonra jurnalistliyin fövqündə bir də vətəndaş kimi bəzi məqamlara münasibətimi bildirməkdən vaz keçə bilmədim.

* * *

Avropa oyunları qarşısında 15 insanın canını almış belə bir faciənin baş verməsi ölkədəki idman təntənələrinin əhval-ruhiyyəsinə “soğan doğramaqdan” əlahiddə həm də şəhər təsərrüfatındakı çox gözəl işlərlə yanaşı, artıq kütləvi miqyas almış məsuliyyətsizliyin, podrat işlərinin bölüşdürülməsində ələbaxımlığın, tenderlərdə korrupsiyanın və s. bariz nümunəsidir. Və bütün bu neqativ proseslər o qədər həyasızcasına, açıq-aşkar icra edilir ki, görməzdən gəlmək, qulaqardına vurmaq, sadəcə, mümkün deyil.

Artıq şəhər sakinlərində belə bir rəy yaranıb ki, hətta görülən kifayət qədər yaxşı işlərin arxasında da bir merkantil məmur marağı durmasa, həmin işlər icra olunmaz. Doğrudan da, bunları görmək, eşitmək və idrak etmək ağırdır, həm də ağrıdır.

Ölkə Prezidenti daha nə etməlidir ki?!

Azərbaycanın ən ucqar kəndini belə “yaddan çıxarmayan” quruculuq işləri onun adı ilə bağlıdır. Bəzən “çəngəl-bıçağı” belə düz-əməlli tuta bilməyən icra başçılarını dünyanın ən inkişaf etmiş şəhərlərinə göndərdi ki, gedin, baxın, öyrənin, gəlin və görüb-götürdüyünüz nə yaxşı şey varsa, tətbiq edin. Doğrudan da, bu təşəbbüsün gözəl nəticələri oldu.

Dövlət başçısının bəhs etdiyi “Azərbaycan standartları” özünü tək idmanda, mədəniyyətdə, sosial-siyasi seqmentdə deyil, həmçinin şəhərsalma siyasətində, şəhər və qəsəbələrin simasında da göstərir.

Amma təəssüflər olsun ki, ümumi işə münasibətdə, şəxsi tamah və nəfsin “azdırılmasında” tələb olunan “standartlara” əməl olunmaması tək maddi deyil, mənəvi-əxlaqi aşınmaya da səbəb yaradır, insan tələfatlarına gətirib çıxarır.

Bəs kimdir günahkar?

* * *

Dövlət Komissiyasının iclasında Prezident İlham Əliyev həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra yüksək qədirşünaslıq nümunəsi göstərərək xilasetmə əməliyyatlarında iştirak etmiş bütün insanlara - səhiyyə işçilərinə, xilasedicilərə, polis əməkdaşlarına böyük peşəkarlıq və fədakarlıq nümayiş etdirdikləri üçün dərin minnətdarlığımı bildirdi.

Prezident yanındakı müşavirədə yüksək rütbəli məmurların çıxışlarında bir ifadə diqqətimi çəkdi: - "Cənab Prezident, Sizin tapşırığınıza əsasən...”

Hm! Çox düşündürücü və qəribə ifadədir. Əslində, ali rütbəli şəxsə müraciətdə bütün protokol qaydalarını nəzərdə tutan müraciət formasıdır. Amma səmimiyyət çatışmır. Niyə? Çox sadə! Çünki əgər Prezidentin verdiyi tapşırıqlara əməl olunsa idi, bu cür hadisələr, ümumiyyətlə, baş verməzdi.

Qoyulmuş “cızıq” keçiləndə, işarələnmiş “mərz” tapdananda, verilmiş tövsiyə, tapşırıq bəzi qulaqlara “vız” gələndə bu cür dəhşətlər yaşanır.

Şəxsən mən bu düşüncənin sahibiyəm və bu fikrimdə də israrlıyam ki, Prezident komandasının bəzi üzvləri onun ifrat kübarlığından, alicənablığından, insanpərvərliyindən sui-istifadə edirlər. Belələri “kökə” əvəzinə “qamçıya” daha çox layiqdirlər.

İlham Əliyev az qala keçirdiyi hər müşavirədə məmurları təvazökarlığa, səmimiyyətə çağırır, özünün, ailəsinin şəxsi nümunəsi ilə bu adamları xeyirxah işlər görməyə, xalqla səmimi ünsiyyətə dəvət edir. Məhz onun iradəsidir ki, ayağı illərlə Azərbaycanın ən səfalı guşələrindəki iqamətgahlarını ziyarət etməkdən savayı bir başqa rayona dəyməyən nazirlər əyalət camaatının “ayağına” gəlirlər, insanların dərd-səri ilə, belə demək mümkünsə, evlərinin kandarındaca maraqlanırlar. Niyə? Çünki özünü xalqının – Bir nömrəli xidmətçisi – adlandıran Prezidentin naziri də çörəyini yediyi xalqın nazı ilə oynamalıdır. Ümumxalq məmnuniyyətinin formulu yalnız budur.

* * *

Gələk, sözümüzün “mustafası”nın üstünə.

Və gəlin faktların üzünə kişayana, şax baxaq. O şoqərib üzlük materialların “odadavamlı” olmaması, nə bilim kimlərinsə kimlərisə aldatması nəticədir. Səbəbsə yüksək səviyyədə bəyan edildiyi kimi, məsuliyyətsizlikdir. Necə deyərlər, “divardan asılmış tüfəng əvvəl-axır atəş açası” idi.

Heç şübhəsiz, müqəssirlər dairəsinə kimlərin daxil olduğu ən üst səviyyədə məlumdur. Sadəcə, dövlət ağzıgöyçəklərin ağzına saqqız atmamaq üçün hər şeyin “kamali-səliqə” ilə, dəlil-sübutla, istintaqla ortaya çıxmasında maraqlıdır.

Bu qəbildən Prezidentin rəhbərliyi ilə keçirilən Dövlət Komissiyasının ilk iclası bəzi mətləblərə işıq sala bildi.

İlk növbədə məlum oldu ki, dövlət başçısının barmaqları daima ölkədə aparılan genişmiqyaslı işlərin nəbzindədir və o baş vermiş ani bir “aritmiya”ya belə anındaca reaksiya verir: “Mən Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələ qaldırdım ki, ilk növbədə, təmir keyfiyyətlə aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır.

Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır”.

Nəticə etibarilə, Prezident onu aldatmış şəxslərin dairəsini bəlirləmiş oldu. Əgər təsəvvür etsək ki, abadlıq-quruculuq işləri respublikanın baş meqapolisində konkret kimlərə həvalə olunub və açılış törənində ölkə başçısını məhz kimlər müşayiət edir, onda “yalançıların” şəxsiyyətini təxmin etmək bir o qədər də çətin olmaz.

Cənab İlham Əliyev ən azı mütəxəssis peşəkarlığı göstərərək binaların təmirində istifadə olunan materialların harada istehsal edildyi və ya haradan idxal olunduğu, onlara uyğunluq sertifikatını kimin verdiyi, hansı ekspertizadan keçdiyi, kimin rəy verdiyi ilə bağlı cavabsız suallar ünvanladı. Hansı ki, bu sualları zamanında şəhər və rayon İcra hakimiyyətlərinin əlaqədar xidmətləri, tikintidə işlərin təhlükəsiz aparılmasına cavabdeh qurumlar qaldırmalı və cavab almalı idilər. Gündə Milli Məclisdən bir dəyişiklik “keçirib” hədsiz səlahiyyətlər “məngirləmək”, sadə insanlara çeşidli əngəllər yaratmaq çətin iş deyil. Əsas məsələ vəzifələndirildiyin, öhdənə düşən işləri vicdanla, şəxsi maraq güdmədən həyata keçirməkdir.

Məlum oldu ki, Prezidentin abadlıq siyasətini sabotaj edənlər 300-ə yaxın binanı tərkibi müəmmalı dekorativ üzlüklə “minalayaraq” paytaxtı əsil barıt çəlləyinə çeviriblər. Və ölkə başçısı öz vətəndaşlarının can və mal varlığını gözə alaraq həmin binaların yenidən ekspertizadan keçirilməsini tapşırır.

Olası işdirmi bu? Əcəba, budamı prezidentlikdir?

Prezident ölkənin daxili və xarici siyasətinin qayğısına qalsın, iqtisadiyyatın inkişafı ilə məşğul olsun, dörd bir yandan dişini qıcayıb Azərbaycanı parçalamağa hazır beynəlxalq güclərə sinəsini sipər etsin yoxsa şəhər təsərrüfatı ilə, kommunal məsələlərilə məşğul olsun?!

Görəsən, bu işlərə məsul adamlarda bir tikə vicdan varmı?

Hərdən düşünürsən ki, idman oyunlarının təşkilati işlərinə rəhbərlik Birinci xanım Mehriban Əlyevaya deyil, həmin çinovniklərdən birinə etibar edilsə idi, çox güman ki, bu gün möhtəşəm idman qurğuları ilə deyil, onların “poliuretan” maketi ilə qarşılaşardıq.”Əmin ola bilərsiniz”!

* * *

Bilmirəm, bəlkə mənə belə gəlir, amma Dövlət Komissiyasının üzvləri arasında ən işgüzar və faktlara istinad edən, eləcə də bir çox məsələlərin üzərindəki müəmmanı “suyun üzərinə çıxaran” çıxış Baş prokuror Zakir Qaralova məxsus idi. 56 ailəyə fəlakət gətirmiş üzlük materiallarına uyğunluq sertifikatının verilməsinin mənbəyini açıqlayan Baş prokurora Prezident tərəfindən materialın odadavamlılığı ilə bağlı arifanə verilmiş sualı “bostanına daş atılmış” “fövqəlnazir” cavablandırmalı oldu. Rusların sözü olmasın, “kirpiyə də məlumdur” ki, bu sayaq işlərin “xeyir-dua”sı Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən verilir. Ancaq sən demə, istehsalçılar yanğınsöndürənləri insafsızcasına “aldadıblarmış”.

Və bu mükalimə belə bir gerçəkliyin üzərindən də məsuliyyətsizlik və özbaşınalıq pərdəsini götürdü ki, sifarişçi qismində çıxış edən rayon İcra hakimiyyətləri çox vaxt Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmətlərinin xəbərdarlıq məktublarına məhəl qoymurlar və podratçı ilə də münasibətlərini rəsmiləşdirmirlər.

Prezident öz çıxışında son illər gözəlliyi dünyanı heyran qoymuş Bakının “baş töhmətinə” çevrilən qanunsuz tikintilər məsələsinə də toxundu, bir daha yerlərdəki nümayəndələrinə ciddi xəbərdarlıq etdi. Və bu, bir başqa, az aktual sayılmayacaq mövzunun predmeti olduğu üçün haqqında ayrıca fikir bildirməyi düşünürük.

* * *

Dünyada insan həyatından qiymətli nemət yoxdur. Ölüm haqdır. Kimin alnına nə yazılıbsa, odur. Ancaq hansısa kəmfürsət məmurun, tamahkar sahibkarın məsuliyyətsizliyinin qurbanına çevrilmək bir ayrı dərddir.

Heç şübhəsiz, müqəssirlər, Prezidentin də söylədiyi kimi, ən sərt şəkildə cəzalandırılacaqlar. Ancaq o körpə “fidanlar” qayıdacaqmı?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar